Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-6/2025 22.01.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1963-cü ildə Şərur rayon Muğanlı kəndində doğulmuş, evli, işsiz, Şərur rayon Muğanlı kəndində qeydiyyatda olan Şəxs haqqında Kəngərli rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Kəngərli rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 22 yanvar 2025-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs 22 yanvar 2025-ci il tarixdə Kəngərli rayonunun Qıvraq qəsəbəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə iş üzrə icraat aparılan şəxs Şəxs izahatında onun polis əməkdaşının qanuni tələblərinə tabe olmadığına görə yox, “TikTok” adlanan sosial şəbəkədə yazdığı şərhə görə polis şöbəsinə gətirildiyini, onun barəsində deyilənlərin yalan və böhtan olduğunu, xx.xx.2025-ci ildə axşam vaxtlarından polis əməkdaşları tərəfindən Kəngərli rayon Polis Şöbəsinə gətirildiyini və şöbədə saxlanıldığını, bu səbəbdən də polis şöbəsində izahat verməkdən və tərtib olunmuş inzibati xəta haqqında protokolla tanış olmaqdan imtina etdiyini, törədilmiş əməldə özünü təqsirli bilmədiyini, daha əvvəl polisin qanuni tələblərinə tabe olmamağına görə məsuliyyətə cəlb olunmadığını və əməlindən peşman olmadığını bildirdi. İnzibati xəta haqqında iş üzrə şahid qismində izahat verən Kəngərli Rayon Polis şöbəsinin PPX-nin polis nəfəri Şahid4 izahatında 22 yanvar 2025-ci il tarixdə saat 09:30 radələrində polis yoldaşı Şahid3 ilə Qıvraq qəsəbəsində xidmət apararkən Qıvraq qəsəbəsində yerləşən avtobus dayanacağında 1 nəfərin uca səslə nalayiq ifadələr işlətdiyini, polis yoldaşı ilə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdiklərini, həmin şəxsi nizamintizama dəvət etdiklərini, onun isə onların qanuni tələblərinə qəsdən tabe olmadığını və öz hərəkətlərini davam etdirdiyini, bu səbəbdən də Kəngərli Rayon Polis Şöbəsinin növbətçi hissəsinə məlumat verdiklərini, polis şöbəsinin Əməliyyat-istintaq qrupunun gəlib həmin şəxsi apardığını bildirdi. İnzibati xəta haqqında iş üzrə şahid qismində izahat verən Kəngərli Rayon Polis şöbəsinin PPX-nin polis nəfəri Şahid3 Şahid4 izahatı ilə eyni məzmunlu izahat verərək onun söylədiklərini bir daha təsdiq etdi. İnzibati xəta haqqında iş üzrə şahid qismində izahat verən Kəngərli Rayon Xok kənd sakini Şahid1 izahatında 22 yanvar 2025-ci il tarixdə, saat 10 radələrində Qıvraq qəsəbəsində yolda işləyərkən avtobus dayanacağında 1 nəfərin ucadan danışaraq nalayiq ifadələr işlətdiyini, daha sonra polis əməkdaşlarının həmin şəxsə yaxınlaşaraq onu nizamintizama dəvət etdiklərini, lakin həmin şəxsin buna baxmayaraq hərəkətlərinə davam etdiyini, daha sonra polis əməkdaşlarının onu polis şöbəsinə apardıqlarını bildirdi. İnzibati xəta haqqında iş üzrə şahid qismində izahat verən Kəngərli Rayon Çalxanqala kənd sakini Şahid2 Şahid1 izahatı ilə eyni məzmunlu izahat verərək onun söylədiklərini bir daha təsdiq etdi. İş materiallarında olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən Şəxs şəxsi məlumatlarından çıxarışdan görünür ki, onun barəsində Şərur Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılaraq inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Kəngərli Rayon Polis şöbəsindən sorğu əsasında daxil olmuş xx.xx.2025-ci il tarixli 3-13-43-13/2-265/2025 nömrəli məktubdan görünür ki, Şəxs 22 yanvar 2025-ci il tarixdə saat 10:30 radələrində Kəngərli Rayon Polis şöbəsinin post patrul xidməti tağımının polis nəfərləri tərəfindən Kəngərli Rayon Polis şöbəsinə dəvət olunaraq barəsində inzibati araşdırma aparılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il axşam vaxtlarından polis əməkdaşları tərəfindən Kəngərli rayon Polis Şöbəsinə gətirldiyini və şöbədə saxlandığını barədə verdiyi izahatına münasibətdə qeyd edir ki, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, onun tərəfindən məhkəməyə sübutlar təqdim olunmamışdır. Odur ki, məhkəmə qeyd edilən halı barəsində inzibati xəta haqqında iş üzrə iş üzrə icraat aparılan şəxsin özünü müdafiə və məsuliyyətdən yayınma kimi qiymətləndirir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə iş üzrə inzibati xəta törətmiş şəxsin inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halı nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunma müddətinin əvvəli 22 yanvar 2025-ci il tarixdən saat 17:10-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-6/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-6/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver