Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-106/2022 29.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, zərərçəkmiş şəxslər (icra işi üzrə tələbkarlar) Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 5-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-3889/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 2700 (iki min yeddi yüz) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü üçün milli manata məzənnəsi tutularaq tələbkar Zərərçəkmiş şəxs1 ödənilməlidir. Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 8İ-1179 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 10025 (on min iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməlidir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq verilməsinə, həmçinin dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, icra sənədləri üzrə tələbi icra etməkdən üzrsüz səbəbdən yayınır. Şəxs icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir və icra məmurunun çağırışlarına gəlmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunda müəyyən edilmiş müddətdə borcunu ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Bununla Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, icra sənədini könüllü icra etməsi üçün vaxt verilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. O, borcundan tələbkar Zərərçəkmiş şəxs1 780 (yeddi yüz səksən) manat və 378 (üç yüz yetmiş səkkiz) ABŞ dolları ödəniş etmiş, Şəxs tələbkar Zərərçəkmiş şəxs2 isə borcundan 1000 (min) manat ödəniş etmiş və onun bundan başqa tələbkarlara heç bir ödənişi olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır, bu barədə icra məmuru onu xəbardar edib. Maddi imkanı olmadığı üçün həmin pulu ödəyə bilmir. İnzibati xəta haqqında iş məhkəmənin icraatında olduğu müddətdə isə 1000 (min) manat tələbkar Zərərçəkmiş şəxs2 ödəniş etmişdir. Bundan başqa isə heç bir ödəniş etməmiş, yalnız xx.xx.2022-ci il tarixədək ona vaxt verilərsə o, borcundan hissə-hissə ödəniş edəcəkdir. Hazırda isə maddi imkanı olmadığı üçün tələbkarlara ödəniş edə bilməyəcəkdir. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs1 məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu Şəxs xx.xx.2018-ci il tarixli icra sənədi üzrə 2700 (iki min yeddi yüz) ABŞ dolları məbləğində borcundan bu günə qədər sadəcə iki dəfə, yəni 780 (yeddi yüz səksən) manat və 378 (üç yüz yetmiş səkkiz) ABŞ dolları ödəniş etmiş və bundan sonra heç bir ödəniş etməmişdir. O, hazırda övladı xəstə olduğu üçün pula ehtiyacı olduğunu vurğulayaraq Şəxs inanmadığını və onun yalnız yalan vədlər verməklə ona olan borcunu ödəməkdən boyun qaçırdığını bildirərək, onun barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs2 məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu Şəxs xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 10025 (on min iyirmi beş) manat məbləğində borcundan bu günə qədər cəmi 2000 (iki min) manat olmaqla (inzibati xəta haqqında iş məhkəmənin icraatında olduğu zaman isə 1000 (min) manat) manat ödəniş etmiş və bundan sonra ödəniş etməmişdir. Tələbkar qazi olduğunu və müalicəyə ehtiyacı olduğunu bildirmiş və borclu Şəxs onu dəfələrlə aldadaraq vaxtında borcu ödəmədiyi üçün o, öz müalicəsini həyata keçirə bilməmişdir. Bu səbəbdən Şəxs ona olan borcunu tam şəkildə, yəni 8025 (səkkiz min iyirmi beş) manatı hal-hazırda ödəməsini bildirərək onun barəsində ciddi tənbeh tədbiri görülməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)- 3889/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs cəmi 2700 (iki min yeddi yüz) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü üçün milli manata məzənnəsi tutularaq tələbkar Zərərçəkmiş şəxs1 ödənilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 8İ-1179 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs cəmi 10025 (on min iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməlidir. İş materiallarına əlavə edilmiş 08 noyabr 2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3889/2018 saylı, 08 noyabr 2018-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş 20 aprel 2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 8İ-1179 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan 10 iyun 2022-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN-nin tabaleyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilmiş xx.xx.2022-ci il tarixli, **********1 saylı məktubdan görünür ki, Kəlbəcər rayon sakini Şəxs əlillik vəziyyəti barədə 04 avqust 2022-ci il tarixli 3(125)-106/2022 nömrəli sorğuya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, xx.xx.2016-cı ildən Şəxs “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri (Forma-088) əsasında qiymətləndirilir. Şəxsin əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra X1 Sisteminin “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən yeni göndəriş daxil olmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-3889/2018 nömrəli, xx.xx.2018-ci il tarixli və Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 8İ-1179 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, qətnamənin və icra qeydinin qəbul edildiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq qanuni qüvvəyə minmiş qətnamənin və icra qeydinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə etinasız yanaşmışdır. Şəxs icra məmurunun qanuni tələblərinə riayət etməməsinə dair gətirdiyi dəlillər üzrlü hesab edilə bilməz. Şəxs borcunu icra sənədləri ilə müəyyən edilmiş miqdarda və birdəfəlik olaraq yox, özünün müəyyən etdiyi miqdarda ödəməklə icra sənədlərinin icrasından yayınmış və tələbkarlarla borcun ödənilməsi ilə bağlı aralarında heç bir razılıq əldə edilməmişdir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin məhkəmənin icraatında olduğu 2 (iki) ay 15 (on beş) gün müddətində məhkəmə tərəfindən ona tələbkarlarla barışıq əldə edilməsi üçün dəfələrlə (səkkiz dəfə) möhlət verilməsinə baxmayaraq, o, bundan sadəcə sui-istifadə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, pul tələbi ilə bağlı icra sənədinin icra edilməsindən boyun qaçıran şəxsə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə tənbehin məqsədinə nail olmaq və onu intizamlandırmaq mümkün deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədlərinə nail olmağa imkan verir. Həmçinin, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında işin məhkəmənin icraatında olduğu 2 (iki) ay 15 (on beş) gün ərzində tələbkarlardan yalnız birinə 1000 (min) manat ödəniş etməsi faktını ona inzibati həbs növündə tənbeh tədbirinin müddətini müəyyən edərkən nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 29 sentyabr 2022-ci il saat 12:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(125)-106/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-106/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver