Məhkəmə qərarları › İş №3(125)-1007/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1007/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1007/2024 07.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 2001-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Gəncə şəhəri, “Gəncə Mall”-ın qarşısında özünə məxsus VAZ 21074 markalı avtomobili saxlamış, avtomobildə konstruksiya dəyşikliyi olduğu üçün YPX əməkdaşları tərəfindən saxlanılıb avtomobilin duracağa təmin ediləcəyi bildirildikdə, yaxşı elədiyini bildirərək səs-küy salmış, polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, O “Gəncə Mall”-ın qabağında dayanan zaman polis əməkdaşları ona yaxınlaşıb maşında konstruksiya dəyişikliyi etdiyini və onu cərimə meydançasına aparacaqlarını bildirmişlər, həmin vaxt o onlara heç bir müqavimət göstərməmişdir. Onu aldadıb meydançaya deyil şöbəyə aparmışlar. O iş üzrə özünü təqsili bilmir, iş üzrə icraata xitam verilməsin xahiş etdi. İş üzrə şahid Gəncə şəhər BPİ-in DYPŞ-in ƏYPXB-ın YPX-in inspektoru polis baş serjantı X3 bildirdi ki, xidmətdə olan zaman ”Gəncə Mall”-ın qabağında dayanmış **-ZN-*** DQN-ın Vaz-21074 markalı avtomaşının sürücüsü Şəxs dəfələrlə ona olunmuş xəbərdarlıqlara məhəl qoymayaraq yenə də nəqliyyat vasitəsində kobudca konstruksiya dəyişikliyi etdiyi aşkarlanmışdır. Onlar sürücüyə yaxınlaşıb niyə belə etdiyini soruşduqda yaxşı etdiyini demişdir. Sürücüyə duracağa gedəcəyini söylədikdə o buna etiraz etmişdir. Xəbərdarlıqlara baxmayaraq onlara tabe olmamışdır. Onlar sürücünü aidiyyəti üzrə əməkdaşların köməyi ilə 1-ci polis Şöbəsinə aparmışlar, sürücü orda da səs-küy salmışdır. İş üzrə şahid polis baş-leytenantı baş inspektor X2 bildirdi ki, Heydər Əliyev prospektində “Gəncə Mall”-ın qabağında dayanmış VAZ-21074 markalı maşının sürücüsü Şəxs dəfələrlə xəbərdarlıqlara baxmayaraq yenədə nəqliyyat vasitəsində kobudca konstruksiya dəyişikliyi etmişdir, sürücüdən niyə belə etdiyini soruşduqda isə yaxşı etdiyini bildirmişdir. Sürücünü dayanacağa aparmağa çalışanda isə o etiraz etmişdir, onlar sürücünü 1-ci polis şöbəsinə aparmışlar. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkib əlamətlərinin mövcud olması öz təsdiqini tapmasa da, İXM-in 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 07 mart 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 iyul 2023-cü il tarixdə Gəncə şəhəri, “Gəncə Mall”-ın qarşısında VAZ 21074 markalı avtomobil də konstruksiya dəyşikliyi olduğu üçün YPX əməkdaşları tərəfindən saxlanılıb, dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq səbəbini soruşduqda yaxşı elədiyini bildirərək səs-küy salaraq ətrafadkı insanları narahat etmişdir və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında şahid ifadələri və digər sübutlarla öz təsdiqini tapmasa da, İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadəsi, özünün izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi üzrə aparılan inzibati xəta haqqında icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş hesab edilərək, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar