Məhkəmə qərarları › İş №3(111)-37/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-37/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-37/2025 28.07.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Ermənistanda doğulmuş, subay, işsiz, Kəngərli rayon Çalxanqala kəndində qeydiyyatda olan Şəxs barəsində Kəngərli rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Kəngərli rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 28 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs 26 iyul 2025-ci il tarixdə Kəngərli rayon Qarabağlar kəndində polisin qanuni tələbinə tabe olmamış, polis şöbəsinə dəvət olunmuş, Kəngərli Rayon Polis şöbəsinin inzibati binasında nalayiq hərəkətlər edib, ictimai qaydanı pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 26 iyul 2025-ci il tarixdə idarə etdiyi avtomobillə Kəngərli rayon Qarabağlar kənd mərkəzində yolda dayanmağın qadağan olduğu yerdə avtomobili saxladığını, avtomobildən enib kreditini ödəməyə getdiyini, bu zaman avtomobilini çıxarmaq üçün onu çağırdıqlarını, avtomobilin açarını yanında olan qardaşının oğluna verərək arxaya çəkməsini dediyini, qardaşı oğlunun sürücülük vəsiqəsinin olmadığını, qardaşı oğlu avtomobili arxaya sürəndə tanımadığı mülki formada olan bir nəfərin yaxınlaşdığını, həmin şəxs polis əməkdaşı olduğunu deyəndə onu tanımadığını deyərək kameraya çəkməyə başladığını, əgər polis əməkdaşı olduğunu bilsəydi, tələblərinə tabe olacağını, yol polis əməkdaşlarının çağırıldığını, sonra polis əməkdaşlarının avtomobilini duracağa aparmaq istədiklərini, onlarla birlikdə polis şöbəsinə gəldiyini, polis əməkdaşları ilə uca səslə danışdığını, avtomobildə azyaşlı uşağı olduğundan əsəbləşərək polislərin qanuni tələblərinə tabe olmadığını, hərəkətlərindən çox peşman olduğunu bildirərək cərimə olunmasını xahiş etdi. İnzibati xəta haqqında iş üzrə şahid qismində izahat verən Şahid3 izahatında Kəngərli Rayon Polis şöbəsinin DYPQ-nin baş dövlət avtomobil müfəttişi vəzifəsində işlədiyini, xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində Kəngərli rayon Qarabağlar kəndində xidmətdə olan zaman Şəxs özünə məxsus olan avtomobilini yol ayrıcında saxladığını, avtomobili arxaya çəkməsi üçün onu çağırdıqları zaman avtomobilin açarını yanındakı qardaşı oğluna verdiyini, qardaşı oğlu avtomobili arxaya sürərkən ona yaxınlaşıb sürücülük vəsiqəsinin olub-olmadığını soruşduğunu, onun da avtomobilin əmisinə aid olduğunu və sürücülük vəsiqəsinin olmadığını dediyini, bu zaman Səxavətin ona yaxınlaşaraq aqressiv şəkildə danışdığını, ona polis əməkdaşı olduğunu deyib xidməti vəsiqəsini təqdim edərək avtomobilin sürücülük vəsiqəsi olmayan şəxs tərəfindən idarə olunmasının qadağan olduğunu bildirdiyini, buna görə avtomobilin duracağa aparılmalı olduğunu deyəndə Səxavətin “Siz kimsiniz”, “Mənim maşınımı heç kim duracağa apara bilməz” dediyini, yol patrul xidmətinin əməkdaşlarını avtomobili aparmaq üçün çağırdıqda Səxavətin polis əməkdaşının avtomobildə əyləşməsinə baxmayaraq avtomobili polis şöbəsinə doğru yox, tabe olmayaraq yaşadığı ünvana doğru sürməyə başladığını, sonra avtomobildəki əməkdaşın onu nizam-intizama dəvət edərək polis şöbəsinə gətirdiklərini, polis şöbəsinə gəldikdə isə Səxavət aqressiv davranışlarına davam edərək nalayiq ifadələr işlətdiyini və buna görə barəsində raport tərtib edildiyini göstərdi. İnzibati xəta haqqında iş üzrə şahid qismində izahat verən Kəngərli Rayon Polis şöbəsinin PPXT-nin polis nəfəri Şahid2 izahatında xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində Kəngərli Rayon Polis şöbəsində xidmətdə olarkən bir nəfər vətəndaşın uca səslə nalayiq söyüşlər söyərək ucadan danışdığını eşitdiyini, ona yaxınlaşaraq nizam-intizama dəvət etdiyini, lakin vətəndaşın şöbəyə daxil olduqdan sonra Mahir müəllimin gəldiyini görüb yenidən hərəkəkətlərinə davam edərək nalayiq ifadələr işlətdiyini, ona görə də onu izahatının alınması üçün təhqiqatçının yanına apardıqlarını bildirdi. İnzibati xəta haqqında iş üzrə şahid qismində izahat verən Kəngərli Rayon Polis şöbəsinin PPXT-nin polis nəfəri Şahid1 Şahid2 ilə eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan AZN 0726 nömrəli “İnzibati qaydada tutma protokolu”ndan görünür ki, Şəxs 26 iyul 2025-ci il tarixdə saat 15:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Ona görə də o, həmin maddələr ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi hesab edilir. 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi hesab edilir. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qayda və ictimai təhlükəsizlik olmaqla, əməlin obyektiv cəhətini ictimai qaydanı fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin ictimai yer sayılan polis şöbəsinin həyətində, ətrafda insanların olduğu bir məkanda ətrafa etinasızlıq və hörmətsizlik göstərərək yüksək səslə, nəlayiq ifadələr işlətməsi kimi hərəkətləri məhz ittiham olunduğu inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddələrin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həbs olunma müddətinin əvvəli inzibati qaydada tutulduğu 26 iyul 2025-ci il tarixdən saat 15:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbs olunma müddətinin əvvəli 26 iyul 2025-ci il tarixdən saat 15:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar