Məhkəmə qərarları › İş №3(125)-1027/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1027/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1027/2022 26.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 14 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X10 direktoru X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini X4 tərəfindən qəbul edilmiş 14 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X10 direktoru X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərardan X6 şikayət verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(125)-457/2022 saylı qərarı əsasında “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6000 (altı min) manat məbləğində cərimə edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 14 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə o, vəzifəli şəxs qismində təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində cərimə edilmişdir. Yuxarıda qeyd edilən maddə üzrə inzibati xəta faktının müəyyən edilməsi kimi “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X10 əməkdaşı diş həkimi vəzifəsində işləyən X2 qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçmədiyi halda praktik tibb fəaliyyətinə buraxılması olmuşdur. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X10 hərəkətlərində Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsinin əlamətlərinin olub-olmamasını təsdiq edən yalnız qüvvəyə minmiş qərar olmalıdır. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən biridir. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi qərar qəbul edərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmalı, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmasını təsdiq edən sübütları qərarın təsviri hissəsində qeyd etməklə əsaslandırlmalı, inzibati məsuliyyəti müəyyən edən qanunun normasını düzgün tətbiq etməlidir. Buna baxmayaraq Səhiyyə Nazirliyi tərəfindən qərar qəbul edilərkən 215.4-cü maddəsinə istinad edilmiş, qərarın əsaslandırlmış hissəsində isə “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X10 işçisinin qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçmədiyi halda praktik tibb fəaliyyətinə buraxılması qeyd edilmişdir. Halbuki Səhiyyə Nazirliyi tərəfindən qərar qəbul edilərkən, istinad etdiyi hall əksini tapmamış, bunu sübuta yetirən məhkəmə qərarı qanuni qüvvədə olmamışdır. Bununla da həmin maddə əsasında cərimə tətbiq edilməsi onun hüquqlarını pozmuşdur. X5 Məhkəməsinin 3(104)-487/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarı əsasında Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(125)-457/2022 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, həmin qərar isə onunla əsaslandırılmışdır ki, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X12 öz səlahiyyətləri daxilində əməkdaş X1 keçirilməsi ilə bağlı bütün tədbirləri görmüşdür ki, bu da hüquqi şəxsin inzibati məsuliyyətini istisna edir. Belə olan hallarda vəzifəli şəxs cərimə edilə bilməz, inzibati tərkib və inzibati xəta faktı olmadığı üçün Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini tərəfindən qəbul edilmiş 14 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının hüquqi əsası olmadığı üçün ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və qərardan şikayət vermiş şəxs məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin və qərardan şikayət verən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli qərardan şikayət vermiş şəxs X3 vəsatətindən görünür ki, qərardan şikayət vermiş şəxs inzibati iş üzrə olan və əlavə təqdim edilmiş materiallar üzrə məhkəmə iclaslarının üzrlü səbəbdən iştirakı olmadan keçirilməsini, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nazir müavini X4 tərəfindən qəbul edilmiş 14 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsini, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, X3 hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini X4 tərəfindən qəbul edilmiş 14 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini X4 tərəfindən qəbul edilmiş 14 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X10 vəzifəli şəxsi X6 tərəfindən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb fəaliyyətinə buraxılması faktı aşkar edildiyi üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-487/2022 nömrəli 20 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X9 Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibatin xətanı törətməkdə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(125)- 457/2022 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 11 oktyabr 2018-ci il tarixli 142 nömrəli əmrindən görünür ki, X6 11 oktyabr 2018-ci il tarixdən Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X10 diroktoru X3 09-364 nömrəli, xx.xx.2022ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış məktubundan görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(125)-457/2022 saylı qərarından apellyasiya şikayəti verildiyi üçün həmin qərar qanuni qüvvəsini almamış, ona görə də “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X10 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsinin əlamətlərinin olub-olmaması təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, X3 qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçmədiyi halda praktik tibb fəaliyyətinə işçisinin buraxılmasını təsdiq edən hər hansı möhtəbər sübut məhkəməyə təqdim edilməmiş, həmçinin eyni əməllə bağlı inzibati xəta haqqında iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-487/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarında hüquqi şəxs kimi “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X10 öz səlahiyyətləri daxilində qeyd edilən X10 işçisi X1 keçirilməsi ilə bağlı bütün tədbirlərin görülməsi vurğulanaraq “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X10 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı öz təsdiqini tapdığı halda həmin X10 direktoru X3 eyni əmələ görə vəzifəli şəxs kimi İXM-nin 215.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur, o cümlədən qeyd edilən bu hallar İXM-nin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə ziddir. Bu səbəbdən də məhkəmə hesab edir ki, şəxs əməlində inzibati xəta tərkibi olmadan inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2 və 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, vəzifəli şəxs kimi X3 əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini X4 tərəfindən “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X10 vəzifəli şəxsi X3 Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə təqsirli bilinib, 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə olunması barədə qəbul edilmiş 14 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 128 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə olunmasına dair Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini X4 tərəfindən qəbul edilmiş 14 sentyabr 2022ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar