Məhkəmə qərarları › İş №3(125)-1038/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1038/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1038/2023 05.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 nümayəndəsi (vəkili) – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/00366 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X6 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/00366 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi X9 tərəfindən 11 yanvar 2023-cü il tarixdə tərtib edilmiş 01400/00366 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün 10000 manat məbləğində cərimə olunmuşdur. Mahirə Əliyevanın barəsində aparılan inzibati icraat qanunvericiliyin tələblərinə əməl edilmədən həyata keçirilmiş, gəlinən nəticə isə tamamilə əsassızdır. Qeyd edilməlidir ki, X6 barəsində Şimal Ərazi Baş Gömrük İdarəsinin 11 yanvar 2023-cü il tarixli 01400/00366 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qəbul edilərkən, artıq inzibati xətanın törədildiyi gündən bir ildən artıq müddət keçmiş olur. 11 yanvar 2023-cü il tarixli 01400/00366 nömrəli inzibati tənbeh vermə haqqında qərar da qeyd edilir ki, 2021-ci il tarixdə 9 gömrük bəyannaməsi üzrə mal ixrac edilmişdir. Bəs nə üçün bəyannamələrin tarixlərini qeyd etmir? Ona görə bəyannamə tarixləri qeyd edilmir ki, tarixlər qeyd ediləcəyi təqdirdə məhkəmə tərəfindən inzibati məsuliyyətə cəlb etmə müddətinin tətbiq edilməsindən açıq-aşkar qorxur. Məhkəməyə həmin bəyannamələrin tarixləri təqdim edilməklə, (cədvəl şikayətə əlavə edilir) bildirilir ki, sonuncusu xx.xx.2021-ci il tarixli olmaqla Şimal Ərazi Baş Gömrük İdarəsində 9 bəyannamə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin CM-nin 208-ci maddəsi ilə əlaqəli şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli Plenum qərarında sərgilənən mövqe ondan ibarət olmuşdur ki, mallar bəyan edildiyi gündən 180 gün ərzində malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta məbləği geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün hesab edilir. X2 adından sonuncu bəyannamə xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş, həmin tarixdən 180 gün, (6 ay) müddət keçməsi xx.xx.2022-ci il tarixə təsadüf etməklə inzibati xətanın törədildiyi gün xx.xx.2022-ci il tarixi olmuşdur. Bir illik məsuliyyətə cəlb edilmə müddəti nəzərə alınmaqla X4 inzibati məsuliyyətə cəlb edilməsi üçün nəzərdə tutulan son müddət xx.xx.2023-cü il tarixidir. Şimal Ərazi Baş Gömrük İdarəsi isə inzibati tənbeh vermə haqqında qərarı 11 yanvar 2023-cü il tarixdə qəbul etməklə qanunsuz və əsassız qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək inzibati tənbeh verilə bilər. Sözügedən qərar Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən anlaşılmayan səbəblərdən X5 təqdim edilmədən birbaşa Gəncə şəhər üzrə İcra İdarəsinə göndərilmiş, sözügedən qərarın mövcudluğundan icra məmuru tərəfindən məlumat alınmışdır. xx.xx.2023-cü il tarixdə qəbzə imza edilməklə İcra İdarəsindən qərar əldə edilmiş və dərhal şikayət hazırlanaraq məhkəməyə təqdim edilmişdir. X1 hansı səbəbdən çatdırılması barədə Şimal Ərazi Baş Gömrük İdarəsindən məlumat istənilsə də, bu barədə konkret məlumat verilməməkdədir. Buna görə də X6 barəsində Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi X9 tərəfindən 11 yanvar 2023-cü il tarixdə tərtib edilmiş 01400/00366 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 nümayəndəsi (vəkili) – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, X6 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqsirlilik məsələsini müzakirə etmədən hesab edir ki, şikayət təmin edilməli, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 01400/00366 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsini rəhbər tutaraq İXM-nin 483-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 20000 manat məbləğində valyutanın dəyərinin 50 (əlli) faizi, yəni 10000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsi, Azərbaycan Respublikası vətəndaşı X6 xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi 126748,90 ABŞ dolları (215473,3 manat) məbləğində vəsaiti müvəkkil olunmuş bank hesabına köçürülməsini təmin etməli, Azərbaycan Respublikası vətəndaşı X6 tərəfində 126748,90 ABŞ dolları (215473,3 manat) məbləğdə vəsaitin müvəkkil olunmuş bank hesabına köçürülməsinə nəzarəti Şimal Ərazi Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük Prosedurları və Ödənişləri Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş bəyannamələrin nömrəsi və tarixindən görünür ki, doqquz bəyannamədən sonuncusu **********2236 nömrəli xx.xx.2021-ci il tarixli bəyannamədir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində göstərilir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İş materiallarında olan sənədlərdən görünür ki, X3 Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə 9 gömrük bəyannaməsi əsasında (sonuncusu **********2236 nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi olmaqla) ixrac edilmiş malların müqabilində vəsaitlərin 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 ona istinad olunan inzibati xətanı xx.xx.2022-ci il tarixdə törətmişdir. Belə ki, Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci maddəsində göstərilir ki, əsasən hüquqi və fiziki şəxslər konsiqinasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasında müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Məhkəmə iş materialları ilə müəyyən edilmiş halları tədqiq edərək qeyd edir ki, X6 2021-ci il tarixdə 9 gömrük bəyannaməsi üzrə mallar ixrac etmiş (sonuncusu **********2236 nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi olmaqla), lakin həmin tarixdən sonra 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına vəsaitin köçürülməsini təmin etməmişdir. Bununla da 180 gün müddət keçdikdən sonra inzibati xəta xx.xx.2022-ci ildə törədilmişdir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının və işin müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, 1 illik müddət nəzərə alınmaqla X6 2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə məsuliyyətə cəlb edilməli olduğu halda, bu müddət keçdikdən sonra onun barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixli 01400/00366 nömrəli Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Göründüyü kimi qanunvericilik hətta inzibati xəta törətmiş şəxsin qaçıb gizlənməsi halında belə inzibati xətanın törədildiyi vaxtdan 1 il keçdikdən sonra onun inzibati məsuliyyətə cəlb olunmasını istisna etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə belə nəticəyə gəlir ki, qanunun norması düzgün tətbiq edilməməsi səbəbindən X6 tərəfindən verilmiş şikayət təmin edilməli və onun barəsində olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş 11 yanvar 2023-cü il tarixli, 01400/00366 nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 01400/00366 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar