Məhkəmə qərarları › İş №3(125)-1015/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1015/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1015/2023 07.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 və qərarından şikayət verilmiş şəxs Gəncə şəhər DYPŞ Yol patrul xidməti baş inspektoru, polis serjantı X3 iştirakları ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2023-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2023-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində avtomobillə hərəkət edən zaman hava yağıntılı olduğundan avtomobilinin işıqları yanılı vəziyyətdə idi. Bu zaman **-YP-*** nömrəli YPX avtomobili onu saxlatdırdı və maşının duracağa gedilməsini tələb etdi. Səbəb olaraq LED lampadan istifadə etdiyini söyləmiş və yerində protokol tərtib etməmiş, qanunsuz olaraq avtomobili duracağa salmış, sonra İnzibati Xətalar Məcəlləsinin 342.2.2ci maddəsi ilə (normativ tələblər pozulmaqla avtomobilə əlavə avadanlığın quraşdırılması) inzibati məsuliyyətə cəlb olunmuşdur. Protokol tərtib edildikdən sonra o, öz narazılığını bildirmişdir. Eyni zamanda İnzibati tənbeh vermə haqqında yerindəcə qərar qəbul edilmişdir. Qərar qəbul olunarkən onun məlumatı olmamış və qanunvericiliyin tələbləri pozularaq ona 150 (yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Dəfələrlə o hansı normativ tələbləri pozduğuna aid sənədlər istəsədə inspektor tərəfindən hər hansı bir texniki vasitənin köməyi ilə ölçmələr aparılmadan yerindəcə qərar qəbul edilmişdir. Beləliklə, Gəncə şəhər DYPŞ Yol patrul xidməti baş serjantı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Əlavə olaraq avtomobili 1 gün qanunsuz olaraq duracaqda saxlatmış, duracaqda şəraitin olmamağını nəzərə almayaraq lampaları məcbur sökdürərək maddi ziyan da vurmuşdur. Bununla da Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əməl etməmişdir. (Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz). Qeyd olunanları nəzərə alaraq barəsində qanunsuz olaraq qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Gəncə şəhər DYPŞ Yol patrul xidməti baş inspektoru, polis serjantı X5 şikayətin əsassız olduğunu, qərarın qanun çərçivəsində düzgün tərtib edildiyini buna görə də şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti, qərardan şikayət verən şəxsin və qərarından şikayət verilən şəxsin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan TP ******* nömrəli xx.xx.2023-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 16:40-da “Ford Fusion” minik markalı **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 342.2.2-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 150 (yüz əlli) manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolun surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 16:40-da “Ford Fusion” minik markalı **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 342.2.2-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Ford markalı **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, nəqliyyat vasitəsinin duman əleyhinə faralarının normativ tələblər pozulmaqla lampalarını dəyişdirərək quraşdırılmış, normativ tələblərə uyğun olmayan led lampalar duracaqda sökülərək, normativ tələblərə uyğun lampalarla dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə “Avtomotoservis və ticarət” müəssisəsindən verilmiş xx.xx.2023-cü il tarixli, 41/05 nömrəli rəyin surətindən görünür ki, “Ford Fusion” minik markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobildə avadanlıq dəyişikliyinə yol verilmişdir. Normativə uyğun olmayan lampa quraşdırılmışdır. Nəqliyyat vasitəsinə keçirilən vizual baxış zamanı aşkarlandı ki, dumanlı faraların zavod buraxılışlı lampaları çıxarılaraq yerinə standarta uyğun olmayan led gücləndirici lampalar quraşdırılmışdır. Bu hal yolverilməzdir və digər avadanlıq quraşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Gəncə şəhər BPİ-nin X10 Şöbəsinin üzərinə qoyulsa da, həmin orqan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə sadəcə qərarından şikayət verilmiş şəxs polis serjantı X5 tərəfindən tövsiyyə xarakterli rəy, avtomobilə baxış keçirilməsi ilə bağlı akt və avtomobilin görüntülərini əks etdirən DVD disk təqdim edilmişdir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər DYPŞ Yol patrul xidməti baş inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-ci il tarixli, TP ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar