Məhkəmə qərarları › İş №3(111)-37/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-37/2023

01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-37/2023 01.09.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X5 Nadir oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Şərur rayon Qarabağlar kəndində doğulmuş, Kəngərli rayon Qarabağlar kəndində qeydiyyatda olan, deməsinə görə məhkum olunmamış, Şəxs haqqında Kəngərli rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Kəngərli rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 01 sentyabr 2023-cü il tarixli 002525 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs 31 avqust 2023-cü il tarixdə Kəngərli rayonunun Qıvraq qəsəbəsində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 31 avqust 2023-cü il tarixdə saat təxminən 18:30 radələrində dostu Kəngərli Rayon Qabıllı kənd sakini Əli ilə birlikdə Qıvraq qəsəbəsində yerləşən yeməkxanaya gedərək, orada 2-3 bakal içdikdən sonra dostunun avtomobilinə minərək orada çıxdıqlarını, yolda YPX əməkdaşlarının onların əyləşdiyi nəqliyyat vasitəsini saxladıqlarını, bu zaman onun mobil telefonla çəkiliş etməyə başladığını, ona görə YPX əməkdaşlarının mobil telefonu ondan aldıqlarını və onu nizam-intizama dəvət etdiklərini, onların tələblərinə tabe olmadığını, içkili olduğundan öz hərəkətlərinin fərqində olmadığını, hərəkətlərindən peşman olduğunu bildirərək etdiyi hərəkətə görə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində izahat verən Kəngərli Rayon Polis şöbəsinin BDAM-in inspektoru Şahid1 izahatında 31 avqust 2023-cü il tarixdə saat 19:45 radələrində xidmətdə olarkən **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün içkili olduğu barədə aldığı məlumata əsasən yoxlamaq məqsədilə həmin nəqliyyat vasitəsinə dur işarəsi verdiklərini, polis yoldaşı X4 ilə özlərini təqdim etdikdən sonra sürücünü sərxoşluq testindən keçirəcəklərini bildirdikdə onun yanında əyləşən şəxsin avtomobildən enərək polis əməkdaşlarına qarşı kobudluq etməyə başladığını, onu nizam-intizama dəvət etdiklərini, lakin həmin şəxs onların qanuni tələbinə tabe olmayaraq öz əməllərini davam etdirdiyindən DYPQ-nin BDAM-ı polis leytenantı Mahir Novruzlunu oraya dəvət etdiklərini, Mahir Novruzlu həmin yerə gəldikdə lakin həmin şəxsin ona qarşı da kobud əməllərini davam etdirdiyini, daha sonra onu polis şöbəsinə gətirdiklərini göstərdi. İnzibati xəta haqqında iş üzrə şahid qismində dindirilən Kəngərli Rayon Polis şöbəsinin DYPQ-nin inspektoru Şahid2 digər Şahid1 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 31 avqust 2023-cü il tarixdə saat 19:45 radələrində Qıvraq qəsəbəsində polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin inzibati xəta törədərkən sərxoş olması məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həbs olunma müddətinin əvvəli Şəxs inzibati qaydada tutulduğu 31 avqust 2023-cü il tarixdən saat 20:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunma müddətinin əvvəli Şəxs inzibati qaydada tutulduğu 31 avqust 2023-cü il tarixdən saat 20:10-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar