Məhkəmə qərarları › İş №3(125)-1036/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1036/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1036/2024 11.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər BPİ-in 2-ci PŞ-in İTB Polis Sahə rəisi Tahir Möyləyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1983-cü ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Laçın rayonu Alxaslı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni yaşayış massivində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə qanunsuz olaraq satış məqsədi olmadan pisxotrop maddə olan kustar üsulla hazırlanmış metamfetamin əldə edib üzərində daşıyaraq istifadə etmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhər BPİ-in 2-ci PŞ-in İTB Polis sahə rəisi Tahir Möyləyev tərəfindən 11 mart 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün materiallarla birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhər BPİ-in 2-ci PŞ-in İTB Polis sahə rəisi Tahir Möyləyev izahat verərək bildirdi ki, 09 mart 2024-cü il tarixdə Daxili İşlər Nazirliyi BNMİ və QBRŞ-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində və üzərində saxlamasında şübhəli bilinən Şəxs Bakı-Qazax sərhədi avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən saxlanılaraq BNMİ QBRŞ-ya gətirilmiş, QBRŞ-da şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Şəxs üzərindən 0.62 qram psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bununla da o Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində göstərilən inzibati xətanı törətmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs bildirdi ki, təxminən bir ildir ki, psixotrop maddə metamfetamin istifadə edir. Bakı şəhərində piyada hərəkət edən zaman yerdə psixotrop maddə olan metamfetamin görmüş və götürmüşdür. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: Şəxs barəsində tərtib edilmiş 11 mart 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 11 mart 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Gəncə şəhər BPİ-in 2ci polis şöbəsinə göndərilmişdir. 09 mart 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Şəxs 09 mart 2024-cü il tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. 10 mart 2024-cü il tarixli “Tutulmuş şübhəli şəxsin azad edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin - 234.1-ci maddəsi ilə cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yaşayış massivində yaşayan Şəxs tutulmadan azad edilmişdir 10 mart 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Bölməsinin 16/332 saylı ekspert rəyindən görünür ki, Şəxs üzərindən aşkar edilərək götürülmüş maddə təmiz çəkisi 0,122 qram olan maddə, kustar üsulla hazırlanmış pisxotrop maddə-metamfetamindir. 11 mart 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserin 405 nömrəli rəyindən görünür ki, pisxotrop maddə olan metamfetamindən epizotik istifadə edib. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh növü seçərkən və inzibati tənbeh tətbiq edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini etiraf etməklə səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 77, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar