Məhkəmə qərarları › İş №3(111)-29/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-29/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-29/2023 25.08.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 iclas katibliyi, tərcüməçi X2 iştirakı ilə 01 yanvar 1964-cü ildə Türkiyə Respublikasının Şanlıurfa şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Baş Gömrük İdarəsindən məhkəməyə daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə tərtib edilmiş 8 avqust 2023-cü il tarixli 18000-00555/23 nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə saat 23:05-də Kəngərli rayonun inzibati ərazisində yerləşən “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən, Türkiyə Respublikasının vətəndaşı, Şəxs idarə etdiyi 33ABV790/47NL964 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı yük nəqliyyat vasitəsinin qoşqusunun soyuducu motorunun arxa hissəsindəki boşluqda və qoşqunun ön hissəsində olan qoruyucu profillərin boşluqlarında gizlədilmiş şəkildə ümumi sayı 407 qutu (8140 ədəd) aksiz markası ilə markalanmayan “Oscar” markalı siqaretlər aşkar edilmiş və protokol əsasında qablaşdırılaraq götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə dəvət olunmuş, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş, lakin heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında göstərmişdir ki, 02 avqust 2023-cü il tarixində gömrük ərazisində olarkən, Hüseyn adlı gömrük əməkdaşı onu dəvət edərək bir yük nəqliyyat vasitəsinə baxış keçirilməsi ilə əlaqədar hal şahidi kimi iştirak etməsini xahiş etmiş, bununla razılaşmış və daha sonra həmin nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqusunun soyuducu motorunun arxa hissəsindəki boşluqda və qoşqunun ön hissəsində olan qoruyucu profillərin boşluqlarında gizlədilmiş şəkildə ümumi sayı 407 qutu (8140 ədəd) aksiz markası ilə markalanmayan “Oscar” markalı siqaretlər aşkar edilmiş, sonra isə həmin aşkar edilmiş həmin siqaretlər barədə sənədlər yazılmiş və həmin sənədləri imzalamişdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 izahatında Şahid2 ilə eyni məzmunlu izahat verərək onun dediklərini təsdiq etdi. Məhkəmə iş üzrə şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş:- 02 avqust 2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun böyük müfəttişi Şahid1 tərəfindən tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixində saat 23:05-də “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən Türkiyə Respublikasının vətəndaşı xx.xx.2018-ci il tarixdə verilmiş U15893727 nömrəli xarici pasportun sahibi, xx.xx.1964-cü il təvəllüdlü Şəxs idarə etdiyi 33ABV790/47NL964 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı yük nəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixdə saat 09:00-da iki hal şahidinin iştirakı ilə yoxlama keçirilmiş, yoxlama zamanı Türkiyə Respublikasının vətəndaşı, Şəxs idarə etdiyi 33ABV790/47NL964 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı yük nəqliyyat vasitəsinin qoşqusunun soyuducu motorunun arxa hissəsindəki boşluqda və qoşqunun ön hissəsində olan qoruyucu profillərin boşluqlarında gizlədilmiş şəkildə ümumi sayı 407 qutu (8140 ədəd) aksiz markası ilə markalanmayan “Oscar” markalı siqaretlər aşkar edilmişdir. 07 avqust 2023-cü il tarixli 766 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş siqaretlərin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 488.40 (dörd yüz səksən səkkiz manat, qırx qəpik) manat müəyyən edilir, o cümlədən bir qutu (20 ədəd) İran İslam Respublikası istehsalı, aksiz markası ilə markalanmayan üzərində “Oscar” Super Slims silver yazıları olan nazik siqaretin qiyməti - 1.20 manat, 1.20 manat X 407 qutu = 488.40 (dörd yüz səksən səkkiz manat, qırx qəpik) manatdır. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli, 3-33-1200/2-002804/2023 nömrəli məktubun qeyd hissəsindən görünür ki, maddi sübutlar məhkəmə tərəfindən barəsində müvafiq qərar qəbul edilənədək Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. Beləliklə, işin araşdırılan halları ilə müəyyən olunur ki, Şəxs idarə etdiyi 33ABV790/47NL964 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı yük nəqliyyat vasitəsi ilə 01 avqust 2023-cü il tarixdə saat 23:05-də “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçmiş, 02 avqust 2023-cü il tarixdə onun idarə etdiyi nəqliyyat vasitəsinə yoxlama keçirilmiş və yoxlama zamanı gömrük əməkdaşlarına bəyan etmədən gömrük nəzarətindən gizlədilməklə keçirilmək istədiyi ümumi sayı 407 qutu (8140 ədəd) aksiz markası ilə markalanmayan “Oscar” markalı siqaretlər aşkarlanmış və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinin tələbləri həmin şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:- 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılan ümumi sayı 407 qutu (8140 ədəd) aksiz markası ilə markalanmayan “Oscar” markalı siqaretlər müsadirə edilməlidir. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş inzibati xətanın bilavasitə obyekti olan və Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılan ümumi sayı 407 qutu (8140 ədəd) aksiz markası ilə markalanmayan “Oscar” markalı siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar