Məhkəmə qərarları › İş №3(111)-42/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-42/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-42/2025 15.08.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X6 Sadət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Şərur rayon Xok kəndində doğulmuş, evli, iki uşaq atası, işsiz, Kəngərli rayon Xok kəndində qeydiyyatda olan Şəxs haqqında Kəngərli rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Kəngərli rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 15 avqust 2025-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs 14 avqust 2025-ci il tarixdə Kəngərli rayonunun Xok kəndində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Daxili İşlər Nazirliyinin 102 nömrəsinə zəng etdiyi üçün polis əməkdaşlarının yaşadığı Xok kənd mərkəzinə gələrək onu şöbəyə çağırdıqlarını, lakin qorxub getmək istəmədiyini, əsəbləri yerində olmadığı üçün polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətdiyini və evə getmək üçün idarə etdiyi motoskiletə əyləşdiyini, motosikleti arxaya doğru sürərkən istəmədən polis əməkdaşının xidməti avtomobilinin qapısına dəydiyini, günəmuzd işlədiyini, ailənin yeganə qazancgətirəni olduğunu, etdiyi hərəkətlərdən çox peşman olduğunu, bir daha belə hərəkətə yol verməyəcəyini bildirdi. İnzibati xəta haqqında iş üzrə şahid qismində izahat verən Kəngərli Rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid3 izahatında 14 avqust 2025-ci il tarixdə təxminən günorta saat 14:45 radələrində X1 şöbənin növbətçi hissəsinə daxil olan şikayətlə əlaqədar Şəxs zəng etdiklərini, İbrahim Xok kənd mərkəzində olduğunu bildirdiyindən kənd mərkəzinə getdiklərini, xidməti avtomobildən enərək Şəxs probleminin nə olduğunu soruşduğunu, onun isə əsəbi halda cavab verdiyini, şikayət barədə onu polis şöbəsinə dəvət edən zaman polis əməkdaşlarını hədələyərək və nalayiq ifadələr işlədərək idarə etdiyi motoskiletə əyləşib xidməti avtomobilin sağ ön qapısını ehtiyatsızlıqdan zədələyərək hadisə yerindən uzaqlaşdığını, daha sonra yenidən onu polis şöbəsinə dəvət etdikdə həmin müddət polis şöbəsinə gəldiyini bildirdi. İnzibati xəta haqqında iş üzrə şahid qismində izahat verən Kəngərli Rayon Polis şöbəsinin növbətçi hissəsində sürücü Şahid2, Kəngərli Rayon Polis X3 bölməsinin sahə rəisi Şahid1 və Kəngərli Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru Şahid4 Şahid3 izahatı ilə eyni məzmunlu izahatlar verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. İş materiallarına əlavə olunmuş 0727 nömrəli inzibati qaydada tutma protokoluna əsasən Şəxs 14 avqust 2025-ci il tarixdə saat 16.30-da tutulmuşdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Şəxs məhkəmə zalından dərhal azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar