Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1005/2024 01.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X3 və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 iştirakı ilə, Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin inspektoru X6 19 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 onun İnzibati Xətalar Məcəlləsinin 322.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 50 manat inzibati cərimə olunması barədə 19 fevral 2024cü il tarixli MN ******* saylı qərardan şikayət verərək, qərarın və protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsi tərəfindən 02 fevral 2024-cü il tarixli protokol tərtib edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.4-cü maddəsinə əsasən inzibati tənbehvermə haqqında MN ******* saylı qərar çıxarılmışdır. Sözügedən protokol qərəzli xarakter daşıyır. Belə ki, fotoşəkil köhnə çəkilmiş şəkildir. Həmin protokola imza etməməsinin səbəbi də elə budur. İnspektor qanunların aliliyinə hörmətsizlik etmiş, öz vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və səlahiyyətlərini aşaraq özbaşınalıqlarını əsassız cərimə yazmışdır. Protokolla razı olmadığı halda, qanunvericiliyin tələblərinə əsasən hal şahidlərinin imzası ilə protokol tərtib edilməli idi, lakin qanunun bu tələblərinə məhəl qoyulmamış və əsassız qərar çıxarılmışdır. İnspektor özünü qanunlardan üstün tutmaqla, ictimai nəqliyyatda xidmət göstərən sürücülərə öz hegemonluğunu bu cür sübut etdirir və ən əsası da odur ki, rəhbərliyi tərəfindən bu özbaşnalıqlar edilməsinə dəstək verilir. Hesab edir ki, protokol və qərar əsassızdır. Protokol tərtib edilərkən, onun tərəfindən imza etmək narazılığı nəzərə alınmamış və hal şahidləri dəvət olunmamışdır. İnspektor öz vəzifə borcunu düzgün yerinə yetirməmişdir. Hesab edir ki, protokol və qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin inspektoru X9 bildirmişdir ki, sürücü X4 yaxınlaşanda bir əli ilə sərnişinə pulun qalığını qaytarmış, digər əli ilə də siqaret çəkərək külünü pəncərədən atmışdır. Daha sonra o, növbəti dayanacaqda sürücünü saxlayaraq siqaret çəkdiyinə görə irad bildirmiş, sürücü isə “bir siqaretdir də çəkirəm” demişdir. Daha sonra sürücü cəmi 2 dəqiqə vaxtının olduğunu bildirərək marşrutun qrafik xəttinin pozulmaması üçün avtobusu sürüb getmiş və barəsində protokolun tərtib olunması haqqında məlumatı olmuşdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 bildirdi ki, onun barəsində qərəzli olaraq protokol tərtib edilmişdir. O, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməsə də həmin vaxt siqaret çəkmədiyini və barəsində qərəzli şəkildə qərar qəbul edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin əməkdaşı şahid X5 bildirmişdir ki, sürücü inzibati xətanı törətdikdən sonra onun barəsində protokol tərtib olunmuşdur. Həmin vaxt sürücülər adətən vaxt məhdud olduğundan onların iştirakı olmadan protokol tərtib olunmalarına etirazlarının olmadığını bildirirlər. Məhkəmə qərardan şikayət vermiş şəxs X3 və protokol tərtib etmiş şəxs X6 və Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin əməkdaşı şahid X1 izahatlarını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, 19 fevral 2024-cü il tarixli MN ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş 19 fevral 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 İXM-in 322.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə (müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkilməsinə görə) 50 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.4-cü maddəsinə əsasən müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 idarə etdiyi sərnişin avtobusunda tütün çəkdiyinə görə İXM-in 322.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xətanı törətmiş şəxs tərtib edilmiş protokol və qərarla razılaşmır. A.Hacıyev şikayətini onunla əsaslandırmışdır ki, tərtib edilmiş protokoldan məlumatsızdır və idarə etdiyi avtobusda tütün çəkməmişdir. Lakin, o, bunun əksini sübut edə bilməmiş və bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin inspektoru X6 19 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1005/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1005/2024
01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver