Məhkəmə qərarları › İş №3(111)-30/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-30/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-30/2024 14.06.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Şərur rayon Qıvraq kəndində anadan olmuş, subay, (1 uşaq atası), orta təhsilli, işsiz, Kəngərli Rayon Qıvraq qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Kəngərli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Kəngərli Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 14 iyun 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən 22 may 2024-cü il tarixdə Şəxs məxsus avtomobildən 01 ədəd sellofon bükümdə təmiz çəkisi 2.164 qram olan narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar olunmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 18 may 2024-cü il tarixdə Türkiyə Respublikasında tanışı Tolga adlı şəxsdən 1200 Türk lirəsinə marixuana aldığını, həmin maddəni Naxçıvana gətirdiyini, 22 may 2024-cü il tarixdə Qıvraq qəsəbəsində yerləşən marketin qarşısında olarkən polis əməkdaşlarının ona yaxınlaşdığını, maşınında saxladığı, içərisində banan olan qutunun içinə qoyduğu marixuananı çıxarıb onlara verdiyini, çəkildikdə 2.4 qram olduğunu, sonra polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirildiyini, subay olduğunu, məhkəmə qərarı ilə nikahının pozulduğunu, nikahdan olan uşağının anasına verildiyini, lakin keçmiş həyat yoldaşının Türkiyəyə yaşamağa getdiyini və uşağı ona verdiyini, haliyədə onu təkbaşına saxladığını, anasının xəstə olduğunu, etdiyi hərəkətdən çox peşman olduğunu bildirərək ona cərimə cəzası verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş:- Kəngərli Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat qrupuna ezam olunmuş təhqiqatçı, polis leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “avtomobilə baxış keçirilməsi və götürülmə aparılması haqqında” protokoldan, habelə məhkəmə iclasında baxış keçirilmiş elektron daşıyıcıda (DVD-də) olan video görüntülərdən görünür ki, həmin tarixdə Şəxs məxsus “Vaz-2106” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə təbii işıqlandırma şəraitində baxış keçirilmiş, baxış zamanı Şəxs avtomobilin salonunun sağ ön sərnişin oturacağının üzərindəki içərisində banan meyvələri olan qutunu açıb orada yerləşən şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli bükümü təqdim etmiş, həmin kütlə elektron tərəzidə çəkilərək çəkisi 2.4 qram olmuşdur. İnzibati icraat dövründə Şəxs məxsus “Vaz-2106” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş çəkisi 2.4 qram olan şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli bükümdə olan kütlənin narkotik vasitə olub-olmamasın, əgər narkotik vasitəsidirsə hansı növə aid olmasının, xalis təmiz çəkisi, mənşəyi və hazırlanma üsulunun müəyyən edilməsi məqsədilə 22 may 2024-cü il tarixdə məhkəmə bioloji ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2024-cü il tarixli 537 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində: “Vətəndaş Şəxs təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitəyə bənzər maddənin olduğu büküm” ad, soyad və imzalar (05 imza) olan 01 ədəd kağız zərfin içərisindəki, 01 ədəd sellofan bükümdə təmiz çəkisi – 2,164 qram olan yaşımtıl rəngli, spesifik iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir (İ siyahı İ bənd sıra №146). Qeyd: Marixuana təmiz çəkisi - 2,164 qram; tədqiqata sərf edildi - 0,02 qram; qalıq - 2,144 qramdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları” üzrə İ siyahısına görə narkotik maddə olan “qurudulmuş marixuana” narkotik vasitəsinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram müəyyən edilmişdir. Şəxs 22 may 2024-cü il tarixdə saat 14:00-da şübhəli şəxs qismində tutulmuş, 23 may 2024-cü il tarixdə saat 13:30-da azad olunmuşdur. Kəngərli Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat qrupuna ezam olunmuş təhqiqatçı, polis leytenantı X2 tərəfindən araşdırma aparılmış, xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün Kəngərli Rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinə göndərilmişdir. İş materiallarında olan Y. Budaqov adına Naxçıvan MR X3 xx.xx.2024-cü il tarixli 220 saylı rəyinə əsasən Şəxs dispanserdə müayinə olundu. Kannabinoid narkomaniyası xəstəliyindən əziyyət çəkir. Hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2024-cü il tarixdə Y. Budaqov adına Naxçıvan MR X4 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə MET (Metamfetamin), AMP (amfetamin), MDMA (metilendioksimetamfetamin) və THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. Kəngərli rayon Qıvraq qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 14 iyun 2024-cü il tarixli 727 nömrəli arayışından görünür ki, Şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X5 vardır və onu təkbaşına böyüdür. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2014-cü il təvəllüdlü X5 adında uşağı vardır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətə cəlb edilmənin əsasları müəyyən edilib. Həmin maddənin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində isə inzibati xəta əməlinin anlayış verilib ki, qeyd edilən maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd edilən maddi hüquq normalarını Şəxs törətdiyi əməllə qarışlılıqlı şəkildə tədqiq etdikdə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Bu inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin mahiyyətinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsinə, saxlanılması, daşınması və ya göndərilməsi əməlini törətmiş şəxs görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və ictimai təhlükəsizlik, şəxsin sağlamlığı əleyhinə olan inzibati xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən də biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birinci hissəsinə əsasən tibbi yoxlama yalnız şəxsin narkomanlıq xəstəliyinə düçar olmasının ("narkoman" olduğunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyət formasından asılı olmayaraq narkoloji-tibb müəssisələrində həyata keçirilir. Şəxs narkotik asılılığı olmadığına görə müalicəyə ehtiyacı yoxdur. İşin yuxarıda qeyd edilən faktiki halını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs götürülmüş və maddi sübut Kəngərli Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 2,144 qram yaşımtıl rəngli, spesifik iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana müsadirə edilməli və qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə zalından dərhal azad olunsun. Şəxs məhkəmə ekspertiza xərci olan 90 (doxsan manat) manat tutularaq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142330, büdcə səviyyəsinin kodu 2, X9 MR İdarəsi, kodu 502906, VÖEN **********, Müxbir hesab: AZ 88 NABZ ********************, SFİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN: **********, Hesab: AZ 21 NABZ ********************) hesabına ödənilsin. İnzibati iş üzrə maddi sübut olan və hazırda Kəngərli Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 2,144 qram yaşımtıl rəngli, spesifik iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana müsadirə edilsin və qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhvetmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiyası tərəfindən həyata keçirilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar