Məhkəmə qərarları › İş №3(125)-1013/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1013/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1013/2025 11.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin X4 şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin DYPŞ-nin polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:42-də “Vaz 21074” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 327.1-ci və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş, Gəncə şəhər DYPŞ-nin polis leytenantı X2 çıxışında protokolun məzmununa uyğun ifadə verərək Şəxs Gəncə şəhəri ərazisində “Vaz 21074” minik markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyini və buna görə də sürücü S. Allahverdiyev barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs taksi fəaliyyəti ilə məşğul olduğunu bildirərək əməlini etiraf etmiş və bir daha belə səhvə yol verməyəcəyinə dair məhkəməyə söz vermişdir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülərdən görünür ki, Şəxs “Vaz 21074” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq hərəkəti etmişdir. Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda onun Azərbaycan Respublikası İXM-in 327.1-ci və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi qeyd olunmuşdur. Lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxdığından, məhkəmə yalnız Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Belə mövqe ondan irəli gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsi inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) dairəsini dəqiq müəyyən etmişdir. Sözügedən maddəyə əsasən, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Xüsusilə qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyində göstərilən digər orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri tərəfindən nisbətən böyük ictimai təhlükəli olan və daha ağır sanksiya ilə nəticələnə biləcək inzibati xətalara dair işlərə baxılır və bu işlərin dairəsi İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi ilə müəyyən edilir.” Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Belə ki, Şəxs avtoxuliqanlıq etməsi, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının pozulması ilə müşayiət olunan avtomobilini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarması və beləliklə İXM-in 511.1.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi DVD diskdə olan video görüntü və barəsində tərtib edilmiş protokol ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmçinin İXM-in: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 11 mart 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X4 Şöbəsinə göndərilsin. Həbsetmənin əvvəli 11 mart 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar