Məhkəmə qərarları › İş №3(125)-106/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-106/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-106/2025 07.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər 1-ci Polis Bölməsinin İTBnin polis sahə rəisi, polis kapitanı X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ağdərə rayonu, Leninavan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Gəncə şəhər, Nizami küçəsi dalan 8, ev 13-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510, 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Gəncə şəhər 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 07 yanvar 2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər 1-ci Polis Bölməsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X8 tərəfindən tərtib olunmuş 07 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər 1-ci Polis Bölməsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X8 izahatında göstərdi ki, Şəxs Maxi marketdə kassir kimi çalışan X2 marketdən götürdüyü suyun qiymətini öyrənmiş lakin pulunu ödəməyərək marketdən çıxmışdır. Daha sonra öz mobil nömrəsi yazılan kağız parçasını həmin xanıma uzatmış və onunla münasibət qurmaq istədiyini bildirmişdir. X3 həyat yoldaşı X9 DİN-nin 102 xidmətinə zəng edərək şikayətini bildirmişdir. Dəfələrlə Şəxs ilə əlaqə saxlanılmaq istəsə də onun telefonlarına cavab verilməmiş, yaşadığı ünvana getsələr də şəxsi müəyyən edə bilməmişlər. Daha sonra o və digər polis əməkdaşları Şəxs Gəncə Dövlət Universitetinin qarşısında saxlayaraq izahatının alınması üçün 1 saylı Polis Şöbəsinə dəvət etmiş o uca səs ilə səs küy salaraq, polisin ünvanına nalayiq ifadələr işlətmiş, ətrafdakıların diqqətini özünə çəkmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o polisin qanuni tələbinə tabe olmamışdır. Həmin anları təsadüfən ora yığışmış şəxslərdən biri telefon vasitəsi ilə çəkmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməmişdir. İzahatında bildirmişdir ki, X4 onun üzünə gülümsəmiş, onunla xoş danışmışdır. O isə həmin qadını yalnış anlamış və buna görə də öz mobil nömrəsini ona vermişdir. X3 evli olduğunu bilməmişdir. Gəncə Dövlət Universitetinin qarşısında polis əməkdaşları ona yaxınlaşaraq zorla patrul avtomobilinə əyləşdirmək istəmiş bu zaman o avtomobildə əyləşmək istəməmişdir, ona görə də kənardakı şəxslərə ona kömək göstərilməsini xahiş etmişdir.. Məhkəmə iclasında şahid qismində dinirilmiş polis kapitanı X7 ifadəsində bildirmişdir ki, Şəxs Maxi marketdə kassir kimi çalışan X2 marketdən götürdüyü suyun qiymətini öyrənmiş lakin pulunu ödəməyərək marketdən çıxmışdır. Daha sonra öz mobil nömrəsi yazılan kağız parçasını həmin xanıma uzatmış və onunla münasibət qurmaq istədiyini bildirmişdir. X3 həyat yoldaşı X9 DİN-nin 102 xidmətinə zəng edərək şikayətini bildirmişdir. Dəfələrlə Şəxs ilə əlaqə saxlanılmaq istəsə də telefonlara onun tərəfindən cavab verilməmiş, yaşadığı ünvana getsələr də şəxsi müəyyən edə bilməmişlər. Daha sonra o və digər polis əməkdaşları Şəxs Gəncə Dövlət Universitetinin qarşısında saxlayaraq izahatının alınması üçün 1 saylı Polis Şöbəsinə dəvət etmiş o uca səs ilə səs küy salaraq, polisin ünvanına nalayiq ifadələr işlətmiş, ətrafdakıların diqqətini özünə çəkmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o polisin qanuni tələbinə tabe olmamışdır. Həmin anları təsadüfən ora yığışmış şəxslərdən biri telefon vasitəsi ilə çəkmişdir. Məhkəmə iclasında şahid qismində dinirilmiş X4 izahatında bildirmişdir ki, Maxi marketdə kassir kimi çalışır. xx.xx.2024-cü il tarixdə saat 21:00-da bir nəfər şəxs marketdən götürdüyü su ilə kassaya yaxınlaşmış pulunu ödəmərək çölə çıxmışdır. Daha sonra o yenidən qayıtmış öz əlaqə nömrəsi yazılmış kağız parçasını ona verərək münasibət qurmaq istədiyini, onu görüşə dəvət etmiş gəlmədiyi təqdirdə onuncun yaxşı olmayacağını bildirmişdir. O isə həmin nömrəni yoldaşına vermiş və olanları ona bildirmişdir. Yoldaşı isə DİN-nin 102 xidmətinə zəng edərək həmin şəxsi şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dinirilmiş X9 izahatında bildirmişdir ki, 9 ildir evlidir, 2 övladı var. Maddi imkanları zəif olduğu üçün yoldaşı X1 marketdə kassir kimi çalışır. On gün öncə bir nəfər onun yoldaşına yaxınlaşaraq əlaqə nömrəsi verərək münasibət qurmaq istədiyini bildirmiş və onu narahat etmişdir. O isə DİN-nin 102 xidmətinə zəng edərək həmin şəxsi şikayət etmişdir. Odur ki, Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zaman tədqiq edilmiş “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:25-də inzibati qaydada tutulmuşdur. Video görüntüdən görünür ki, Şəxs dəfələrlə avtombilə minməsi barədə xəbərdarlıq edilsə də avtombilə minməkdən imtina etmiş, camaatı ətrafına yığaraq nəqliyyatın hərkətini məhdudlşadırmış, ictimai qaydanı pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi şahid ifadələri, video görüntü, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Şəxs vermiş olduğu ifadə iş materialları ilə ziddiyyət təşkil etdiyindən özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və sübut kimi nəzərə alınmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, şahid ifadələrindən və videogörüntüdən, Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmaması, eyni zamanda hadisə yerinə çox saylı insanların yığılması, nəqliyyat iştirakçılarına maneə törətməsi və Şəxs öz hərkətlərinə davam etməsi öz təsdiqini tapır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li Qərarında müəyyən edilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun adı çəkilən qərarına əsasən, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanın məhdud mənada belə anlayışı bir çox hüquq ədəbiyyatlarında və normativ hüquqi aktlarda ümumiləşdirilərək işlədilir. İctimai qayda cəmiyyətin digər sahəsi olan ictimai təhlükəsizliklə sıx bağlıdır. İctimai təhlükəsizlik sahəsinə insanların həyatı və sağlamlığı, onların əmlakı üçün yaranan və ya yarana biləcək təhlükənin qarşısının alınması və ya onların aradan qaldırılması ilə bağlı olan ictimai münasibətlər aiddir. Xırda xuliqanlıq ictimai qaydaya qəsd edən inzibati xətadır. O, təqsirli şəxsin mədəniyyət və dünyagörüşü səviyyəsinin aşağı olmasını, onun təkəbbürlüyünü, özündən razı olmasını, onu əhatə edən insanların maraqlarına laqeydliyini və əxlaq qaydalarına məhəl qoymamağın sübut edir. Şərh edilən inzibati xətanın obyekti - ictimai qaydadır. Qeyd etməliyik ki, bu inzibati xətanın bilavasitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Hüquq ədəbiyyatlarının məzmunları ilə tanış olarkən ən çox rast gəlinən fikirlər bunlardır ki, xırda xuliqanlığın törədilməsi zamanı (hər bir halda) ictimai qaydaya, vətəndaşların şərəf və ləyaqətinə, onların normal iş şəraitinə, istirahətinə, hüquq və qanuni maraqlarına ziyan vurulur. Obyektiv cəhətdən xırda xuliqanlıq aktiv hərəkətlərlə (ictimai qaydanı pozan hərəkətlər) xarakterizə edilir, törədilir. Qanunvericilik quruluşuna görə bu maddədə göstərilən inzibati xəta formal tərkiblidir. İnzibati xəta haqqında protokol, videogörüntü, şahid ifadələri və işin digər materialları ilə Şəxs insanların maraqlarına laqeydliyini və əxlaq qaydalarına məhəl qoymamağı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 06 yanvar 2025-ci il tarixdən saat 18:25-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar