Məhkəmə qərarları › İş №3(111)-6/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-6/2023

09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-6/2023 09.02.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 iclas katibliyi, tərcüməçi X3 iştirakı ilə, xx xxxxx 1982-ci ildə Türkiyə Respublikasının Qaziantep şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Baş Gömrük İdarəsindən məhkəməyə daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə tərtib edilmiş 23 yanvar 2023-cü il tarixli 18000-00048/23 nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə saat 17:32 radələrində “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “şüşə” yükü aparan Türkiyə Respublikasının vətəndaşı, Qaziantep şəhər sakini, xx.xx.2022-ci il tarixində verilmiş U26877646 nömrəli xarici pasportun sahibi, xx xxxxx 1982-ci il təvəllüdlü Şəxs idarə etdiyi 27ALK896/42ALY61 dövlət nömrə nişanlı, “Renault Premium 430 197” markalı yük nəqliyyat vasitəsinin dartıcı və qoşqusuna iki hal şahidinin iştirakı ilə yoxlanış keçirilmiş, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin kabinində sürücüyə məxsus olan çantanın içərisindən dəsmala bükülmüş halda 20 qutu (400 ədəd) üzərində “Palmall” yazısı olan, dartıcının sol hissəsinin çöl tərəfindəki sandığının arxa tərəfində döşəmə rezinin altından 10 qutu (200 ədəd) üzərində “Winston” yazısı olan və 10 qutu (200 ədəd) “Palmall” yazısı olan, qoşqunun sağ hissəsinin sandığının arxa tərəfində taxtadan düzəldilmiş gizli saxlanc yerindən 230 qutu (4600 ədəd) “Palmall” yazısı olan və 10 qutu (200 ədəd) üzərində “Winston” yazısı olan, ümumilikdə 280 qutu (5600 ədəd) İran İslam Respublikasının aksiz markası ilə markalanmış siqaretlər aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə dəvət olunmuş, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş, lakin heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun inspektoru Şahid1 izahatında göstərilən vəzifədə işlədiyini, 16 yanvar 2023-cü il tarixində saat 17:32də “Şahtaxtı” gömrük postunda yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən X2 gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə Türkiyəyə gedən Türkiyə Respublikasının vətəndaşı onun idarə etdiyi Şəxs Ahmetin idarə etdiyi 27ALK896/42ALY61 dövlət nömrə nişanlı, “Renault Premium 430 197” markalı yük nəqliyyat vasitəsinə ümumi gömrük yoxlanışı etmək qərarına gəldiyini və yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin kabinində sürücüyə məxsus olan çantanın içərisindən dəsmala bükülmüş halda 20 qutu (400 ədəd) üzərində “Palmall” yazısı olan, dartıcının sol hissəsinin çöl tərəfindəki sandığının arxa tərəfində döşəmə rezinin altından 10 qutu (200 ədəd) üzərində “Winston” yazısı olan və 10 qutu (200 ədəd) “Palmall” yazısı olan, qoşqunun sağ hissəsinin sandığının arxa tərəfində taxtadan düzəldilmiş gizli saxlanc yerindən 230 qutu (4600 ədəd) “Palmall” yazısı olan və 10 qutu (200 ədəd) üzərində “Winston” yazısı olan ümumilikdə 280 qutu (5600 ədəd) İran İslam Respublikasının aksiz markası ilə markalanmış siqaretlər aşkar edildiyini və protokol əsasında götürüldüyünü bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında 16 yanvar 2023-cü il tarixində “Şahtaxtı” gömrük postunda yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında işçi lazım olduğundan oraya getdiyini, yük boşaltdığı zaman Əli adlı gömrük əməkdaşı onu çağırdığını, İrandan gələn Türkiyə Respublikası vətəndaşının idarə etdiyi bir yük nəqliyyat vasitəsini yoxlayacağını deyərək hal şahidi kimi iştirak etməsini xahiş etdiyini, daha sonra həmin nəqliyyat vasitəsini yoxlamağa başladıqlarını, yoxlama zamanı gizlədilmiş cəmi 280 qutu siqaret aşkar edildiyini, sonra həmin siqaretlər barədə sənədlər yazıldığını və imzalarla ilə təsdiq etdiklərini bildiridi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 izahatında Şahid2 ilə eyni məzmunlu izahat verərək onun dediklərini təsdiq etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş:- 23 yanvar 2023-cü il tarixli 18000-00048/23 nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə saat 17:32 radələrində “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “şüşə” yükü aparan Türkiyə Respublikasının vətəndaşı, Qaziantep şəhər sakini, xx.xx.2022-ci il tarixində verilmiş U26877646 nömrəli xarici pasportun sahibi, xx xxxxx 1982-ci il təvəllüdlü Şəxs idarə etdiyi 27ALK896/42ALY61 dövlət nömrə nişanlı, “Renault Premium 430 197” markalı yük nəqliyyat vasitəsinin dartıcı və qoşqusuna iki hal şahidinin iştirakı ilə yoxlanış keçirilmiş, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin kabinində sürücüyə məxsus olan çantanın içərisindən dəsmala bükülmüş halda 20 qutu (400 ədəd) üzərində “Palmall” yazısı olan, dartıcının sol hissəsinin çöl tərəfindəki sandığının arxa tərəfində döşəmə rezinin altından 10 qutu (200 ədəd) üzərində “Winston” yazısı olan və 10 qutu (200 ədəd) “Palmall” yazısı olan, qoşqunun sağ hissəsinin sandığının arxa tərəfində taxtadan düzəldilmiş gizli saxlanc yerindən 230 qutu (4600 ədəd) “Palmall” yazısı olan və 10 qutu (200 ədəd) üzərində “Winston” yazısı olan, ümumilikdə 280 qutu (5600 ədəd) İran İslam Respublikasının aksiz markası ilə markalanmış siqaretlər aşkarlanaraq götürülmüşdür. 09 yanvar 2023-cü il tarixli 49 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində Azərbaycan Respublikasına aid aksiz markası olmayan siqaretlərin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 438 (dörd yüz otuz səkkiz) manat müəyyən edilir, o cümlədən bir qutu (20 ədəd) “Palmall” markalı siqaretin orta bazar qiyməti - 1.50 manat, 260 qutu - 1.50 manat X 260 qutu = 390 (üç yüz doxsan) manat, bir qutu (20 ədəd) “Winston” markalı nazik siqaretin orta bazar qiyməti – 2.40 manat, 20 qutu – 2.40 manat X 20 qutu = 48 (qırx səkkiz) manatdır. İş materiallarında olan 24 yanvar 2023-cü il tarixli, 101-015/0xx-xx/000229 nömrəli məktubun qeyd hissəsindən görünür ki, maddi sübutlar məhkəmə tərəfindən barəsində müvafiq qərar qəbul edilənədək Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. Beləliklə, işin araşdırılan halları ilə müəyyən olunur ki, Şəxs 16 yanvar 2023-cü il tarixdə “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisinə keçərkən nəqliyyat vasitəsində gizlətdiyi 260 qutu “Palmall” və 20 qutu “Winston” markalı siqaretləri gömrük əməkdaşlarına bəyan etmədən gömrük nəzarətindən gizlətməklə keçirmək istəmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinin tələbləri həmin şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:- 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılan 260 qutu “Palmall” və 20 qutu “Winston” yazısı olan İran İslam Respublikasının aksiz markası ilə markalanmış siqaretlər müsadirə edilməlidir. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş inzibati xətanın bilavasitə obyekti olan və Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılan 260 qutu “Palmall” və 20 qutu “Winston” yazısı olan İran İslam Respublikasının aksiz markası ilə markalanmış siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar