Məhkəmə qərarları › İş №3(111)-33/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-33/2023

22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-33/2023 22.08.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Ermənistan SSR, Yexeqnadzor rayonunda anadan olmuş, ailəli, 3 uşaq atası, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, çoban işləyən, hal-hazırda Kəngərli rayon Çalxanqala kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Kəngərli rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Kəngərli rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 22 avqust 2023-cü il tarixli 002519 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs 16 avqust 2023-cü il tarixdə Kəngərli rayonunun Çalxanqala kəndində öz həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan və sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında 16 avqust 2023-cü il tarixdə saat təxminən 11 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs mağazaya borcu olduğu üçün 30 manat istədiyini, həyat yoldaşı pulu vermədiyindən aralarında mübahisə yarandığını, mübahisə zamanı Tərlan onun üstünə səsini ucaltmasına əsəbləşib onun boğazından tutaraq itələdiyini, bu zaman onun ayağı harasa dəydiyini, lakin bunu görmədiyini bildirmişdir. Mübahisədən sonra çıxıb getmiş, ertəsi gün qaynatası ona zəng edərək onunla telefonda mübahisə etmiş və həyat yoldaşı Polis şöbəsinə müraciət etmişdir. Etdiyi hərəkətlərə görə peşmandır. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş qismində izahat verən Zərərçəkmiş şəxs 16 avqust tarixdə yoldaşı Şəxs ondan 30 manat pul istədiyini, yoldaşının mağazaya olan borcunu çoxdan ödədiyini, onun isə oğlu əsgərlikdən gələcəyindən pulu verməkdən imtina etdiyini, buna görə aralarında yaranan mübahisə zamanı yoldaşının onu boğazından tutaraq dizi ilə ayağından vurub yerə yıxdığını, daha sonra onu təhqir edərək evdən çıxıb getdiyini, uşaqlarının da onun döyülməsinə şahidlik etdiklərini bildirərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə şahid qismində dindirilən Şahid1 izahatında, 16 avqust saat təxminən 12 radələrində atasının evə gələrək borcu olduğu üçün anasından 30 manat pul istədiyini, anasının isə qardaşı əsgərlikdən gələcəyi üçün pulu verməkdən imtina etdiyini, daha sonra atasının pulu axtarmaq məqsədi ilə evdəki əşyaları dağıtdığını, anasının ona mane olmaq üçün qabağına keçdiyini, bu zaman atasının anasının boğazından tuturaq ayağı ilə vuraraq onu yerə yıxdığını göstərmişdir. İnzibati xəta haqqında iş üzrə şahid qismində dindirilən Şahid2 izahatında atasının evə gələrək anasından 30 manat pul istədiyini, anasının isə pulu vermək istəmədiyindən aralarında mübahisə olduğunu, özü çöldə yemək yeyərkən içəridən gələn səsi eşidərək içəri girdiyini, lakin atasının anasını vuraraq yıxdığını görmədiyini göstərmişdir. İş materiallarından olan xx.xx.2023-cü il tarixli 1110 saylı ekspertiza rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarət-sağ sarğı nahiyəsində qançır küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcə də qərarın təsviri hissəsində göstərilən şəraitdə də əmələ gəlməsi istisna olunmur. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş materiallarından olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 16 avqust 2023-cü il tarixdə saat 12 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu vuraraq sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə kimi halların, yəni İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar