Məhkəmə qərarları › İş №3(111)-36/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-36/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-36/2024 31.07.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Şərur rayonunun Xok kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kəngərli rayonunun Xok kəndində yaşayan Şəxs haqqında Kəngərli rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Kəngərli Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 31 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs 09 iyul 2024-cü il tarixdə Kəngərli rayon Xok kəndində Zərərçəkmiş şəxs döymə və sair zoraki hərəkətlərlə fiziki ağrı yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında əməlini etiraf edərək, 09 iyul 2024-cü il tarixdə qohumu Nəsib Abtalıbovun evində işlədiyini, Nəsibin qızı Səkinənin də orada olduğunu, ərindən küsüb atasının evinə gəldiyini, saat 19:00 radələrində Səkinənin əri Mahirin onlara gəldiyini və nalayiq hərəkətlər etdiyini, özünü saxlaya bilməyib Mahiri sillə ilə vurduğunu, etdiyi əməldən çox peşman olduğunu, zərərçəkmiş şəxsdən üzrxahlıq etdiyini, onunla barışdığını, bir daha belə əməllərə yol verməyəcəyini, 5 uşağının olduğunu bildirərək ona köməklik göstərilməsini xahiş etdi. İnzibati xəta nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında mübahisələri olduğundan arvadının küsüb atası evinə getdiyini, 09 iyul 2024-cü il tarixdə saat təxminən 19:00 radələrində özünün arvadını və uşaqlarını görmək üçün qaynatası Nəsibin evinə getdiyini, orada olan Cəvanşirlə mübahisə etdiyini və Cəvanşirin onu vurduğunu, sonra Kəngərli rayon polis şöbəsinə gəlib şikayət etdiyini, hazırda Cəvanşirlə barışdığını və onu bağışladığını, ondan heç bir şikayətinin olmadığını bildirərək müvafiq ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X4 11 iyul 2024-cü il tarixli 19 nömrəli canlı şəxsin ekspertizası barədə ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlərboynunda və təpə nahiyəsində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. Kəngərli Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat qrupuna ezam olunmuş təhqiqatçı, polis leytenantı X1 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Kəngərli Rayon Xok kənd sakini Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün Kəngərli Rayon Polis X3 Bölməsinə göndərilmişdir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində bildirmişdir ki, Şəxs onu döydüyünə görə şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmişdir. İnzibati xəta haqqında işi Kəngərli Rayon Məhkəməsinə göndərmişlər. Hazırda onlar Cəvanşirlə barışmışlar və ondan heç bir şikayəti yoxdur. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin izahatlarına, Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X4 11 iyul 2024-cü il tarixli 19 nömrəli ekspert rəyinə və Kəngərli Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat qrupuna ezam olunmuş təhqiqatçı, polis leytenantı X1 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 53.1 və 53.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxsin barışması səbəbindən Şəxs barəsində başlanmış Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 105, 114 - 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi barədə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar