Məhkəmə qərarları › İş №3(125)-1052/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1052/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1052/2025 01.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 27 fevral 2025-ci il tarixli 10000-00021/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında 27 fevral 2025-ci il tarixli 10000-00021/25 nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş idarəsi İstintaq idarəsinin 1-ci şöbəsində Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində 3-33/1-036309/2024 nömrəli material üzrə aparılmış araşdırma ilə bağlı xx.xx.2025-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ilə sonuncunun əməlində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkib əlamətləri olduğundan material ayrılaraq baxılması üçün aidiyyəti üzrə Təhqiqat şöbəsinə verilmişdir.3-33/1-001390/2025 nömrəli material üzrə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan və materialdan ayrılmış sənədlərdən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində UT 743 saylı Moskva-Gəncə aviareysi ilə X6 Limanından ölkə ərazisinə gələn Şəxs baqaj yüklərinə keçirilmiş gömrük yoxlaması zamanı 3 ədəd baqaj yükündə aşkarlanmış, Azərbaycan Respublikasının aksız markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, ümumi dəyəri 2232 manat təşkil edən 6 ədəd karton qutuların içərisində, hər birində 6 ədəd, 700 ml həcmində olmaqla, cəmi 36 ədəd “Kremlin Award” markalı alkoqollu içkilər gömrük orqanına bəyan edilməmişdir. Faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən- yəni Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə inzibati araşdırma başlanmışdır. Aparılan inzibati araşdırma ilə əlaqədar müvafiq prossesual hərəkətlərdə iştirak etmək üçün barəsində icraat aparılan şəxs Şəxs xx.xx.2025-c tarixdə saat 16:51-də istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlanılaraq xx.xx.2025-ci il tarixdə, saat 10:00-da Baş İdarənin Təhqiqat şöbəsinə dəvət olunması barədə məlumat verilmiş, lakin sonuncu heç bir üzürlü səbəb təqdim etmədən icraatda iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Buna görə də inzibati araşdırmanın Şəxs iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixdə verdiyi izahatda bildirmişdir ki, 2024-cü ilin iyun ayının əvvəli Rusiya Federasiyasının Moskva şəhərinə fəhlə işləmək üçün getmişdir. 3 aydan sonra ölkədə qalma müddəti bitəcəyi üçün Gəncə şəhərinə qayıdırdı ki, həmin ilin sentyabr ayının 20-də yenidən Moskvaya getsin. Gəncəyə qayıdarkən həmkədlisi Rəşadın xahişi ilə onun oğlunun 15 sentyabrda olacaq sünnət toyunda istifadə edilməsi məqsədilə ona bazarda təhvil verilmiş 36 ədəd, 700 ml həcmində “Kremlin Award” markalı araqları da gətirmiş, araqları Moskvada “MTŞ” adlı bazarda ona verilmişdir. 13 sentyabr 2024-cü il tarixdə təyyarə saat 11 radələrində Gəncə Hava limanına enmiş, hava limanında 3 ədəd baqaj yükünü götürüb gömrük yoxlamasından keçmiş, yoxlama zamanı gətirdiyi 36 ədəd “Kremlin Award” markalı araqlar aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Qeyd etmək istəyir ki, araqları həmkədlisi Rəşadın xahişi ilə gətirmiş, buna görə ona heç bir ödəniş vəd olunmamış, araqları gömrük nəzarətinə bəyan etməli olduğundan məlumatı olmamış, həmçinin həmkəndlisi Rəşad bu barədə ona heç bir məlumat verməmişdir. X5 araşdırma zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsi İstintaq İdarəsində verdiyi 22.01,2025-ci il tarixli izahatında bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, yaşadığı kənddə mal-heyvan saxlayaraq ailəsinin dolanışığını təmin edir. 2024-cü ilin sentyabr ayının 15-i oğlu Ayxana sünnət toyu etməyi qərara almış, sünnət toyunu keçirmək üçün kəndlərində olan Uğur Şadlıq sarayı ilə danışmış, yemək və içkiləri özü hazırlayacağını, sadəcə yer pulu verəcəyi barədə razılığa gəlmişdir. Rusiyada yaşayan dostları oğluna toy edəcəyini bilib hədiyyə kimi araq və kolbasa göndərəcəklərini demişlər. Sentyabr ayının 13-ü Rusiyadakı dostları toya araq və kolbasa göndərmiş, həmin tarixdə o, Gəncə Hava limanına getmiş, orda Vüsal adlı həmkəndlisi araq və kolbasanı gətirmiş, lakin araqlar gömrükdən buraxılmamış, kolbasanı isə götürmüşdür. 36 ədəd “Kremlin Award” markalı araqları buraxılmayacağını görüb Şəmkir rayonundan toy üçün yerli araqlar almışdır. 15 sentyabrda oğluna sünnət toyu etmişdir. Rusiyadan göndərilmiş kolbasa da toyda istifadə edilmişdir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli, 6/4782- 9/8191 nömrəli və 28 dekabr 2024-cü il tarixli 6/5545-9/10542 nömrəli ekspert rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş 36 ədəd “Kremlin Award” markalı alkoqollu içki araq məhsullarına aid olub, yoxlanılan orqanoleptik və fiziki-kimyəvi əlamətlərinə görə qablaşdırmaları üzərindəki etiket göstəricilərinə və müvafiq standartın tələblərinə uyğundur. Qeyd olunan malların xx.xx.2024-cü il tarixə ümumi orta bazar dəyəri təxminən 2232 manat müəyyən edilir. Ekspertiza tədqiqatına sərf edilən hissə çıxmaqla qalmış 28 ədəd “Kremlin Award” markalı alkoqollu içkilər saxlanca götürülməsi üçün 14.01,2025-ci il tarixli, 3-33-3100/2-000109/2025 nömrəli məktubla “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmişdir. Beləliklə, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2024-cü ıl tarixdə, saat 11 radələrində UT 743 saylı Moskva-Gəncə aviareysi ilə X6 Limanından ölkə ərazisinə gələn Şəxs Azərbaycan Respublikasının aksız markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, ümumi dəyəri 2232 manat təşkil edən 6 ədəd karton qutuların içərisində, hər birində 6 ədəd, 700 ml həcmində olmaqla, cəmi 36 ədəd “Kremlin Award” markalı alkoqollu içkiləri gömrük orqanına bəyan etməmişdir. Bu hərəkətlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt 3-33/1- 036309/2024 nömrəli material üzrə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən xx.xx.2025-ci il tarixli, 3-33- 3100/2-000111/2025 nömrəli məktubla daxil olmuş material,xx.xx.2024-cü il tarixli “malların yoxlanılması haqqında” protokol, Şəxs və X2 izahatları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4782-9/8191 nömrəli və xx.xx.2024-cü il tarixli, 6/5545-9/10542 nömrəli ekspert rəyləri və iş materiallarında olan digər sənədlərlə təsdiq edilir.Şəxs törətdiyi əməl düzgün olaraq AR-ın İXM-ın 482.1-ci maddəsi ilə tövsif olunmuş və həmin maddənin tələblərinə müvafiq məsuliyyət daşımalıdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların, yəni alkoqollu içkilərin müsadirəsi cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilsə də Şəxs məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 12 fevral 2025-ci il tarixli raportdan görünür ki, Əməliyyat- İstintaq Baş İdarəsinin İstintaq idarəsinin icraatında olan 3-33/1-001390/2025 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud olduğu üçün, onun inzibati qaydada məsuliyyətə cəlb edilməsindən ötrü Təhqiqat şöbəsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan 13 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, UT 743 saylı Moskva-Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1990-cı ildə Azərbaycan Respublikası, Şəmkir ray, Dəllər-Cəyir kəndində qeydiyyatda olan və halhazırda həmin kəndində yaşayan Şəxs (Pasport: AZE C 0116701) barəsində müvafiq tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan 13 sentyabr 2024-cü il tarixli yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, Şəxs iştirakı ilə onun yüklərinə baxış keçirilmiş və ümümilikdə 36 ədəd “Kremlin Award” markalı alkoqollu içkilər müəyyən edilərək götürülmüşdür. İş materiallarında olan 21 oktyabr 2024-cü il tarixli 6/4782-9/8191 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Kremlin Award vodka" markalı alkoqollu içki araq məhsullarına aid olub, yoxlanılan orqanoleptik və fiziki-kimyəvi əlamətlərinə görə qablaşdırmaları üzərindəki etiket göstəricilərinə və müvafiq standartın tələblərinə uyğundur. Ekspertiza tədqiqatına təqdim edilmiş alkoqollu içkilərin 13 sentyabr 2024-cü il tarixinə orta bazar qiyməti təxminən 372,00 manat müəyyən edilir. İş materiallarında olan 28 dekabr 2024-cü il tarixli 6/5545-9/10542 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Kremlin Award vodka" markalı alkoqollu içki araq məhsullarına aid olub, yoxlanılan orqanoleptik və fiziki-kimyəvi əlamətlərinə görə qablaşdırmaları üzərindəki etiket göstəricilərinə və müvafiq standartın tələblərinə uyğundur. Ekspertiza tədqiqatına təqdim edilmiş 30 ədəd “Kremlin Award” markalı alkoqollu içkilərin 13 sentyabr 2024-cü il tarixinə orta bazar qiyməti təxminən 1860,00 (30 ədəd x 62 manat) müəyyən edilir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, 3-33/1-001390/2025 nömrəli material üzrə Şəxs əməlində Azərbaycan Respublikası CM-in 213-1,2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi və eyni zamanda iş üzrə X2 da əməlində Azərbaycan Respublikası CM-in 213-1,2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1 2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və icraata götürməklə inzibati araşdırma aparılması haqqında” 18 fevral 2025-ci il tarixli qərardaddan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1990-cı il tarixdə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində doğulmuş, həmin ünvanda qeydiyyatda olan və faktiki olaraq yaşayan Şəxs (Şəxsiyyət vəsiqəsi: AZE № ********, FİN xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və həmin işin icraata götürülərək inzibati araşdırma aparılması qərara alınmışdır. İş materiallarında olan arayışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinə təhkim olunmuş Astara Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X3 icraatında olan 10000-00021/25 saylı inzibati xəta haqqında iş üzrə aparılan araşdırma ilə əlaqədar müvafiq prossesual hərəkətlərdə iştirak etmək üçün barəsində icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:51 -də sonuncunun istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlayaraq xx.xx.2025-ci il tarixdə, saat 10:00-da Baş İdarənin Təhqiqat şöbəsinə dəvət olunması barədə məlumat vermişdir. İş materiallarında olan “icraatın başa çatdırılması haqqında” raportdan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinə təhkim olunmuş Astara Gömrük idarəsi Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X3 Azərbaycan Respublikası İXM-nin 482.1 -ci maddəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində 10000-00021/25 nömrəli inzibati xəta haqqında iş üzrə icraatı 27 fevral 2025-ci il tarixdə başa çatdırmış. İşin icraatı zamanı Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan hüquqpozmanın törədilməsinə dair kifayət qədər sübutlar toplanmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq 10000-00021/25 nömrəli inzibati xəta haqqında işin baxılmağa verilməsini mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, ekspertiza rəyi habelə inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların yəni 36 ədəd “Kremlin Award” markalı alkoqollu içkilərin müsadirəsi cəzası tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Ona görə də hazırkı iş üzrə ekspertiza xərci dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, ona inzibati xətanın bilavasitə obyekti olan 36 ədəd “Kremlin Award” markalı alkoqollu içkilərin müsadirəsi cəzası tətbiq edilsin. Ekspertiza xərci dövlət hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar