Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1040/2025 12.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, X1 iştirakı ilə, X4 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Gəncə şəhər Baş Polis İdarəsi DYPŞ-nin polis leytenantı X2 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, istifadəsində olan (nəqliyyat vasitəsini idarə etmək hüququ ilə) gümüşü metallik rəngli, “Mercedes Benz E220” minik markalı, **- EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Altun şadlıq sarayının qabağından öz yolu ilə gedərkən, əks istiqamətdən gələn “Volkswagen Passat” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil iki bütöv xətti ayaqlayaraq onun olduğu yola keçmiş və **-UE- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü öz yoluna keçmək istəyən (qəzadan qaçmaq) zaman onun avtomobilinin sol güzgüsünü sındırmışdır. Yol nəqliyyat hadisəsi baş verəndən dərhal sonra polisə müraciət etmiş, polis inspektoru leytenant Sübhan Bayramov hadisə yerində protokol tərtib etməyib və yol qəzasının sxemini çəkməyib, yalnız telefon vasitəsilə bir neçə foto şəkillər çəkmişdir. Sübhan Bayramov sənədləri götürüb onlara qanunsuz olaraq gedib sərxoş olub-olmamaqları və narkotik vasitə qəbul edib-etməməkləri ilə bağlı testlərdən keçməyi, sonra isə yol polis bölməsinə getməklərini bildirmişdir. Onlar gedib qeyri-qanuni sipirtli içki və narkotik vasitə qəbulu edilib-edilməməsi ilə bağlı müayinədən keçmiş və heç birində narkotik vasitə və ya spirtli içki qəbulu aşkar edilməmişdir. 7 gün sonra polis inspektoru, leytenant Sübhan Bayramovun kabinetində olan zaman o, yol-nəqliyyat hadisəsi baş verən qəzada onun günahının olduğunu bildirmişdir. O, isə öz etirazlarını bildirərək, onun heç bir günahının olmadığını, “Volkswagen Passat” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün öz zolağından keçərək qarşıdan gələn zolağa daxil olaraq (onun böyründə 2 maşın olmağına baxmayaraq) əks istiqamətə çıxmaqla yol hərəkəti qaydalarını kobud surətdə pozduğunu və nəticədə onun avtomobili ilə toqquşmasını bildirmişdir. Onun dediklərini nəzərə almayaraq Sübhan Bayramov ona İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib etmiş və yol-nəqliyyat hadisəsi baş verən qəzada günahı onun üzərinə qoymuşdur, halbuki, “Volkswagen Passat” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü də günahın onda olmasını Sübhan Bayramova bildirmişdir. O, X3 video görüntülərin ona göstərilməsini tələb etsə də o, video görüntülərin olmamasını və yazdığı qərardan narazı qaldığı halda məhkəməyə şikayət etməyini bildirmişdir. O, da məcbur qalıb hazırki şikayətlə məhkəməyə müraciət etmiş və xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli tənbeh vermə haqqında qərarını qanunsuz və əsassız hesab etdiyini bildirmişdir. Hesab edir ki, əməlində inzibati xəta hadisəsi olmadığına görə qərar ləğv olunmalı və inzibati icraata xitam verilməlidir. Məhkəmə iclasında X6 şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək inzibati xəta törətmədiyinə görə həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, X6 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Gəncə şəhər DYPŞ-nin polis leytenantı X5 xx.xx.2025-ci il tarixdə təyin edilmiş məhkəmə iclasında iş üzrə sübutları təqdim edəcəyini bildirərək iclasın təxirə salınmasını xahiş etmiş və iclas xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. Lakin xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında S.X.Bayramov iclasa gəlməmiş və inzibati xəta törədilən zaman qeydə almış xüsusi texniki vasitənin görüntülərini habelə digər sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə iclasında xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 təqsiri sübuta yetirilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Məhkəmə tərəfindən Gəncə şəhər DYPŞ-yə göndərilən sorğuya cavab olaraq inzibati xətaya aid foto və ya video görüntülər, həmçinin başqa sübutlar məhkəməyə təqdim edilmədiyindən işə baxılarkən X4 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməsi və ya digər pozuntu törətməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, X4 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, X1 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. X6 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1040/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1040/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver