Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-50/2024 14.11.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, xx.xx.1965-ci ildə Şərur rayon Qıvraq kəndində doğulmuş, ali təhsilli, ailəli, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Kəngərli rayon Elektrik Şəbəkəsində baş mühəndis əvəzi vəzifəsində işləyən, Kəngərli rayon Qıvraq qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin məsləhətçi müfəttişi X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən 25 iyul 2024-cü il tarixdə baş vermiş hadisə nəticəsində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Kəngərli rayon Elektrik Şəbəkəsinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru X1 az-ağır xəsarət vurulması müəyyən edilmiş, nəticədə əməyin mühafizəsi qaydaları pozularaq Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X10 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, 25 iyul 2024-cü il tarixdə işdə olarkən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Kəngərli rayon Elektrik Şəbəkəsinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru X6 xəsarət almış, hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma nəticəsində məhkəmə tibbi ekspertizasının 13 avqust 2024-cü il tarixli 68 saylı ekspert rəyinə əsasən Z.T.İsmayılovun aldığı xəsarət ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa “AZ-AĞİR” zərər vurmağa aid olduğu müəyyən edilmiş, daxil olmuş sənədlər araşdırılarkən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Kəngərli rayon Elektrik Şəbəkəsində baş mühəndis əvəzi vəzifəsində işləyən Şəxs hərəkətlərində öz vəzifə səlahiyyətlərini yerinə yetirməməsi aşkar olunmuş və onun barəsində tədbir görülməsi qərara alınaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Kəngərli rayon Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsi ona həvalə edilmiş, 25 iyul 2024-cü il tarixdə 50 nömrəli buraxılış-naryad və sərəncam əsasında Kəngərli rayonu, Şahtaxtı kəndi ərazisində bir gün əvvəl basdırılmış 3 ədəd elektrik dayağına elektrik naqillərinin çəkilişi işinin planlaşdırıldığından həmin işin icrası üçün idarə rəhbərinin göstərişi ilə elektrik montyorları Seyidov Mirəli, Əsgərov İsa və Zahir İsmayılovdan ibarət olan briqada üzvləri saat 14:30 radələrində fərdi mühafizə vasitələri ilə təmin olunduqdan və onlara tapşırıqlar verdikdən sonra “Qazel” markalı avtomobil ilə həmin əraziyə getmişlər. Ərazidə görüləcək işlər barədə briqada üzvləri - əvvəlcə avtomobilin üzərində olan naqillərin açılıb uzadılması işləri aparıldığı, naqillər dayaqların dibinə uzadıldıqdan sonra növbəti işin naqillərin dayaqların üzərinə qaldırılaraq dartılması olacağı barədə məlumatlandırılmışlar. Bu zaman Zahir İsmayılov işin tez yekunlaşması üçün heç bir göstəriş almadan dayağın üzərinə qalxmış və qalxarkən təhlükəsizlik kəməri belində olmuş, təhlükəsizlik kəməri dayağın üzərində olan pillələrə ilişərək yuxarı qalxmağa maneə olduğundan yuxarı qalxdıqdan sonra təhlükəsizlik kəmərini bağlamaq istəyərkən müvazinətini itirdiyindən ayağı sürüşərək yerə yıxılmış, yıxıldıqdan sonra onu avtomobilə əyləşdirərək Kəngərli rayon xəstəxanasına aparmışlar. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobili ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılmışdır. Həmçinin Şəxs izahatında hadisə baş verdiyi ərazidə elektrik xətti çəkilməsi nəzərdə tutulan 3 ədəd dəmir dayağın bir gün əvvəl basdırıldığını, diblərinin bərkidildiyini, dayaqların möhkəmliyini artırmaq üçün əlavə olaraq torpaq töküldüyünü, dəmir dayaqların diametri 159 mm, uzunluğu 10 m olan dəmir borulardan hazırlandığını, dayağa çıxmaq üçün hər 0.5 m-dən bir ayaqlıqların qaynaq edildiyini, həmin ayaqlıqlardan pilləkən kimi istifadə edildiyini, hadisə baş verən zaman 140-150 m məsafədə olduğunu, Z.İsmayılovun elektrik dirəyindən təqribən 8 metr yüksəklikdən yıxıldığını, zərərçəkənin ehtiyatsızlığı səbəbindən hadisənin baş verdiyini, işçilərin mütəmadi olaraq fərdi mühafizə vasitələri - xüsusi geyim forması, ayaqqabı, əlcək, kəmər və s. ilə təmin olunduğunu, tərəfindən işçilərə hər ayın ilk iş günündə texniki təhlükəsizlik qaydalarına dair təlimat, nəzərdə tutulmuş qaydada və vaxtında biliyin yoxlanılması, həmçinin işə başlamazdan əvvəl cari təlimat keçirildiyini, baş vermiş hadisədə özünü təqsirli bildiyini, işçilərə lazımi qaydada daimi nəzarət etmədiyini və buna görə peşman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə, həmçinin həmin Məcəllənin 198.3-cü maddəsinə görə Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 25 iyul 2024-cü il tarixdə 50 nömrəli buraxılış-naryad və sərəncam əsasında Kəngərli rayonu, Şahtaxtı kəndi ərazisində basdırılmış 3 ədəd elektrik dayağına elektrik naqillərinin çəkilişi üçün idarə rəhbərinin göstərişi ilə Zahir İsmayılovdan ibarət olan briqada üzvləri saat 14:30 radələrində fərdi mühafizə vasitələri ilə təmin olunduqdan və onlara tapşırıqlar verildikdən sonra “Qazel” markalı avtomobil ilə həmin əraziyə getmiş, ərazidə görüləcək işlər barədə briqada üzvləri - əvvəlcə avtomobilin üzərində olan naqillərin açılıb uzadılması işləri aparılması, naqillər dayaqların dibinə uzadıldıqdan sonra növbəti işin naqillərin dayaqların üzərinə qaldırılaraq dartılması barədə məlumatlandırılmış, bu zaman Z.İsmayılov işin tez yekunlaşması üçün heç bir göstəriş almadan dayağın üzərinə qalxmış və qalxarkən maneə olduğundan və təhlükəsizlik kəməri dayağın üzərində olan pillələrə ilişməsin deyə, təhlükəsizlik kəmərini belindən açmış, yuxarı qalxdıqdan sonra təhlükəsizlik kəmərini bağlamaq istəyərkən müvazinətini itirərək yerə yıxılmış və nəticədə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa “AZ-AĞİR” zərər vurmağa aid olduğu xəsarət almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- Kəngərli rayon Prokurorluğunun 19 avqust 2024-cü il tarixli 3-4/180/2-006634/2024 nömrəli cavab məktubunda Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 12 avqust 2024-cü il tarixli 3-17-9-5/2-1176/2024 nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, Kəngərli rayon Elektrik Şəbəkəsində elektrik mütəxəssisi vəzifəsində çalışan X3 25 iyul 2024-cü il tarixdə Kəngərli rayonu Şahtaxtı kənd ərazisində iş prosesi zamanı elektrik dirəyindən yıxılaraq xəsarət alması faktı ilə bağlı məhkəmə tibbi ekspertizasının 13 avqust 2024-cü il tarixli 68 saylı ekspert rəyində Z.T.İsmayılovun aldığı xəsarət ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa “AZ-AĞİR” zərər vurmağa aid olduğu göstərilmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 17 sentyabr 2024-cü il tarixli “tədqiqat aktı”ndan və Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Kəngərli rayon Elektrik Şəbəkəsinin 17 sentyabr 2024-cü il tarixli “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” 08/2024 nömrəli aktında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il 41 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.13-cü (İş icraçısı cavabdehdir) bəndinin “e” yarımbəndinin (onun özünün və briqada üzvlərinin, işlərin təhlükəsiz aparılmasına və təhlükəsizlik üzrə qaydalara riayət etməsinə) və “f” yarımbəndinin (briqada üzvlərinə daimi nəzarətin həyata keçirilməsinə) tələblərinə riayət edilməməsi və Kəngərli rayon Elektrik Şəbəkəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Elektrik şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatı’nın 2-ci (Vəzifə borcları) bölməsinin 2.34-cü (Baş mühəndis nəzarət etməlidir) bəndinin 1-ci abzasının (Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına), 2-ci abzasının (Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə) və 4-cü (Məsuliyyət) bölməsinin 4.3-cü hissəsinin (iş yerində özünün və tabeçiliyində olan şəxslərin təhlükəsizliyini hər zaman qorumaq) tələblərinə riayət edilməməsi göstərilməklə baş vermiş hadisədə şəbəkənin baş mühəndisi vəzifəsi həvalə olunmuş Şəxs nəzarətsizliyi müəyyən olunmuşdur. 17 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş təhqiqat aktında qeyd olunmuşdur ki, X6 xx.xx.2011-ci il tarixdən Kəngərli rayon Elektrik Şəbəkəsinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində işləyir. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Kəngərli rayon Elektrik Şəbəkəsinin 03 fevral 2020-ci il tarixli 08 nömrəli əmrindən görünür ki, Şəxs - sahə rəisi xx.xx.2020-ci il tarixdən əmək haqqı fərqi ödənilmək şərti ilə müvəqqəti olaraq baş mühəndis vəzifəsi ona həvalə edilmişdir. Kəngərli rayon Elektrik Şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatından görünür ki, əməyin mühafizəsi, texniki təhlükəsizlik və texniki istismar, həmçinin yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət edilməsinin təmin edilməsi mühəndisin vəzifə borcudur. Naxçıvan Muxtar Respublika X8 Şəxsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 283 nömrəli məktubunda X3 25 iyul 2024-cü il tarixdən 06 avqust 2024-cü il tarixədək “Said sümüyün distal ucunun yerdəyişməli sınığı qasıq sümüyünün sınığı”- diaqnozu ilə Xəstəxananın Travmatologiya şöbəsidə stasionar müayinədə olmuşdur. Onda alkoqollu içkilər, texniki sipirtlər, aromatik, narkotik vasitələr, psixotrop, toksiki və digər zəhərli maddələr aşkar olunmamış və ona əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqəsi açılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 75.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Kəngərli rayon Elektrik Şəbəkəsində baş mühəndis əvəzi vəzifəsində işləyən Şəxs tərəfindən İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Ona görə də o, sözügedən maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Kəngərli rayon Elektrik Şəbəkəsində baş mühəndis əvəzi vəzifəsində işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-50/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-50/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver