Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-60/2023 06.12.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.1962-ci ildə Şərur rayon Qarabağlar kəndində doğulmuş, Kəngərli rayon Qarabağlar kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Kəngərli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Kəngərli Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 06 dekabr 2023-cü il tarixli 002548 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs 01 noyabr 2023-cü il tarixdə saat 09 radələrində işlədiyi Kəngərli rayon Yurtçu kənd tam orta məktəbində yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs döymüşdür. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Kəngərli rayon Yurtçu kənd tam orta məktəbində müəllim işlədiyini, 2 ildir ki, Zərərçəkmiş şəxs dərs dediyini, Rəbbinin əvvəllər ön sırada oturduğunu, bu il artıq arxa sıraya keçdiyini, dərsləri oxumadığını, sinifdə səs salıb intizamsızlıq etdiyini, 01 noyabr 2023-cü il tarixdə 7a sinfində dərsinin olduğunu, dərsə başlayıb Rəbbindən dərsi soruşmaq üçün onu lövhəyə çıxartdığını, Rəbbinin dərsə hazır olmadığını, 2 gün əvvəl həmin dərsdən summativ yazdıqlarını, Rəbbinin cavabları internetdən yazıb gətirdiyini, ona internetdən yazdığını deyəndə qəbul etmədiyini, həmin dərsə cavab verə bilmədiyinə görə ona əlinin arxası ilə yavaş vurduğunu, sonra Rəbbinin gedib yerində oturduğunu, onun boynunu yaralamadığını, Rəbbinin başqa yerdə yaralandığını, 37 ildir müəllim işlədiyini, etdiyi hərəkətlərdən təəssüf hissi keçirərək peşman olduğunu bildirdi. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilən Qanuni nümayəndə izahatında 01 noyabr 2023 tarixində saat 10 radələrində məktəbin psixoloqunun zəng edərək Rəbbinə xəsarət yetirildiyini dediyini, özünün getmədiyini, uşağın nənəsinin məktəbə getdiyini, evə gələndə boynundan yaralandığını gördüyünü, uşaqdan soruşduqda Ofeliya müəllimin onu boynundan yapışıb stola çırpdığını və həmin vaxt boynunun yaralandığını dediyini, ona görə də müəllimdən şikayət etdiyini, aralarında barışıq olmadığını, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Şəxs aid AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, xx.xx.1962-ci ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 14 noyabr 2023-cü il tarixli 1539 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər-boynunda sıyrıqlar küt mexanizmdən bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, məhkəmədə iştirak edən şəxslərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol, Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 14 noyabr 2023-cü il tarixli 1539 nömrəli ekspert rəyi və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 01 noyabr 2023-cü il tarixdə saat 09 radələrində işlədiyi Kəngərli rayon Yurtçu kənd tam orta məktəbində yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs döymüşdür. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun xx.xx.1962-ci il təvəllüdlü olmaqla altmış yaşına çatdığını, məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-60/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-60/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver