Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1034/2024 25.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs “X18” MMC-nin direktoru X7 nümayəndəsi və vəkili – Femida Vəkil Bürosunun vəkili Nümayəndə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X4 nümayəndəsi, baş məsləhətçi-baş əmək müfəttişi X8 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X4 rəisi X6 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X15 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 3000 (üç min) manat inzibati cərimə olunması barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, "X18" MMC-nin direktorudur. 2023-cü ilin sentyabr ayında bir vətəndaş analiz cavabından narazı qalaraq Gəncə şəhər prokurorluğuna şikayət etmişdir. Daha sonra həmin vətəndaşa 2 gün sonra yekun düzgün cavab təqdim edilərək məsələ həllini tapmışdır və prokurorluğa heç bir şikayətinin olmaması barədə ərizə verərək şikayətini geri götürmüşdür. Prokurorluqda aparılan araşdırma zamanı həmin şikayətçinin tibb müəssisələrinin "qonaq həkimi” olan tanınmış endokrinoloq Şahid Nusrəddin qızının qəbulunda olduğu və həmin həkimin də tibb müəssisələri ilə heç bir əmək müqaviləsi bağlamadığı müəyyən edilmişdir. Halbuki, həmin həkimlə müəssisələri arasında heç vaxt əmək münasibətləri olmamışdır və münasibətləri sırf mülki hüquqi müqavilə ilə tənzimləyirdilər. Bu barədə işi araşdıran prokurora məlumat da verilmişdir. Lakin Gəncə şəhər prokuroru sırf qərəzindən irəli gələrək iş üzrə əsassız qərar qəbul etmiş və vəzifəli şəxs olaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (əmək qanunvericiliyinin pozulması) əsasında inzibati xətalara dair icraat başlamışdır. Həmin qərar baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası ƏƏSMN DƏMX X5) göndərilmişdir. Səlahiyyətli orqan iş üzrə ona bildiriş göndərmişdir, lakin eyni məsələ üzrə eyni əsaslarla Gəncə Şəhər Məhkəməsinin (hakim L.Xanməmmədova) icraatında rəhbərlik etdiyi hüquqi şəxsə qarşı inzibati xəta işi olduğundan, habelə digər sənəd və sübutların toplanması ilə bağlı səlahiyyətli orqandan xx.xx.2024-cü il tarixli məktubla işə baxılmasını bir müddət təxirə salmağı xahiş etmişdilər. Lakin təəssüflər olsun ki, səlahiyyətli orqan nəinki işə baxılmaısnı təxirə salmış, hətta onların iştirakları olmadan və iş üzrə heç bir araşdırma aparmadan barəsində inzibati cərimə tətbiq edilməsi barədə qərar çıxarmışdır. Həmin qərarla qəti razı deyil, onu tam qanunsuz və əsassız hesab edir və qərarın aşağıdakı əsaslara görə ləğv edilməsini istəyir. İnzibati xəta haqqında iş baxışa əsaslı hazırlanmamışdır. İXM 106-cı və 106.0.4, 106.0.5 və 106.0.7 maddələrinə görə səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcudluğunu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplandığını və iş üzrə vəsatətlər və etirazların mövcudluğunu müəyyən etməlidir. Aşağıdakılardan göründüyü kimi işin baxılmağa hazırlanması zamanı səlahiyyətli orqan bunlardan heç birini nəzərə almamış və tələsik qərar çıxarmışdır. Səlahiyyətli orqan vəzifə səlahiyyətlərinə görə iş üzrə ən vacib şəxs olan və işin mahiyyətini təşkil edən ən vacib sübut olan əmək müqaviləsiz işləyən şəxs (həkim) Şahid iş üzrə ən azı şahid kimi cəlb etməli idi və onun mövqeyini, yəni əmək müqaviləsi üzrə çalışıb-çalışmadığını dəqiqləşdirməli idi. Belə ki, həmin həkimin onlarda bütün rekvizit və məlumatları vardır. Eyni zamanda xx.xx.2024 tarixli əsaslandırılmış məktubla işin araşdırılması və sübut toplanması üçün təxirə salınmasını xahiş etsələr də buna baxılmamışdır. Sübutlar hərtərəfli, tam və obyektiv qiymətləndirilməmişdir. İXM-in 84.1-ci maddəsinə görə İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hesab edir ki, işə baxan səlahiyyətli orqan iş üzrə heç bir sübut toplamamış, yalnız prokurorun qərarını yeganə sübut kimi nəzərə almışdır. İş üzrə "yeganə sübut“ prokurorun qərarı olmuşdur. Bu "sənəd” də kifayət qədər əsassız olub. İşin hallarına əsasən səlahiyyətli orqan bu normaya əsasən iş üzrə mütləq əlavə araşdırma aparmalı və əmək münasibətlərinin yaranmasını sübut etməli idi. Bu halda isə qəbul edilən qərarın qanuni, əsaslı və ədalətli olmasından söhbət gedə bilərdi. Hesab edir ki, işdə olan yeganə "sübut” onun təqsrini heç bir halda sübut etmir. Belə ki, həkim Şahid tibb müəssisələrində heç bir əmək fəaliyyəti ilə məşğul olmamış, müstəqil şəkildə özünə uyğun vaxtlarda qarşılıqlı razılaşma əsasında ayda və ya 2 ayda bir dəfə olmaqla konsultasiya xidmətləri vermişdir. Bununla bağlı tərəflər arasında xx.xx.2022-ci il tarixli "tibbi məsləhət xidmətlərinin göstərilməsi haqqında Müqavilə” bağlanmışdır (surəti əlavə edilir). Həmin müqaviləyə uyğun olaraq "qonaq həkim” qismində Şahid münasib vaxtda bir neçə saat ərzində müəssisədə məsləhətlər verilmiş və pasiyentlərdən alınmış qəbul haqqının yarısı (50%) həkimə ödənilmişdir. Buna müvafiq olaraq həmin məbləğin vergi və digər cari ödənişləri də vaxtında icra edilmişdir (əlavə olaraq bildiririk ki, eyni faktla bağlı Gəncə Şəhər Məhkəməsinin (hakim L.Xanməmmədova) icraatında olan iş üzrə də məhkəmə - mühasibatlıq ekspertizası keçirilməsi barədə vəsatət qaldırılmışdır). Bütün deyilənlər onu göstərir ki, tibb müəssisəsi ilə həkim arasında heç bir əmək hüquq münasibəti (iş və istirahət vaxtı, rejim qaydaları, müəssisədaxili intizam qaydaları, məzuniyyət və digər hallar) yaranmamışdır, münasibətləri mülki-hüquqi müqavilə ilə tənzimlənmişdir, işin faktiki halları budur ki, mübahisəyə səbəb olan həkim 1 il ərzində üst-üstə təxminən 7-8 dəfə tibb müəssisəsinə gəlmiş və hər səfərində bir neçə saat məsləhətlər verib, haqqını alıb getmişdir. Çünki həmin həkim Bakı şəhərində ən nüfuzlu tibb müəssisələrində rəsmi əmək müqaviləsi üzrə endokrinoloq kimi çalışırdı (hazırda da). Rəhbəri olduğu hüquqi şəxs və hadisə baş verən yer Gəncə şəhəri, X22 prospekti 550A ünvanıdır. Odur ki, şikayətə Gəncə Şəhər Məhkəməsində baxılmalıdır. Müvafiq qərar tərəflərindən xx.xx.2024-cü il tarixdə rəsmən alınmışdır. Odur ki, şikayət vermə müddəti də həmin tarixdən 10 gün müddətində hesablanmalıdır. Barəsində başlanmış inzibati xətalara dair iş üzrə icraata xitam verilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X4 xx.xx.2024-cü il tarixli, MN ******* seriya və nömrəli “İnzibati tənbeh vermə haqqında Qərarı"nın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs “X18” MMC-nin direktoru X7 nümayəndəsi və vəkili – Femida Vəkil Bürosunun vəkili Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X4 rəisi X6 xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X4 nümayəndəsi, baş məsləhətçi-baş əmək müfəttişi X16 məhkəməyə izahat verərək bildirdi ki, sözügedən qərar tam qanuni və əsaslı olaraq qəbul edilmişdir. Buna görə X15 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “X18” MMC-nin direktoru X15 İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, yəni Şahid (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin nəzərdə tutulmuş tələblərini pozaraq) əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və o, 3000 (üç min) manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 01 sentyabr 2024-cü il tarixli “tibbi məsləhət xidmətlərinin göstərilməsi haqqında” müqavilənin surətindən görünür ki, “X18” MMC ilə Şahid arasında müqavilə bağlanmış, müqavilənin predmeti, tərəflərin hüquq və vəzifələri, xidmət haqqı və ödəniş qaydası, tərəflərin məsuliyyəti, tərəflərin bəyanatları və zəmanətləri, mübahisələrin həlli qaydası, müqavilənin qüvvədə olma müddəti, fors-major hallar, yekun müddəalar öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş “işçi əmək haqqı hesabatı”ndan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif vaxtlarda “X18” MMC-dən Şahid ödənişlər edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın surətindən” görünür ki, vəzifəli şəxs X15 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X5 göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, “X18” MMC-nin direktoru X15 vəzifəli şəxs qismində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X4 rəisi X13 tərəfindən xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəməyə verilmiş şikayət ərizəsində, o cümlədən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X7 nümayəndəsinin (vəkilinin) məhkəməyə verdiyi izahatında qəbul edilmiş qararla bağlı mübahisələndirilmiş məqamlar məhkəmə iclasında öz təsdiqini tapmadı. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlardan aydın şəkildə görünür ki, Şahid “X18” MMC-nin direktoru X15 tərəfindən əmək müqaviləsi (kontraktı) qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Lakin məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin nümayəndəsi və vəkili qeyd edilənləri qəbul etməyərək bildirmişdir ki, Şahid “X18”da 01 sentyabr 2022-ci il tarixli Tibbi məsləhət xidmətlərinin göstərilməsi haqqında müqavilə əsasında işlərin görülməsinə cəlb edilmiş və bu səbəbdən də “X18” MMC-nin direktoru X7 əməlində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Lakin məhkəmə iclasında müəyyən olundu ki, “X18” MMC-nin direktoru X3 Aytən Nüsrəddin qızını Tibbi məsləhət xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən Hospitalda endokrinoloji xəstəliklər üzrə pasiyentlərin qəbulu və onlara konsultasiya (məsləhət) xidmətlərini həyata keçirilməsi həvalə olunmasına baxmayaraq, müqavilənin şərtlərində göstərilən “həkimin vəzifələri hissəsində qeyd edilən özünün təcrübəsi, təhsili və sertifikasiyası barədə rəsmi sənədləri və digər məlumatları Hospitala təqdim etmək vəzifəsindəki” qeyd edilən sənədlər Hospitala təqdim edilmədiyindən Hospitalın nümayəndəsi həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi insanların həyat və sağlamlığı etibar edilən həkim kimi işlərin yerinə yetirilməsinə cəlb edilən şəxsin məlumatlarını təsdiq edən sənədlər Hospital tərəfindən əldə edilmədən, tərəflər arasında münasibətlər belə rəsmi şəkildə dəqiqləşdirilmədən, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı mülki xarakterli müqavilə bağlanaraq həmin şəxs həkim kimi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və ona ödənişlər edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarında göstərilir ki, Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2-3-cü və 2-4-cü hissələr də qeyd edilən Tövsiyəyə uyğun olaraq əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Göründüyü kimi hazırki iş üzrə inzibati xəta hadisəsinin törədilməsi inzibati tənbeh vermə haqqında qərarla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X4 nümayəndəsi X8 izahatı və iş üçün əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq olunur. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan maddələrinə, işin faktiki hallarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarında göstərilən mövqeyinə əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, X9 şikayəti əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Gəncə- Daşkəsən Regional X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X4 rəisi X6 xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1034/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1034/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver