Məhkəmə qərarları › İş №3(125)-1034/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1034/2022

30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1034/2022 30.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər Probasiya Şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “X4” MMC-nin icraçı direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 24 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə Şəhər Məhkəməsinin 3(125)-663/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərar ilə təyin edilmiş 200 (iki yüz) saat ictimai işləri yerinə yetirməyə çıxmamışdır. Bu fakt ictimai işlərin çəkildiyi işlərə baş çəkmə protokolu, borclunun izahatı, MKTİB-dən daxil olmuş davamiyyət məktubu və EMF-dən çıxarış ilə təsdiq edilir. Məhkəmə iclasında Gəncə şəhər Probasiya Şöbəsinin böyük icra məmuru X2 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 529.4-cü maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək bildirdi ki, o, məhkəmənin qərarı ilə ona tətbiq edilmiş ictimai işləri yerinə yetirirməkdən boyun qaçırmır. Belə ki, o, məhkəmənin qərarı ilə ona təyin edilmiş ictimai işlərin çəkilməsi ilə bağlı Gəncə şəhəri MTKİB-nin 8 nömrəli xidmət sahəsinə getmiş və ictimai işlərin yerinə yetirilməsi üçün ona verilmiş sənədləri həmin qurumun məsul əməkdaşına təqdim etmiş və ictimai işlərin çəkilməsi ilə bağlı ondan soruşduğu “nə vaxt o, ictimai işləri yerinə yetirməyə cəlb ediləcək” sualına “get, bu barədə səninlə əlaqə saxlanılıb sənə məlumat veriləcək” cavabını eşitdikdən sonra elə düşünmüşdür ki, onlar özləri bu barədə ona məlumat verəcək. Bu səbəbdən də o, Gəncə şəhəri MTKİB-nin 8 saylı xidmət sahəsindən getmiş və ictimai işləri yerinə yetirmək üçün həmin qurumun məsul əməkdaşlarından məlumat gözləmişdir. Bundan sonra isə ona bu barədə məlumat verilməmişdir. O, hazırda məhkəmənin qərarı ilə ona təyin edilmiş ictimai işləri yerinə yetirməyə hazırdır. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 3(125)-663/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə təqsirli bilinib ona gün ərzində dörd saatdan çox olmamaq şərti ilə 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş, üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli göndərişin surətindən görünür ki, Şəxs 11 noyabr 2022-ci il tarixdə Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 8 saylı sahəsində olması və müəyyən edilmiş ictimai işləri yerinə yetirməsi, təyin olunmuş ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, yəni üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmadıqda, həmin yerlərdə həftədə iki dəfə və daha çox əmək intizamını pozduqda, habelə inzibati tənbehi çəkməmək məqsədilə gizləndikdə təyin edilmiş inzibati tənbehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən inzibatı həbslə əvəz edilməsi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ictimai işlərin görüldüyü yerlərə baş çəkmə protokollarından görünür ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Şəxs üzürlü səbəb olmadan icazəsiz olaraq ictimai işlərin görüldüyü yerə çıxmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs məhkəmə qərarı ilə ona təyin edilmiş ictimai işləri yerinə yetirməkdən üzrsüz səbəbdən boyun qaçırması faktı öz təsdiqini tapmır. Belə ki, Şəxs ictimai işlərin görüldüyü yerə getməsi və bu barədə həmin qurumun məsul şəxsinə sənədləri təqdim etməsi onu göstərir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs məhkəmə qərarı ilə ona təyin edilmiş ictimai işləri yerinə yetirməkdən boyun qaçırmaq niyyətində olmamışdır. O cümlədən həmin qurumun məsul şəxsi tərəfindən onun ictimai işləri yerinə yetirməyə nə vaxtdan başlanması ilə bağlı Şəxs məlumat verilməsi qeyd edilsə də, amma bu məlumat verilmədiyindən onun nə vaxtdan iştimai işləri yerinə yetirməyə başlamasını dəqiq müəyyən etmək mümkün olmadığı üçün məhkəmə onun əməlində İXM-nin 529.4-cü maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 529.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar