Məhkəmə qərarları › İş №3(111)-45/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-45/2025

02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-45/2025 02.10.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X7 Sadət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 14 avqust 2025-ci il tarixli, EQ 29959291 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 şikayət ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin məlumat xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən qəbul edilmiş 14 avqust 2025-ci il tarixli, EQ 29959291 nömrəli qərarın ləğv edilməsi və qeyd olunan iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 3(009)- 2135/2025 nömrəli qərardadına əsasən şikayət aidiyyəti üzrə baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət verən X5 şikayətdə qeyd etmişdir ki, DiN BDYPi-nin Məlumat Xidmətinin rəisi polis-polkovnik leytenantı Elvin Abdullazadenin EQ 29959291 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən AR İXM-nin 346.6-cr maddəsinə əsasən (Taksi duracaqlannda taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasrna görə) "2" bal dəyərində, 40 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, qeyd olunan qərar əsassızdır və ləğv olunmalıdır. Belə ki, o, hal hazırda taksi fəaliyyəti ila məşğuldur və bu səbəbdən də taksi dayanacaqlarından istifadə etmək, həmin dayanacaqlarda dayanmaq hüququdur. Sertifikatlı taksi sürücüsüdür. İstifadəsində olan maşınının ban nömrəsinə qədər nəqliyyatda qeydiyyatdadır. Taksi sürücüsü üçün nəzərdə tutulan vergini vaxtlı vaxtında ödəyir. Qeyd etdiklərindən artıq nə olmalıdır ki, taksi sürücüsü hesab edilsin? Taksilər üçün nəzərdə tutulmuş dayanacaqda dayanmışdır. Həmin dayanacaqda dayandığı müddət beş dəqiqə olmuşdur. Maşını tərk edib, geri qayıdarkən cərimə olunduğunu oyrənmişdir. Qeyd olunan hadisə ilə baglı müraciət etmiş, lakin müraciəti ünvana çatmamışdır. Səbəb kimi müraciətinin dəftərxanada qalması və çatmaması bildirilmişdir. Göstərilənlərə əsasən DiN BDYPi-nin Məlumat Xidmətinin rəisi polispolkovnik leytenantı Elvin Abdullazadenin EQ 29959291 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və qeyd olunan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati qərardan şikayət vermiş şəxs və qərar qəbul etmiş DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş üzrə tərəflərdən vəsatət daxıl olmadığından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətə əlavə olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsinin tələblərinin pozulması nəticəsində inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN DYP Web portalından çıxarılmış fotoşəkillərdən görünür ki, 77QY372 qeydiyyat nömrəli avtomobil taksi duracağında dayanmış və üzərində hər hansı bir taksi fərqlənmə nişanı görünmür. Məhkəmə inzibati işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, X5 özünə məxsus 77QY372 qeydiyyat nömrəli avtomobili taksi nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş duracaqda 5 dəqiqə saxlamış, ona görə də Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinın əməkdaşları tərəfindən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsinin tələblərini pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edilmişdir. X5 şikayətində barəsində tətbiq edilmiş inzibati xəta haqqında iş üzrə qərarın əsassız olduğunu, özünün taksi fəaliyyəti ilə məşğul olduğunu, taksi dayanacaqlarından istifadə etmək, həmin dayanacaqlarda dayanmaq hüququnun olduğunu, istifadəsində olan maşının ban nömrəsinə qədər nəqliyyatda qeydiyyatda olduğunu, taksi sürücüsü üçün nəzərdə tutulan vergini vaxtında ödədiyini qeyd etsə də, bunlara dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin iş materiallarında olan fotoşəkillərdə də avtomobilin üzərində taksi “fərqlənmə nişanı”nın olması müəyyən edilmir və o, nəqliyyatı vasitələri ilə sərnişin daşımaları qaydalarına riayət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 346.6-cı maddəsinə əsasən taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 40 nömrəli qərarının 1.3-cü bəndinə əsasən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”, habelə yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Agentlikdən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokoldan və məhkəməyə təqdim edilmiş video görüntüdən də görünür ki, şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Belə ki, “X8” Azərbaycan Qanununun 52-ci maddəsinin 10-2-ci hissəsinə əsasən taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərində və 1.17-ci hisəssinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını və taksi duracaqlarını göstərir. Həmçinin həmin qanunun 5.14-cü hissəsinə əsasən taksi duracağı xüsusi işarələnmiş olur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-nin həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXMin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Yuxarıda qeyd edilənləri ümumiləşdirib məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 14 avqust 2025-ci il tarixdə EQ 29959291 nömrəli inzibati cərimə tətbiq edilməsi haqqında qərarı əsaslı hesab edilməli və həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin məlumat xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən qəbul edilmiş EQ 29959291 nömrəli 14 avqust 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar