Məhkəmə qərarları › İş №3(125)-1061/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1061/2022

20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1061/2022 20.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2022-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 140000,00 ABŞ dolları məbləğində olan vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş, 2 il müddətin keçməsinə baxmayaraq, 140000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2022-ci il tarixdə törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 protokola etiraz edərək izahatında bildirdi ki, Şəxs MMC tərəfindən ümumilikdə 140000 ABŞ dolları dəyərində olan uşaq bezlərinin alınması üçün qabaqcadan 140000 ABŞ dolları məbləğində pul vəsaiti avans şəklində xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasında satıcı firmanın hesabına köçürülmüşdür. Satıcı firmada istehsalat baş vermiş problemlərlə əlaqədar sifariş verilmiş mallar vaxtından istehsal edilib Azərbaycan Respublikasına göndərilə bilməmişdir. Sonradan sifariş verilmiş Slipp Baby markalı uşaq bezlərinin istehsalı ümumiyyətlə dayandırıldığından, alıcı və satıcı firmalar arasında əldə edilmiş qarşılıqlı razılıq əsasında həmin məhsulun yerinə Predo Baby markalı uşaq bezlərinin göndərilməsi qərara alınmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə sifariş verilmiş ******* ABŞ dolları dəyərində uşaq bezləri Azərbaycan Respublikasına idxal olunmuşdur. Alınmış malların ölkəyə vaxtında idxal olunmamasını Şəxs MMC-nin təqsiri üzündən baş verməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş «X7 Malz.San ve TİC.LTD» şirkəti ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən Şəxs MMC xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sifariş əsasında Azərbaycan bölgəsində Slipp Baby markalı məhsulların satışını həyata keçirəcəkdir. Müqavilə şərtlərinə əsasən sifariş edilən malların dəyəri əvvəlcədən ödənilməlidir. İş materiallarından görünür ki, Şəxs MMC tərəfindən 140000 ABŞ dolları məbləğində vəsait xx.xx.2020-ci il tarixdə nağd şəkildə «X7 Malz.San ve TİC.LTD.SHTİ»-in Türkiyə Respublikasında «X6” Katılım Bankası A.S-də olan bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş ASC «Xalq» Bankının Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, Şəxs MMC tərəfindən 140000 ABŞ dolları dəyərində malların idxal edilməsi, xidmətlərin göstərilməsi və ya qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmasını təsdiq edən sənədlər 2 (iki) il ərzində Banka təqdim olunmamışdır. Qabaqcadan ödəniş əməliyyatları barədə məlumatlar Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarında olan **********5977 nömrəli xx.xx.2022-ci il tarixli, **********5888 nömrəli xx.xx.2022-ci il tarixli, **********5993 nömrəli xx.xx.2022-ci il tarixli, **********6078 nömrəli xx.xx.2022-ci il tarixli və **********6038 nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannamələrindən görünür ki, «X7 Malz.San ve TİC.LTD.ŞTİ» tərəfindən Şəxs MMC-nin ünvanına göndərilmiş 140000 ABŞ dolları dəyərində olan uşaq bezləri xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına idxal edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs MMC ilə Türkiyə Respublikasının «X7 Malz.San ve TİC.LTD.ŞTİ» arasında ümumi dəyəri 140000 ABŞ dolları olan uşaq bezlərinin alqı-satqısına dair müqavilə bağlanmış, satıcı şirkətin tələbinə əsasən Şəxs MMC xx.xx.2020-ci il tarixdə alınmış malların dəyərini, yəni 140000 ABŞ dolları qabaqcadan Türkiyə Respublikasına satıcı şirkətin bank hesabına ödəmiş, alqı-satqı müqaviləsinə əsasən alınmış 140000 ABŞ dolları dəyərində mallar isə xx.xx.2022-ci il tarixdə, yəni iki ildən artıq müddət keçdikdən sonra Azərbaycan Respublikasına idxal edilmişdir. Qanunvericiliyə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 il müddətində müvafiq mallar ölkəyə idxal edilmədikdə, şəxsin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkibi yaranır. Lakin, «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Məhkəməyə təqdim edilən «X7 Malz.San ve TİC.LTD.ŞTİ» tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" markalı məhsulun satışı və marketinqi müəyyən edilmişdir. Müqaviləyə əsasən MMC tərəfindən 110000 və 140000 ABŞ dolları məbləğində avans ödəmələr edilmişdir. Lakin, həmin müddətdə COVİD-19 SARS virusunun yayılması səbəbilə və «X3 Sanayi ve Ticaret A.Ş»in fabrikində yaranan problemlər səbəbilə məhsulların təslim edilməsində çətinlik yaşanmışdır. Bundan sonra istehsalçı tərəfindən Slipp Baby markalı məhsulların istehsalı dayandığından onlar tərəfindən Predo Baby markalı məhsulları bu ilin dekabr ayının sonuna qədər onlara təslim edilməsi təmin ediləcəkdir. İş materiallarına əlavə edilmiş sənədlərə əsaslanaraq məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən 140000 ABŞ dolları məbləğində olan vəsait xx.xx.2020-ci il tarixdə xaricə köçürülmüşdür. Lakin, həmin vəsait hesabına alınan mallar 2 il müddət keçdikdən sonra ölkəyə idxal edilsə də, bu Şəxs MMC-nin təqsiri səbəbindən baş verməmişdir. Belə ki, malların Azərbaycan Respublikasına vaxtında idxal edilməməsinin səbəbi istehsalçı firmada yaranmış problemlər səbəbindən məhsullar vaxtında alıcıya təslim edilə bilməmişdir. Hətta sifariş verilən Slipp Baby markalı uşaq bezlərinin istehsalı ümumiyyətlə dayandırıldığından, alıcı və satıcı firmalar arasında əldə edilmiş qarşılıqlı razılıq əsasında həmin məhsulun yerinə Predo Baby markalı uşaq bezlərinin göndərilməsi qərara alınmışdır və xx.xx.2022-ci il tarixdə 140000 ABŞ dolları dəyərində Predo markalı uşaq bezləri Azərbaycan Respublikasına idxal edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən 140000 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasına köçürülsə də, həmin məbləğdə alınmış malların Azərbaycan Respublikasına 2 il ərzində idxal edilməməsi, Şəxs MMC-nin təqsirindən deyil, satıcı xarici firmada istehsal prosesində yaranmış problemlərlə əlaqədar olmuşdur. Buna baxmayaraq, pul vəsaitinin köçürüldüyü vaxtından iki il keçdikdən qısa müddət sonra alınmış mallar ölkə ərazisinə idxal edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Odur ki, məhkəmə, inzibati xəta haqqında materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar