Məhkəmə qərarları › İş №3(125)-1013/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1013/2022

21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1013/2022 21.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası DİN BNMİ-nin Qərb bölgəsində regional şöbəinin baş əməliyyat müvvəkili X6 tərəfindən Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş X6 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Şəxs qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyi üçün onun barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib olunmuşdur. Şəxs şöbədə heç bir təzyiq göstərilməmiş, bu şəxsi axtarış zamanı çəkilən video görüntülərdən də aydın olur. Şəxs təqdim edilmiş müdafiəçiyə etirazı olub-olmaması aydınlaşdırılmış, o, etiraz etməmiş, özü sərbəst qaydada ifadəsində bir neçə gün öncə narkotik istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmədiyini, atasının CM-nin 234.4.3-cü maddəsi ilə tutulduğu üçün polis əməkdaşları tərəfindən onun şərləndiyini bildirmişdir. Belə ki, polis əməkdaşları onu yerə yıxıb təhqir edərək zorla narkotik istifadə etdiyini boynuna almasına məcbur etmişlər. O, şokda olduğu və qorxduğu üçün etiraf etmişdir. Lakin o, özü xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş, idmanla məşğul olur və heç vaxt narkotik istifadəçisi olmamışdır. Polis əməkdaşları onun tutan zaman müdafiəçinin köməyindən istifadə etməsinə maneə olmuşlar. O, Zabil Qəhrəmanovun onun müdafiəçisi olduğunu bildirmiş, lakin polis əməkdaşları ona başqa müdafiəçi vermişlər və Zabil Qəhrəmanovun telefonunun söndürüldüyünü bildirmişlər. Sonda o, barəsində olan inzibati protokola xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - 21 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 18 noyabr 2022-ci il tarixdə saat 15:30-da DİN BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Dədə Qorqud küçəsində yolun kənarında saxlanılarq BNMİ QBRŞ-ya gətirilmiş, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində və üzərində saxlamasında şübhəli bilinən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə, avtomobilə baxış istintaq hərəkəti zamanı sonuncunun üzərindən və avtomobilindən narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla daşınması qadağan edilmiş əşya və predmet aşkar edilməmiş, ancaq təhqiqata məlum olmayan mənbədən əldə etdiyi narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyinə görə xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Narkoloji Dispanserində müayinədən keçirilərkən narkotik vasitələrdən istifadə etdiyi, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğu, narkoloji dispanserdə qeydiyyata alınmasının məsləhət görüldüyü müəyyən edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması əməldə tərkib əsası olmaması əsasına görə rədd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin təhqiqatçısı, polis mayoru X3 tərtib etdiyi 18 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və DVD diskdə olan görüntülərdən görünür ki, BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı X4, BNMİ-nin QBRŞ-nin dəftərxana müdiri, polis baş serjantı X1, müdafiəçi X5 iştirakı ilə Şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən əvvəl Şəxs hüquq və vəzifələri izah olunaraq bildiriş verilmiş, müdafiəçi Fuad Xəlilov təqdim edilərək etiraz olub-olması aydınlaşdırılmış, o, etiraz etməmişdir. Bundan sonra ona üzərində narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmiş, o, belə əşyalar olmadığını bildirmiş, onun üzərində axtarış aparılarkən hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya narkotik vasitə aşkar olunmamışdır. Şəxs verilən suallara cavab olaraq narkotik satışı ilə məşğul olmadığını, təxminən 15 ildir arada bir marixuana istifadə etdiyini, 4 gün əvvəl Goranboy rayon sakini, hazırda Rusiya Federasiyasında yaşayan Əfqan adlı şəxsdən aldığı ¼ kibrit qutusunda marixuananı çəkərək qəbul etmişdir. Polis idarəsinə gətirilərkən ona qarşı heç bir qanunsuz hərəkət olmayıb, heç bir şikayət və tələbi yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin təhqiqatçısı, polis mayoru X3 tərtib etdiyi 18 noyabr 2022-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan və DVD diskdə olan görüntülərdən görünür ki, BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X4, BNMİ-nin QBRŞ-nin dəftərxana müdiri, polis baş serjantı X1, müdafiəçi X5 iştirakı ilə Şəxs istifadəsində olan Hyundai Sonata markalı, 20EE963 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Şəxs avtomobilinin qapılarını və yük yerini açıb avtomobilində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş əşya olmadığını bildirmişdir. Həmin avtomobilin salonuna və yük yerinə baxış keçirilərkən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar olunmamışdır. - xx.xx.2022-ci il tarixli, 2399/2022 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, müayinə zamanı Şəxs sidiyində THC aşkar edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 19 noyabr 2022-ci il tarixli 1756 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, şübhəli şəxs Şəxs həmin tarixdə 16:30-da tutulmuşdur. - Tutulmuş şübhəli şəxsin azad edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardadn görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs tutulmadan azad edilərək DİN-nin BNMİ-nin QBRŞ-dən sərbəst buraxılmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 206-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Şəxs törətdiyi xətanı etiraf etməməsi, yəni narkotik vasitə istifadə etməməsi, eyni zamanda polis əməkdaşlarının təzyiqi ilə video çəkilişdə narkotik istifadə etməsini bildirməsi barədə izahaına tənqidi yanaşır və həmin izahatın özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən tibbi müayinə protokolu, ekspert rəyi, DVD diskdə olan görüntülər və digər sübutlarla tam təkzib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs narkotik vasitəni istifadə etməsi, beləliklə İXM-in 206-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarındakı tibbi müayinə protokolu, ekspert rəyi, DVD diskdə olan görüntülər və digər sübutlarla tam şəkildə sübuta yetirilir. Məhkəmə, Şəxs özünu təqsirli bilməməsi barədə izahatını inzibati məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilən və məhkəmə zamanı araşdırılan, yuxarıda qeyd olunan sübutlarla təkzib olunan ifadə kimi qiymətləndirir. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs himayəsində 3 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 400 (dörd yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar