Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-104/2023 06.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, inzibati tənbehvermə haqqında qərardan şikayət vermiş şəxs X2 və protokolu tərtib etmiş şəxs Gəncə şəhər DYPŞ yol patrul xidməti inspektoru, polis serjantı X4 iştirakları ilə, X2 Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Arif Uğurluyevin xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Arif Uğurluyevin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, 29 noyabr 2022-ci il tarixdə gecə saatlarında idarə etdiyi “Mercedes” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Ş.İ.Xətai prospektində hərəkətdə olarkən Gəncə şəhər BPİ DYPŞ-nin yol patrul xidmətinin əməkdaşları heç bir səbəb olmadan, heç bir qanun pozuntusuna yol vermədiyi halda onu saxladılar. O, saxlanma səbəbini soruşduqda, yol polisi əməkdaşı onu xidməti maşına dəvət edərək alkotesti ona uzadıb üfürməsini istədi. O, alkatestə üfürmüş və sonra qəbzi vermələrini tələb etmişdir. Lakin heç bir qəbz çıxmadı. Ona dedilər ki, sabah gəlib idarədən götürərsən. Halbuki yol polisi əməkdaşlarının hərəkətləri qaydalara uyğun deyildi. Çünki onu dərhal alkatestin göstəriciləri ilə tanış etməli idilər və zərurət yaranardısa onu tibbi müayinəyə göndərməli idilər. Beləliklə də yol polisi əməkdaşlarının iradları həqiqəti əks etdirmədiyi üçün o, etirazını bidirmiş və protokola imza atmamışdır. Səhəri gün narkoloji dispanserə getmiş və alkotest olunmağını istəmiş, lakin baş həkim onu alkotest etməkdən imtina etdi, bildirdi ki, yalnız yol polisinin göndərişi əsasında bu testi edə bilərlər. Daha sonra o, Gəncə şəhər BPİ DYPŞ-nə getmiş və Baş İnspektor Uğurluyevə bildirmişdir ki, ona axşam protokol yazıblar və nə çek verib, nə də alkotestin göstərdiyi nəticə ilə onu tanış etməyiblər. Testin aparılması tamamilə qaydalara zidd şəkildə həyata keçirilmişdir. Baş İnspektor alkotestin çekini ona göstərdikdə məlum oldu ki, guya 4 promil dərəcə alkoqol müəyyən edilmişdir. O, etiraz etmiş və bildirmişdir ki, bu qətiyyən mümkün olan iş deyil. Çeki tələb etsə də, ona verməmişlər. Yalnız protokolu verdilər. Protokolla tanış olanda məlum oldu ki, ona həm 333.1-ci maddənin, həm də 329.3-cü maddənin pozuntusunu qeyd ediblər. Guya işıq cihazlarından və səs siqnalından istifadə qaydalarını pozmuşdur. Halbuki onun avtomobilində heç vaxt qeyri-standart işıq ya səs cihazları olmayıb və o da bu qaydaları pozmamışdır. Odur ki, bu haqsızlığa qarşı hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etməli olmuş, mövcud faktları, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq Gəncə şəhər BPİ-nin X10 Şöbəsinin İXM-nin 333.1-ci maddəsinin pozulmasına dair, 400 manat cərimə tətbiq edilməsi haqda qəbul etdiyi xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarını ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinin nümayəndəsi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər DYPŞ yol patrul xidməti inspektoru, polis serjantı X7 bildirdi ki, 29 noyabr 2022-ci il tarixdə gecə saatlarında dönmə işıqlarından istifadə etmədiyinə görə şəxsi saxlatmış, bundan sonra onun sərxoş olub-olmadığını müəyyən etmək üçün alkotesterdən istifadə etmişlər, lakin ona sərxoş olması ilə bağlı heç bir qəbz təqdim etməmişlər. X3 tibbi müayinədən keçirməmişlər. Məhkəmə şikayəti, proses iştirakçılarının izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Arif Uğurluyevin xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23:46-da X2 Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə xx.xx.2022-ci il tarixdə onun barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayət verən şəxs bildirir ki, o, protokol tərtib edilən zaman alkoqoldan istifadə etməmiş və sərxoş vəziyyətdə avtomobil idarə etməmişdir. Qeyd olunan məsələnin araşdırılması ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinə ünvanlanmış bildirişdə bu məsələ ilə bağlı sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə iclasında verilmiş izahatlardan və iş materiallarında olan sənədlərdən aydın şəkildə görünür ki, inzibati xəta törədildiyi vaxt barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin sərxoş olması barədə xüsusi texniki vasitədən istifadə edilmiş və onun nəticəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tanış edilməmiş, əgər xüsusi texniki vasitənin nəticəsinə etiraz olarsa şəxs tibbi müayinədən keçirilməli olduğu halda bu həyata keçirilməmiş və İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquqlar təmin edilməmişdir. Belə olan halda isə qanunvericiliyin tələblərinə və qeyd edilən səbəblərə görə verilmiş şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 şikayəti qismən təmin edilsin. Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Arif Uğurluyevin xx.xx.2023-cü il tarixli, ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-104/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-104/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver