Məhkəmə qərarları › İş №3(125)-1051/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1051/2022

07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1051/2022 07.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, xx.xx.1965-ci il tarixdə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Gəncə şəhər fizika-riyaziyyat, informatika təmayüllü litseydə anbardar işləyən, Samux rayonu, Kəsəmən kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Materiala əlavə edilmiş MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan və digər sənədlərdə göstərilmişdir ki, Şəxs 11-xx.xx.2021-ci il tarixlərində hal-hazırda ona məxsus torpaqda əkilmiş X1 məxsus 5 illik meyvə verən 173 ədəd xurma (xirnik) ağacını və 5 illik 37 ədəd ərik ağacını kəsərək əmlakı qəsdən məhv etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxs qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və işin təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə işdə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, təqsirlilik məsələsini müzakirə etmədən hesab edir ki, hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətmiş, müvafiq olaraq xx.xx.2022-ci il tarixli qərarla baş vermiş hadisədə cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilmişdir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 3(058)-108/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib, ziyanın bir misli məbləğində, yəni 4891,5 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-295/2022 saylı, 15 iyul 2022-ci il tarixli qərarından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Samux Rayon Məhkəməsinin 3(058)-108/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-571/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qərardadından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə materiala baxılarkən Samux Rayon Məhkəməsinin hakimi Səadət Zeynalovanın öz-özünə etirazı təmin edilmiş və iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan və digər sənədlərdən görünür ki, qeyd olunan inzibati xəta 11-xx.xx.2021-ci il tarixdə törədilmiş, müvafiq olaraq xx.xx.2022-ci il tarixli qərarla baş vermiş hadisədə cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi gündən hazırki inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edildiyi və işə baxıldığı günədək üç aydan çox müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış inzibati xəta haqqında icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, Samux rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində olan Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə başlanımış inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçməsinə görə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar