Məhkəmə qərarları › İş №3(125)-1037/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1037/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1037/2025 14.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, X9 haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə barəsində Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli X9 haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Gəncə şəhər İcra Hakimiyyətinin baş memarı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli X9 haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, istifadəsində olan “asan pay” elektron kabinetini yoxlayan zaman barəsində İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolun və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli X9 haqqında qərarın olduğu müəyyən edilmişdir. Sözügedən qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 950 (doqquz yüz əlli) manat inzibati cərimə edilmişdir. İstifadəsində olan “asan pay” elektron kabinetində inzibati xətanın törədildiyi yerin ünvanı ünvan 1 etdiyi əmlakı 07 aprel 2019-cu il tarixdən etibarnamə əsasında özgəninkiləşdirməsi səbəbindən X5 ilə əlaqə saxladı, sənin protokol barədə məlumatın varmı deyə soruşduqda, heç bir məlumatı olmadığını bildirdi, tikinti işləri aparması üçün müvafiq sənədlərin ona mənim tərəfimdən verildiyini, lakin tikintiyə icazə sənədləri mənim adıma olduğu səbəbindən, əmlakı öz adlarına keçirmədiyini və tikilini yekunlaşdırıb, sənədləşdirdikdən sonra bunu edəcəyini ona bildirdi. Eyni zamanda, İcra Hakimiyyətinin əməkdaşları tərəfindən əmlaka baxış keçirilən zaman, özü həmin ərazidə olmadığı səbəbindən, tikilinin aparılmasında iştirak edən qohumu tərəfindən etibarnamə də daxil olmaqla, tikiliyə icazə verilməsi barədə müvafiq İcra Hakimiyyəti başçısının qərarının və eskiz layihənin həmin qurumun əməkdaşlarına təqdim etdiyini ona dedi. Yəni Gəncə şəhəri İcra Hakimiyyəti aparatının baş memarının işçilərinin tikintinin X5 tərəfindən aparıldığı barədə məlumatlı olduqlarını qeyd etdi. Lakin ona belə protokol tərtib edəcəkləri barədə heç bir məlumat vermədən bunu etdiklərini bildirdi. Həmçinin bildirmək istəyir ki, bir inzibati xətaya görə artıq 3-cü dəfədir barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Halbuki, qeyd edilən üçüncü protokol və onun əsasında qəbul edilmiş qərar İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmuşdur. Yuxarıda qeyd etdiyi protokol və həmin protokol əsasında qəbul edilmiş qərar onun iştirakı olmadan, hüquq və vəzifələri ona izah edilmədən, heç bir araşdırma aparılmadan və heç bir sübuta istinad olunmadan inzibati xəta haqqında barəsində protokol tərtib edilmişdir və onun əsasında qərar qəbul edilmişdir. Eyni zamanda X9 haqqında qərarda da qərarın tərtib olunması və İXM-nin 115ci maddəsinin tələbləri pozulmuşdur. Gəncə şəhəri, Sevil Qaziyeva küçəsi, 1-ci döngə, ev 15 ünavanda yerləşən əmlakda heç bir özbaşına tikinti aparılmamışdır. Belə ki, həmin qeyri-yaşayış sahəsi tikilməmişdən qabaq, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli sərəncamı və Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmış eskiz layihəsi (şikayətinə əlavə edir) olmuşdur. İcra Hakimiyyətinin razılığı olmadan heç bir tikinti işlərini aparmaq mümkün deyil, dərhal həmin tikilini sökdürərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə cərimə nəzərdə tutulsa da həmin obyektdə heç bir tikinti quraşdırma işləri aparılmamışdır. Faktiki olaraq görünür ki, inzibati xəta barədə heç bir araşdırma aparılmamış, onun göstərilən inzibati xətanı törətməsi nə ilə sübuta yetirildiyi isə aydın deyildir. Bundan əlavə Gəncə şəhəri İcra Hakimiyyəti aparatının baş memarı tərəfindən qərar qəbul edilərkən onun iştirakı təmin olunmamışdır. O, İXM-də nəzərdə tutulmuş yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan inzibati xətaların heç biri tələblərini pozmamışdır. Bundan başqa yuxarıda qeyd etdiyi protokol barədə məlumatı olmayıb. Lakin buna baxmayaraq onun iştirakı olmadan inzibati xəta haqqında iş üzrə icraat haqqında işə baxılaraq barəsində xx.xx.2025-cü il tarixli X9 haqqında qərarı qəbul olunmuşdur. Bununla da müvafiq icra hakimiyyəti tərəfindən İXMnin 596-cı maddəsinin tələbi kobud şəkildə pozulmuşdur. Qeyd olunan normalardan göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokol tərtib edilməmişdən öncə, icraatın başlanmasının səbəb və əsasları müəyyən edilməli, icraatın başlanmasına səbəb olan hallar müvafiq rəsmi və ya prosessual sənədlərdə öz əksini tapmalı, həmçinin icraata başlamaq haqqında protokol buna səlahiyyəti olan şəxs tərəfindən tərtib edilməlidir. Lakin hazırki işin hallarından müəyyən edilir ki, inzibati xəta haqqında icraatın başlanmasının səbəbləri, yəni inzibati xəta hadisəsinin mövcudluğunu göstərən məlumatların necə əldə edilməsi, əgər inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmişdirsə hansı prosessual və ya rəsmi sənədin tərtib edilməsi (raport, akt və s.) barədə müvafiq qeydiyyat aparılmamış, buna dair hər hansı bir sənəd əlavə edilməmişdir, Gəncə səhər İcra Hakimiyyəti aparatının baş memarının xx.xx.2025-ci il tarixli X9 haqqında qərarı tam əsassızdır, buna görə də qərara məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Vəzifəli şəxs onun barəsində inzibati xəta haqqında iş üzrə X9 haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuş, işin bütün faktiki halları araşdırılmadan İXM-in tələblərinə uyğun tərtib edilməmişdir. Göstərilənlərə əsasən tərəfindən mübahisələndirilən Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının baş memarının xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli X9 haqqında qərarı qəbul edilərkən barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxsin iştirakı təmin edilməmiş, ona İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməmiş, onun iştirakı olmadan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol əsasında mübahisə edilən qərar qəbul edilmişdir. Halbuki, qərar qəbul edilərkən onun iştirakı təmin ediləcəyi təqdirdə tərəfindən protokolun tərtib olunmasına səbəb olan nöqsanlar və pozuntuların aradan qaldırılması müəyyən edilə bilərdi. Müvafiq icra hakimiyyəti tərəfindən İXM-nin 395.1-ci maddəsi ilə qərar çıxarılan zaman inzibati xəta tərkibinin əlamətləri mövcud olmamışdır. Qeyd olunan bu hallar şikayətə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Qeyd olunan halların əksi qərarı qəbul edən orqan tərəfindən sübut edilməmişdir. Belə ki, şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsinə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Sadalanan qanunvericilik normalarına əsasən və işin faktiki hallarından göründüyü kimi belə bir nəticəyə gəlmək mümkün olur ki, onun təqsirli olması “X9 Haqqında” qərarda inzibati xətanın hansı formada aşkar olunması, inzibati pozuntunun nədə ifadə olunması və inzibati xətanın müəyyən edilməsi məqsədi ilə hansı vasitələrdən istifadə edilməsinə dair heç bir sübut və ya qeyd aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən barəsində tərtib edilmiş Gəncə şəhər İcra Hakimiyyətinin baş memarı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli X9 haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək bidirmişdir ki, o, heç bir inzibati xəta törətməmişdir. Qeyd olunanlara əsasən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli X9 haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli MN ******* nömrəli X9 haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə onun barəsində 950 (doqquz yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. -Azərbaycan Respublikası Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 27 fevral 2017-ci il tarixli sərancamından görünür ki, Gəncə şəhəri, Təbriz küçəsi, 7-ci döngə, 4 nömrəli evdə yaşayan X1 müraciəti və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin rəyin nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndini əsas tutaraq qərara alınır: 1.ünvan 2 ünvanda yerləşən X2 məxsus mülkün təyinatının dəyişdirilərək sahəsi 100,0 kv.m olan qeyri-yaşayış sahəsinin inşa edilməsinə icazə verilsin.

2. R.Qurbanova tapşırılsın ki, qeyri-yaşayış sahəsinin istifadəsi zamanı yanğın təhlükəsizliyi və sanitar-gigiyena qaydalarına ciddi riayət etsinlər.

3. Sərəncam imzalandığı gündən qüvvədədir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublkası İXM-nin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 27 fevral 2017-ci il tarixli sərancamından görünür ki, ünvan 2 ünvanda yerləşən X2 məxsus mülkün təyinatının dəyişdirilərək sahəsi 100,0 kv.m olan qeyri-yaşayış sahəsinin inşa edilməsinə icazə verilmişdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Gəncə şəhər İcra hakimiyyətinin üzərinə qoyulsa da, həmin orqan 19 mart 2025-ci il tarixə, 07 aprel 2025-ci il tarixə, 09 aprel 2025-ci il tarixə və 14 aprel 2025-ci il tarixə təyin olunmuş məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq səlahiyyətli orqan öz nümayəndələrinin iştiraklarını təmin etməməklə yanaşı, inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, X1 şikayəti təmin edilməli, Gəncə şəhər İcra Hakimiyyətinin baş memarı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli X9 haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı: X1 şikayəti təmin edilsin. X3 barəsində Gəncə şəhər İcra Hakimiyyətinin baş memarı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli X9 haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar