Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1051/2023 30.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə ŞBPİ 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə ŞBPİ 2-ci polis şöbəsinin sahə rəisi polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 30 may 2023-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri “Abad” İTM-də nəlayiq ifadələr işlədərək ictimai qayda pozmaqla yanaşı polisin qanuni tələblərinə tabe lmamış, nəticədə Azərbayan Respublikasının İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə ŞBPİ 2-ci polis şöbəsinin sahə rəisi polis kapitanı X2 tərəfindən Şəxs protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, adı polisə sonradan məlum olan Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi, “Dubay” bazarı adlanan yerə ərik satmaq üçün gəlmişdir. Şəxs orada yer haqqını ödəməmək üçün ucadan səs-küy salıb nəlayiq ifadələr işlətmiş və onu sakitləşdirməyə çalışan polisin qanuni tələblərinə tabe olmamışdır. Sonradan polis əməkdaşları Şəxs Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə gətirmişlər. Bununla da Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, “Gəncə-Abad” İstehsal Ticarət Mərkəzinin baş direktorudur. xx.xx.2023-cü il tarixdə adını sonradan bildiyi Şəxs onun işlədiyi ofisin qarşısına gələrək bazarda yer pulunu ödəməmək üçün onu uca səslə nəlayiq ifadələrlə təhqir etmişdir. Həmin vaxt Şəxs polis əməkdaşları nizam-intizam dəvət edərək sakitləşdirməyə çalışsalar da, sonuncu öz hərəkətlərini davam etdirmişdir. Sonda o, Şəxs barəsində qanuni qərar çıxarılmasını, tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətaların törədilməsində tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində “Dubay” bazarında ərik satmaq üçün getmişdir. Bazarın girişində nəzarətçi ilə onun arasında mübahisə olmuş, o, 5 manat olan rüsumun 2 manat 50 qəpiyini ödəmək istəmişdir. Nəzarətçi onunla razılaşmadıqda o, bazar rəhbərliyinin ofisinin qarşısına getmiş, orada adını bilmədiyi məsul vəzifədə işləyən xanımla mübahisə etmişdir. O, Vətən müharibəsi istirakşısıdır, Suqovuşan uğrunda döyüşlərdə kontuziya almış, eyni zamanda ailəsində də problemlər olduğu üçün əsəblərini cilovlaya bilməmiş ucadan səs-küy salmışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, əsəbi olduğu üçün sakitləşməmişdir. Sonda o, əməlindən peşman olduğunu, Vətən müharibəsi iştirakçısı olduğunu, himayəsində 1 azyaşlı uşağı olduğunu nəzərə alıb barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadəsində bildirilmişdir ki, o, “Gəncə-Abad” İTM-də satıcı işləyir. xx.xx.2023-cü il tarixdə Şəxs “Dubay” bazarında bazarın sahibi Zərərçəkmiş şəxs ünvanına nəlayiq ifadələr işlədərək ucadan səs-küy salmışdır. Şəxs polis əməkdaşları sakitləşdirməyə çalışsalar da, sonuncu öz hərəkətlərini davam etdirmiş, daha sonra avtomobilinə əyləşərək yüksək sürətlə oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-in polis nəfəri, polis baş serjantı Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsi “Dubay” bazarı adlanan ərazidə xidmətdə olarkən adını sonradan bildiyi Şəxs bazarın inzibati idarəetmə otağının qarşısında, ictimai yerdə ucadan nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. O, yaxınlaşaraq həmin şəxsi nizam-intizama dəvət etmiş, lakin həmin şəxs polisin qanuni tələblərinə tabe olmamış, o, köməyə əlavə polis qüvvəsi çağıran zaman Şəxs avtomobili ilə hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Çünki xx.xx.2004-cü il tarixli, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Şəxs zərərçəkmiş şəxsə nalayiq ifadələr işlədərək ucadan səs-küy salmaqla, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış qaydasını, yəni ictimai qaydanı pozmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, zərərçəkimş şəxsin və şahidlərin izahatları, barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını, əməlini etiraf etməsini və Vətən müharibəsi iştirakçısı olmasını, himayəsində 1 azyaşlı uşağı olmasını onun məsuliyyəti yüngülləşdirən hallar hesab edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs həmin gün saat 20:25-də inzibati qaydada tutulmuşdur. Buna görə də həbsetmənin əvvəli həmin tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-1051/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1051/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver