Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-34/2025 20.06.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Şərur rayon Qıvraq kəndində doğulmuş, ali təhsilli, Yurtçu kənd tam orta məktəbində müəllim işləyən, Kəngərli rayon Yurtçu kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Kəngərli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Kəngərli Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 20 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs 20 may 2025-ci il tarixdə işlədiyi Yurtçu kənd tam orta məktəbində Zərərçəkmiş şəxs döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xx.xx.2025-ci il tarixdə Yurdçu kənd tam orta məktəbində 2-ci saatda olan dərsinin başlamasını gözləyərkən Könül və Ofeliya müəllimənin mübahisə etdiklərini eşitdiyini, Ofeliya müəllimə əvvəllər də məktəbdə həm şagirdlərə, hm də müəllimələrə qaşı zorakılıq tətbiq etdiyindən bu barədə barəsində protokol tərtib olunduğunu, özünün də bu barədə izahat verdiyini, əvvəlcə Ofeliyanın onun barəsində şahidlik etməsini istədiyini, onun isə görmədiyi şeyə şahidlik edə bilməyəcəyimi bildirdiyini, həmin gün otaqda olarkən Ofeliyanın rəy bildirdiyi üçün ona və valideynlərinə qarşı təhqiramiz ifadələr işlədərək qarğış tökməyə başladığını, otaqdan çıxıb getdiyini, Şahid3 həmin gün məktəbdə pedoqoji şuranın iclasının keçiriləciyini və müəllimələrin iştirak etməli olduğunu dediyindən dərsi bitdikdən sonra müdiriyyət otağında oturub gözləməyə başladığını, sonra Ofeliyanın içəri girib onun haqqında nalayiq ifadələr işlədərək “səninlə məhkəmədə görüşəcəyik” dediyini, daha sonra qışqıraraq danışmağa və yenə ona qarğış tökməyə başladığını, yenə də ona və anasına qarşı nalayiq ifadələr işlətməyə davam etdiyini, Ofeliyaya cavab verməyə çalışdığını, daha sonra ona nalayiq bir ifadə işlədəndə özünün də “yaxşı elədim” dediyini və bu zaman Ofeliyanın arxadan ona hücum edərək qapıya çırpdığını, onu qapı ilə divarın arasında sıxışdıraraq çantayla başından vurmağa başladığını və saçını yolduğunu, yenə də ucadan nalayiq ifadələr işlətdiyini, məktəbdəki digər müəllimələrin səsini eşidərək gəlib onları ayırmağa çalışdıqlarını, amma Ofeliya qüvvətli olduğundan ayıra bilmədiklərini, onun da Ofeliyanın əlindən çıxmaq üçün məcbur qalıb əlini dişlədiyini, daha sonra müəllimələrin onları ayırdıqlarını, Ofeliyaya “məndən əl çək ay kaftar” dediyini, edilən hərəkətləri özünə heç yaraşdırmadığını bildirdi. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahatında Kəngərli rayon Yurdçu kənd tam orta məktəbində müəllim işlədiyini, məktəbdə onun barəsində şər və böhtan ifadələrlə protokol tərtib olunduğunu, onun da protokolu məktəbdə işləyən Könül müəlliməyə göstərdiyini, Könülün onu təhqir etdiyini, hətta döyməyə çalışdığını, aşağı mərtəbəyə enib Nazənin müəllimədən “əgər onun haqqında protokol tərtib olunursa niyə Könül müəllimə barəsində də tərtib olunmur” deyə soruşduğunu, bu vaxt Fatmanın gəlib “Öl ey, sən Könülü söymüsən” dediyini, halbuki heç bir söyüş işlədilmədiyini, ona “bundan sənə nə var” deyəndə Fatmanın “ay kaftar, səni bu məktəbdə işləməyə qoymayacam” deyə cavab verdiyini, dərs dediyi sinfə getmək istəyəndə arxadan yetirib onu yerə yıxdığını, saçını yolub əlini dişlədiyini, məktəbdən çıxıb birbaşa polis şöbəsinə gəldiyini, hətta Fatmanın yolduğu saçını da polislərin deməsinə görə üstündən götürdüyünü, Fatmanın və şahidlərin danışdıqları halların tamamilə yalan və şər-böhtan olduğunu, onun isə sadəcə özünü müdafiə etdiyini bildirərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə şahid qismində dindirilən Şahid3 izahatında xx.xx.2025-ci il tarixdə Yurdçu kənd tam orta məktəbində kompüter sinfində Şahid2 və Şahid1 ilə birlikdə sənədləşmə işləri apararkən səs-küy eşidib dəhlizə çıxdıqda Fatma və Ofeliyanın bir-birlərinə qarşı təhqiramiz ifadələr işlədərək mübahisə etdiklərini gördüyünü, Fatma getməyə çalışanda Ofeliyanın arxadan onun saçına yapışdığını, Fatmanın da onun saçından tutduğunu, Ofeliyanın Fatmaya və valideynlərinə qarşı nalayiq ifadələr işlətdiyini, Fatmanı qapı ilə divarın arasına sıxışdırdığını, Fatmanın özünü müdafiə edə bilmədiyini, Pərvanə və Heyran müəllimə ilə birlikdə onları aralamağa çalışsalar da, bacara bilmədiklərini, aralarınakı mübahisənin ayaqüstə baş verdiyini, bu zaman Fatma Ofeliyanın əlindən çıxmaq üçün onun əlini dişlədiyini, sonradan onları araladıqlarını bildirdi. İnzibati xəta haqqında iş üzrə şahid qismində dindirilən Şahid2 izahatında xx.xx.2025-ci il tarixdə Yurdçu kənd tam orta məktəbində kompüter sinfində Şahid3 və Şahid1 ilə birlikdə sənədləşmə işləri apararkən səs-küy eşidib dəhlizə çıxdıqda Fatma və Ofeliyanın mübahisə etdiklərini gördüyünü, Ofeliyanın Fatmanın ailəsini təhqir etdiyini, onları aralamağa çalışsaq da, Ofeliyanın yenə sözlərinə davam etdiyini, daha sonra Fatmanın da ona cavab verib gedərkən Ofeliyanın arxadan Fatmanın saçından yapışdığını, Fatmanın da onun saçından tutduğunu, Ofeliyanın onu buraxması üçün əlini dişlədiyini, onların arasında olan mübahisənin ayaqüstə baş verdiyini, daha sonra onları araladıqlarını bildirdi. İnzibati xəta haqqında iş üzrə şahid qismində dindirilən Şahid1 izahatında xx.xx.2025-ci il tarixdə Yurdçu kən tam orta məktəbində kompüter sinfində Şahid3 və Məmmədova müəllimə ilə birlikdə sənədləşmə işləri apararkən səs-küy eşidib sinifdən çıxdıqda Fatma və Ofeliyanın mübahisə etdiklərini gördüyünü, onları sakitləşdirmək istədiklərini, Ofeliyanın Fatmanın anasına qarşı təhqiramiz ifadələr işlətdiyini və Fatmanın saçından yapışdığını, Fatmanın da onun saçından tutduğunu, lakin Ofeliyanın əlini dişləməsini görmədiyini, zorla da olsa onları araladıqlarını bildirdi. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 29 may 2025-ci il tarixli 252 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlərqançır, qançırın üzərində sıyrıq, boynun arxa səthində qançır küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 19 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən törədilən əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması əsası ilə Kəngərli rayon Polis İdarəsinin İTB-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin izahatlarını dinləyərək, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və ekspertin rəyini birlikdə tədqiq edərək belə hesab edir ki, Şəxs hərəkətləri zəruri müdafiə həddində olmuşdur. Belə ki, Kəngərli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Yurtçu kənd tam orta məktəbində Şəxs döyməsi ilə bağlı inzibati xəta əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sözügedən iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs Şəxs xx.xx.2025-ci il tarixdə döyərək fiziki ağrı yetirən zaman iş üzrə şahidlər də orada olmuşlar və Zərərçəkmiş şəxs Şəxs döyməsinə mane olmağa çalışmışlar. Hazırki iş üzrə zərərçəkmiş şəxsin izahatında göstərdiklərini məhkəmə işin digər halları ilə əlaqəli şəkildə müqayisə etdikdə mötəbər sübut kimi qəbul etmir. Məhkəmə barəsində icraat aparılan şəxsin izahatını sözügedən hallarla birlikdə tədqiq etdikdə belə nəticəyə gəlir ki, onun hərəkətləri zəruri müdafiə həddində olmuş və bu həddi aşmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 20.1-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatına, sağlamlığına və ya hüquqlarına, dövlətin və ya cəmiyyətin mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, inzibati xəta hesab olunmur. 20.2-ci maddəsinə görə isə qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. 53.1 və 53.1.4-cü maddəsinə görə isə şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Sözügedən halları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərar verdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-34/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-34/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver