Məhkəmə qərarları › İş №3(111)-49/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-49/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-49/2025 09.10.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X4 Sadət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 30 avqust 2025-ci il tarixli, EQ 30318723 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 şikayət ərizə ilə məhkəməyə müraciət edərək sözü gedən pozuntuların, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmamasına səbəb olduğuna görə, EQ 30318723 nömrəli 30 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, ** QY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə 30 avqust 2025-ci il tarixdə Dərnəgül yolu ilə gedərkən saat ilə məhdudlaşdırılmış avtobus zolağında icazə verilən saatda hərəkət etdiyi halda İXM-nin 327.1-1-ci maddəsi ilə avtobus zolağından qadağan olunmuş saat kimi cərimə olunduğunu, təkrar gedib video çəkdiyini, lakin DYP heç bir açıqlama vermədiyini, həmin qərarın araşdırılıb qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati qərardan şikayət vermiş şəxs və qərar qəbul etmiş DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş üzrə tərəflərdən vəsatət daxıl olmadığından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 30 avqust 2025-ci il tarixli qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan 30 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 04 avqust 1988-ci il təvəllüdlü, Şərur rayon Qarabağlar kəndində doğulmuş və həmin ünvanda qeydiyyatda olan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmçinin məhkəmə tərəfindən Kəngərli Rayon Qarabağlar kəndində qeydiyyatda olan vətəndaş X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Z.Bünyadov prospekti ilə Dərnəgül küçəsinin kəsişməsi, 20 yanvar metrosu istiqamətində hərəkət edən zaman avtobus zolağından istifadə edərkən saatla məhdudlaşdırılan vaxtda yol hərəkəti qaydalarını pozub-pozmaması barədə sənədləri Kəngərli Rayon Məhkəməsinə elektron qaydada məlumat verilməsinə dair sorğu göndərmiş, lakin həmin orqan tərəfindən məhkəmənin sorğusuna cavab verilməmişdir. İş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi və avtobus zolağından istifadə edərkən saatla məhdudlaşdırılan vaxtda yol hərəkəti qaydalarını pozub-pozmaması barədə sənədlər inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə göndərilmədiyindən belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan halları sübuta yetirilməmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) video müşahidə vasitələrinin qeydə aldığı video yazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati Xətalar Məcəlləsinin 122.3.1-ci maddəsində inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X2 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin EQ 30318723 nömrəli, 30 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin EQ 30318723 saylı, 30 avqust 2025-ci il tarixli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar