Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-101/2024 17.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, X1 iştirakı ilə, X1 xx.xx.2024-cü il tarixli, EQ 18773306 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 18773306 saylı inzibati qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi ərizəni müdafiə edərək bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Gəncə şəhəri, Dədə Qorqud 1A istiqamətində saatda 60 km həddi olan yolda 85 km/saat sürətlə hərəkət edirdi. Yolun sağ tərəfində ağaclığın arxasında gözlə görünməyən yerdə YPX-nın xüsusi operativ nəqliyyat vasitəsi tərəfindən yol patrul xidməti haqqında təlimatı kobud şəkildə pozaraq onun idarə etidyi “Volswagen Passat” markalı “** XP ***” dövlət qeydiyyat nişanlı avtomobili ilə sürət həddini aşmağı qeydə alınmış, bundan başqa YPX inspektoru xidməti operativ nəqliyyat vasitəsini əks istiqamətdə hərəkət edərək qayda pozuntusunu ona rəsmi qaydada göndərmək əvəzinə arxası ilə gedərək avtomobili saxlatmış və cərimə edəcəyini bildirmişdir. Beləliklə İ.Zamanov onun barəsində qəbul edilmiş EQ 18773306 saylı qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati protokolu tərtib etmiş Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 18773306 saylı inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd olunmuşdur ki, X2 İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. “Yol hərəkəti haqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin Vİİİ bəndinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması”nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Q25-001-17 nömrəli 12 may 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”a əsasən Yol-patrul xidməti X4rumlarının tərkib hissəsi olaraq, yol hərəkəti iştirakçılarının həyatının, sağlamlığının, əmlakının, onların hüquqlarının, yol hərəkəti sahəsində dövlətin və cəmiyyətin maraqlarının qorunmasını, yol hərəkəti təhlükəsizliyinin, nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasını, bu sahədə inzibati xətaların aşkar olunmasını, profilaktikasını və qarşısının alınmasını, habelə qanunla polisin üzərinə düşən digər vəzifələrin icrasını həyata keçirir. Yol patrul xidmətinin aparılmasında məqsəd inzibati xətanın törədilməsini gözləyərək həmin xətaya görə tənbeh tətbiq etmək yox, ümumiyyətlə inzibati xətanın qarşısını almaqdır. Digər tərəfdən “Yol-patrul xidməti haqqında Təlimat”ın 4.3-cü bəndinə əsasən Patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. Bundan başqa təlimatın 4.4-cu bəndinə əsasən patrul avtomobili və motosikletlərindən istifadə etməklə xidmət aparılan zaman aşağıdakı əsas metodlar tətbiq edilir: nəqliyyat vasitələri axınında hərəkət – yol hərəkəti qayda pozuntularının qarşısının alınması məqsədilə qırmızı və ya göy sayrışan işıq siqnalından istifadə etməklə; qəza təhlükəli yerlərdə dayanmaqla xidmət aparma – təhlükənin aradan qaldırılması, eləcə də sürücü və piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması üçün qırmızı və ya göy sayrışan işıq siqnalından istifadə etməklə; bütün hərəkət iştirakçıları üçün yaxşı görünən yerlərdə patrul avtomobilinin və ya motosikletinin saxlanması və eyni zamanda YPX inspektorunun hərəkət intensivliyinin yüksək olduğu sahələrdə piyada hərəkət etməsi. Bu və ya digər metodun tətbiqi, onların növbələşməsi patrul marşrutunda yaranan şəraitə uyğun müəyyən edilir. Bu baxımdan şikayət vermiş İsgəndər Zamanovun şikayətində göstərdiyi dəlillər əsaslı hesab edilməlidir. Çünki, inzibati xətalar haqqında iş üzrə icraatda qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsi yolverilməzdir. İşin xüsusi ilə mühum əhəmiyyətli halı ondan ibarətdir ki, Azərbaycan Respublikası İXM-in 53-cü maddəsi başlanılmış inzibati icraata xitam vermənin əsaslarını sadalayarkən inzibati xəta hadisəsinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrinin zəruriliyini tələb etmiş, inzibati xəta xüsusi texniki vasitənin köməkliyi olmadan qeydə alındıqda isə ona xitam vermənin əsaslarını özündə ehtiva etmişdir. xx.xx.2024-cü il tarixli, EQ 18773306 saylı qərara nəzər yetirildikdə isə qərarda inzibatı xətanın xüsusi texniki vasitənin köməkliyi ilə müəyyən edildiyi qeyd edilsə də həmin xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer qeyd edilməmişdir. Azərbaycan Respublikası İXM- in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati əta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X2 tərəfindən inzibati xətanın törədilməsində qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 18773306 saylı inzibati tənbeh vermə haqqında qərar leğv edilməli və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X2 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 18773306 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-101/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-101/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver