Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-69/2023 22.12.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1976-ci ildə Şərur rayon Xok kəndində doğulmuş, Kəngərli rayon Xok kəndində qeydiyyatda olan, ailəli, 1 uşaq anası, orta təhsilli, işsiz Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Kəngərli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Kəngərli Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 22 dekabr 2023-cü il tarixli 002555 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs 12 sentyabr 2023-cü il tarixdə saat 15:20 radələrində Zərərçəkmiş şəxs itələyərək yıxmış, əlindən daş ilə vuraraq ona fiziki ağrı yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 12 sentyabr 2023-cü il günorta vaxtı Xok kəndində yerləşən torpaq sahəsinə getdiyini, həyətinin çəpərinin əzildiyini görüb qonşusu Abdullazadə Həsrətin evinə gedərək qapını döyüb qışqıraraq onlardan çəpəri niyə əzdiklərini soruşduğunu, bu zaman Zərərçəkmiş şəxs və onun Abdullazadə Günel evdən çıxaraq söyüş söydüklərini, sonra əsəbləşdiyindən su nasosunun elektrik naqilini qırdığını, bu zaman onların onun üstünə hücum edərək xəsarət yetirdiklərini, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirmədiyini, özünü təqsirli bilmədiyini və hərəkətlərindən peşman olmadığını bildirdi. İnzibati xəta haqqında iş üzrə Zərərçəkmiş şəxs izahatında 12 sentyabr 2023-cü il günorta vaxtı qızı Abdullazadə Günelgilə getdiyini, evdə olarkən pəncərənin və qapının döyüldüyünü, qızı Günel pəncərədən baxdıqda qonşusu Mömünənin olduğunu gördüyünü, qızı çölə çıxarkən Mömünənin onun sinəsindən vuraraq itələdiyini, onları aralayarkən Mömünənin onu da itələyib yerə yıxdığını, bu zaman xəsarət aldığını, bu hadisə ilə əlaqədar Mömünənin də ondan şikayət etdiyini, aralarında barışıq olmadığını, Şəxs onunla barışmadığından barəsində qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 20 sentyabr 2023-cü il tarixli 1300 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər-sol əlin İİİ barmağında və sol belində qançırlar küt mexanizmdən bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmənin icraatına həm Şəxs Zərərçəkmiş şəxs və X2 tərəfindən döyülməsi, həm də Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsi barədə inzibati işlər daxil olmuşdur. Bu işlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, şəxslərin birbirini döyməsi ilə bağlı inzibati araşdırma orqanı əsas sübut növü kimi hadisənin birbaşa iştirakçısı kimi zərərçəkmiş şəxslərin izahatları və onların almış olduqları xəsarətlər barədə ekspert rəyləri olmuşdur. Lakin məhkəmə zərərçəkmiş şəxslərin bir-birinə qarşı eyni şikayətlə müraciət etdiyindən və bunlarla bağlı şəxslərin üzərində hər hansı xəsarətlərin olması barədə onların hər ikisinə ekspert tərəfindən rəy verildiyindən hesab edir ki, zərərçəkmişlərin izahatlarına əsaslanıb onların təqsirli bilinməsi ədalətli və obyektiv araşdırma baxımından düzgün olmaz. Çünki, həmin şəxslərin qarşılıqlı münaqişədə bir-birinə xəsarət yetirməsi normaldır, burada əsas müəyyən olunmalı birinci şəxsin kimə qarşı hücum etməsi halının araşdırılması zərurəti yaranır, işin araşdırılması zamanı isə bu hallar müəyyən olunmur. Bu halların müəyyən olunmaması münaqişə zamanı zəruri müdafiənin olub-olmaması məsələsinin də müəyyən olunmasına çətinlik yaradır. Hazırki vəziyyətdə məhkəməyə təqdim olunmuş sübutlar şəxslərin həmin əməli törətməsində birbaşa təqsirli bilinməsinə imkan vermir. Hadisənin bilavasitə şahidi olmuş, görmüş şəxs yoxdur. Ekspert tərəfindən verilmiş sübutlar isə yalnız şəxslərə xəsarət vurulması faktını təsdiq edir, lakin bu həmin şəxslərə kimin tərəfindən vurulmasını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 82-1.3-ci maddəsinə əsasən ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqında iş üzrə təqsiri sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 114-115-ci və128-130-cu maddələrini rəhbər tutaraq qərar verdi: Naxçıvan MR Daxili İşlər Nazirliyinin Kəngərli Rayon Polis Şöbəsi tərəfindən 22 dekabr 2023-cü il tarixli, 002555 nömrəli protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şəxs təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-69/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-69/2023
22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver