Məhkəmə qərarları › İş №3(111)-54/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-54/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-54/2024 06.12.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili “EKOL” vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 18 noyabr 2024-cü il tarixli, 18000-01858/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, X3 Mərkəzindən xx.xx.2024-cü il tarixdə daxil olmuş 3-33-1200/012/008166 saylı raportun araşdırılması ilə əlaqədar hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ixrac edilən malların (sement) müqabilində əldə olunan vəsaitin müvafiq müvəkkil bank hesabına köçürülməsi haqqında xəbərdarlıq məktubu ixracatçının ünvanına göndərilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli **********6873 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 2410.80 ABŞ dolları vəsaitin Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi və hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin hüquqi şəxs "xxxx" MMC məhkəmədə vəkillə təmsil olunmuşdur. Məhkəmə, inzibati işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin və hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati işlə əlaqədar hüquqi şəxs "xxxx" MMC-nin vəkili “EKOL” vəkil bürosunun üzvü Vəkil məhkəməyə göndərdiyi etirazda aşağıdakıları göstərmişdir: Naxçıvan Baş Gömrük İdarəsi (bundan sonra “Gömrük”) tərəfindən "xxxx" MMC-nin İXM m. 483-ün tələblərinin pozulmasına dair xx.xx.2024 tarixli protokol baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmiş və Sizin icraatınızdadır. Sözügedən protokolla (Nº 18000- 01859/24) başlanmış icraata icraatı rədd edən hal, - inzibati xəta tərkibi mövcud olmadığı üçün xitam verilməlidir (1). Bundan başqa, protokol düzgün tərtib edilmədiyi üçün də geri qaytarma üçün əsaslar mövcuddur (2). 1. Başlanmış icraata xitam verilməsi üçün əsaslar (m. 53.1.2): 1.1 Baxılması üçün göndərilmiş protokoldan aydın olur ki, Gömrüyün iddiasına görə "xxxx" MMC (bundan sonra “Reges”) tərəfindən 16 may 2024-cü il tarixli **********6873 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 2410.80 ABŞ dolları vəsait kontragent “KAR JGUPİ” tərəfindən 180 gün ərzində Regesin bank hesabına köçürülməmiş və bununla da İXM m. 483-ün tərkibi yaranmışdır. 1.2 İXM m. 12.1-ə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Dolayısıyla İXM m. 483-də nəzərdə tutulmuş xətanın obyektiv cəhətinin (yəni 180 günün keçməsi) tərkibin yaranması kifayət olmayıb, bu əməlin həmçinin təqsirli hərəkətlə (xətanın subyektiv cəhəti) törədilməsi lazımdır. “Reges” isə 180 gün tamam olmadan kontragentə pretneziya məktubu ilə müraciət etmiş (Qoşma 1: “Reges” tərəfindən göndərilmiş pretenziya məktubu) və “KAR JGUPİ” tərəfindən maliyyə vəziyyətlərinin pisləşməsi ucbatından ödənişi gecikdirdiklərinə dair cavab məktubu almışdır. (Qoşma 2: “KAR JGUPİ” tərəfindən göndərilmiş pretenziya məktubuna cavab). Göründüyü kimi sözügedən məbləğin əldə edilməsi “Reges”in təqsiri ucbatından olmadığı üçün inzibati xətanın tərkibinin yarandığını iddia etmək mümkün deyil. 1.3 Məhkəmənin nəzərinə onu da çatdıraq ki, Konstitusiya Məhkəməsinin də “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il qərarında vurğuladığı kimi ...bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Yenə həmin qərarda Konstitusiya Məhkəməsinin qeyd etdiyi kimi, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Qoşmalarda təqdim etmiş məktublardan da aydın şəkildə göründüyü üzrə məbləğin 180 gün ərzində Regesin müvəkkil etdiyi banka köçürülməməsi məhz Konstitusiya Məhkəməsinin öz qərarında nümunə olaraq vurğuladığı qarşı tərəfin öhdəliyi icra etməməsi ucbatından baş verdiyi üçün “Reges” inzibati məsuliyyətə cəlb edilə bilməz.1.4 Məhkəmənin həmçinin onu da nəzərinə çatdıraq ki, təqsiri istisna edən fakt kimi o da nəzərə alına bilər ki, sözügedən məbləğ 180 gün keçdikdən dərhal sonra “Reges”in müvəkkil etdiyi banka köçürülmüş (Qoşma 3: köçürməni təsdiq edən bank çıxarışı) və “Gömrük” tərəfindən sözügedən ixrac bəyannamələrinin köçürülmələrinin edildiyi təsdiq edilmişdir (Qoşma 4: gömrükdən köçürmələri təsdiq edən hesabat) 2. İXM 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. İXM-nin 109.1.6-cı maddəsinə isə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Protokoldan isə aydın olur ki, protokolu tərtib edən şəxsin səlahiyyətlərini təsdiq edən heç sənəd iş materiallarında mövcud deyil. Odur ki, yuxarıda sadalanan və ex officio nəzərə alacağınız əsaslarla icraatınızdakı sözügedən işlə bağlı alternativli olaraq icraata xitam verilməsini, xitamla bağlı dəlillərlə razılaşmadığı təqdirdə protokolun geri qaytarılmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin vəkili Vəkil məhkəməyə təqdim etdiyi etirazı şifahi əsaslandıraraq iş üzrə icraata xitam verilməsi və yaxud protokolun geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:xx.xx.2024-cü il tarixli RGS-KRG 0436 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə “KAR-QRUP” şirkəti arasında malın dəyəri sonradan ödənilmək şərti ilə alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli **********6873 nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC (vöen **********) olaraq Gürcüstan Respublikasında yerləşən “KAR-QRUP” şirkətinə dəyəri 2410.80 ABŞ dolları olan “sement” yükü rəsmiləşdirilərək Gürcüstan Respublikasına ixrac edilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, konsiqnasiya yolu ilə ixrac olunan malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi təmin edilmədikdə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin və ya CM-nin 208-ci maddəsinin tələblərinə uyğun olaraq müfaviq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. 16 noyabr 2024-cü il tarixli Naxçıvan Baş Gömrük İdarəsi Əməliyyat və istintaq idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X4 “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardadından görünür ki, Kəngərli rayonu, Böyükdüz kəndində qeydiyyatda olan "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. 16 noyabr 2024-cü il tarixli konsiqnasiya əməliyyatları üzrə hesabatdan görünür ki, **********6873 nömrəli gömrük bəyannaməsi üzrə 2410.80 ABŞ dolları məbləğində vəsaiti "xxxx" MMC-nin bankda olan hesabına köçürülməmişdir. Etiraza əlavə olunmuş "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən "xxxx" MMC-nin direktoru Kamal Kərimov **********6869, **********6871 və **********6873 bəyannamə nömrələri üzrə 5002,00 USD məbləğindəki pul vəsaitinin müqavilədə nəzərdə tutulan bank hesablarına ödənilməsinin təmin edilməsi barədə "xxxx"MMC-yə xəbərdarlıq etmişdir. Həmçinin etiraza əlavə olunmuş kredit haqqında bildirişə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin idxal ixrac edilmiş malların bank üzrərində ödənişləri barədə hesabata əsasən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən RGS**********/1 nömrəli xx.xx.2024 tarixli müqavilə üzrə 5002 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" MMC-yə ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12.2-ci bəndinin tələbinə əsasən 180 gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Qaydaların 15.1-ci bəndinə uyğun olaraq, şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021 -ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin "əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Sözügedən Qərarın 1-ci bəndinə əsasən "Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları’’na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən ixrac edilən bəyannamə üzrə yükün dəyəri 2410.80 ABŞ dolları olan məbləğ bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının bank hesabına köçürülməmişdir. Göründüyü kimi, "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********6873 nömrəli gömrük bəyannaməsi üzrə götürülmüş 180 gün müddətinə öhdəlik xx.xx.2024-cü tarixdə bitdiyindən həmin vaxtdan artıq inzibati xəta hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsində həmin tarixdən sonra xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması inzibati məsuliyyətdən azad edilmə kimi nəzərdə tutulmadığından əsas sayıla bilməz. Məhkəmə hüquqi şəxs "xxxx" MMC-nin vəkili Vəkil məhkəməyə təqdim etdiyi etirazda göstərilənlərlə bağlı qeyd edir ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə pretenziya məktubunun göndərilməsini təsdiq edən sənəd təqdim olunmadığından, inzibati xəta haqqında iş üzrə inzibati araşdırma aparılması zamanı inzibati araşdırma orqanına təqdim edilmədiyindən həmin pretenziya məktubunun xx.xx.2024-cü il tarixdə tərtib edilməsi və “KAR-QRUP” şirkətinə göndərilməsi (poçt və ya elektron vasitələrlə) öz təsdiqini tapmır və "xxxx" MMC-nin təqsirini istisna edən hal kimi nəzərə alınmamalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsində inzibati xəta haqqında işə baxılarkən protokolun geri qaytarılması barədə qərar qəbul edilməsi nəzərdə tutulmadığından həmin vəsatət təmin edilə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-nin 483-cü maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə "xxxx" MMC inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın bilavasitə obyekti olmuş 2410.80 ABŞ dolları xarici valyuta vəsaiti dəyərinin 30 (otuz) faizi, yəni 723,24 ABŞ dolları həcmində cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: "xxxx" MMC (vöen **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan 2410.80 ABŞ dolları valyuta vəsaiti dəyərinin 30 (otuz) faizi, yəni 723,24 (yeddi yüz iyirmi üç ABŞ dolları, iyirmi dörd sent) ABŞ dolları məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Cərimə məbləği icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə "xxxx" MMC-dən tutularaq dövlətin xeyrinə ödənilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar