Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1048/2025 09.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İnibati qərardan şikayət vermiş şəxs X1, Daşkəsən rayonu Yol Patrul xidməti inspektoru polis serjantı X2 iştirakları ilə, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1-ci maddələri ilə tərtib olunan inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1-ci maddələrinə əsasən cərimə olunması barədə Daşkəsən rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 02:30 da Daşkəsən şəhəri, Heydər Əliyev prospekti ərazisində “Opel Astra” minik markalı ** RY *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığına, sərxoş vəziyyətdə idarə edilməsinə, işıq cihazlarından istifadə qaydalarının pozduğuna, nəqliyyat vasitəsini etibarnaməsiz idarə etdiyinə görə 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. O, həmin avtomobili idarə etmədiyini və DYP-nin ona şər atdığını bildirir. Məhkəmə iclasında X3 çıxışında ərizəsinin məzmununa uyğun ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, avtomobili həmişə sənədsiz idarə etmişdir. Polis əməkdaşları bunu bilmiş və ona heç vaxt irad bildirməmişlər. O, həmin gün içkili olduğunu və avtomobil idarə etmədiyini qeyd edərək polis əməkdaşı Xaliq tərəfindən saxlanılaraq zorla şöbəyə aparıldığını və barəsində protokol tərtib edildiyini bildirmişdir. Sonda barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qərarı ləğv edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib edən X4 çıxışında bildirmişdir ki, Heydər Əliyev prospektində xidmətdə olarkən vətəndaş Rəşad Vəliyev ona yaxınlaşıb içkili olduğunu bildirmiş və avtomobili idarə etməsinə icazə istəmiş, o, isə vətəndaşa içkili vəziyyətdə avtomobil idarə etməməsini bildirmişdir. Bir az keçdikdən sonra o, həmin şəxsin avtomobil idarə etdiyini gördükdə sonuncunu saxlamış və onu alkotestrdən keçirərək barəsində inzibati protokol tərtib etmişdir. O, vətəndaşa alkotestrlə razı olmadığı təqdirdə onu həkim müayinəsindən keçmək üçün aparmağı təklif etmiş, sonuncu isə ehtiyac olmadığını bildirmişdir. İfadəsinin sonunda o, avtomobilin sahibinin başqa adam olduğunu və həmin şəxs barəsində də müvafiq qaydada inzibati protokol tərtib edildiyini nəzərə çatdıraraq hadisə vaxtı qeydə alınmış videogörüntüləri məhkəməyə təqdim edərək xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını və şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarına əlavə edilmiş: - xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 02:30 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1, 329.3 və 332.1-ci maddələri ilə təqsirli bilinərək, 500 manat məbləğində cərimə edilmişdir. - xx.xx.2025-ci il tarixli alkotest protokolundan görünür ki, müayinə nəticəsində 0.1288% miqdarda alkoqol aşkar edilmişdir. - video görüntüdən aydın olur ki, X3 avtomobili sərxoş vəziyyətdə idarə etməsini etiraf edərək polis əməkdaşı ilə nəlayiq ifadələr işlədərək mübahisə etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X1 şikayəti əsassız olduğundan şikayət ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 10 fevral 2025-ci il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etməsini etiraf etmiş və barəsində tərtib edilmiş protokolla razılaşmış, cəriməni ödəməyə hazır olduğunu, lakin avtomobilin cərimə meydançasına aparılmasına etiraz etmişdir. Bu hal polis əməkdaşı tərəfindən təqdim edilmiş videogörüntü və xx.xx.2025-ci il tarixli alkotestr qəbzi ilə öz təsdiqini tapır. Buda onu göstərir ki, X3 qərarda göstərilən inzibati xətanı törətmişdir. Nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları” ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayətçi X1 şikayəti ərizəsi təmin edilməməli və onun barəsində olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1-ci maddələri ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərardan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1048/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1048/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver