Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1065/2024 27.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, «Gəncə şəhər Birləşmiş Xəstəxanası» X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, «Gəncə şəhər Birləşmiş Xəstəxanası» X4 tərəfindən Azərbaycan Respublikası İXMin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Gəncə şəhəri BPİ-nin X5 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Baş Polis İdarəsi X5 Şöbəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18:44-də Gəncə Mərkəz-MİŞ Tibbi yardım qarajının mülkiyyətində olan VAZ-21213 markalı, 20-AA 110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs Gəncə şəhəri, Şeyx Bahəddin küçəsində birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmişdir. İnzibati xətanı törətmiş fiziki şəxs barədə məlumat verilmədiyindən Gəncə şəhər Birləşmiş Xəstəxanası» X3 barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında «Gəncə şəhər Birləşmiş Xəstəxanası» X2 nümayəndəsi Nümayəndə bildirmişdir ki, fiziki şəxs haqqında məlumat verilməsi barədə bildiriş hüquqi şəxsin ünvanına deyil, avtomobil parkına göndərilmişdir. Əslində bildiriş subyekt olaraq TƏBİB-in yerli bölməsinə göndərilməli idi. Sözügedən bildirişdən məlumatsız olduqlarından hərəkətsizlik baş vermişdir. Sonda o, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Gəncə şəhəri Baş Polis İdarəsi X5 şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə nümayəndəni dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Gəncə şəhəri Baş Polis İdarəsi X5 Şöbəsi tərəfindən «Gəncə Mərkəz_MİŞ Tibbi yardım qarajı»na ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18:44-də Gəncə Mərkəz-MİŞ Tibbi yardım qarajının mülkiyyətində olan VAZ-21213 markalı, 20-AA 110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs Gəncə şəhəri, Şeyx Bahəddin küçəsində birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmişdir. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulur. Gəncə Mərkəz-MiŞ Tibbi yardım qarajının inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə «Gəncə şəhər Birləşmiş Xəstəxanası» X3-nin əməlində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alaraq hesab edir ki, hüquqi şəxsin inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Belə ki, hüquqi şəxsin inzibati xətanı törətməkdə təqsirli bilindiyi maddədən də göründüyü kimi hüquqi şəxsin ona sorğu daxil olduğu vaxtdan 5 gün müddətində səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verilməsi nəzərdə tutulmuşdur. Hazırki halda isə sözügedən hüquqi şəxsin ünvanına heç bir sorğu daxil olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sorğunun göndərilməsi barədə xəbərnamədən də görünür ki, qeyd olunan ünvan hüquqi şəxsin deyil, Gəncə Mərkəz-MİŞ Tibbi yardım qarajının ünvanıdır. Belə olan halda «Gəncə şəhər Birləşmiş Xəstəxanası» X1 sorğu barədə məlumatlandırılmadığı aydın olur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, «Gəncə şəhər Birləşmiş Xəstəxanası» X1 əməlində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Gəncə şəhər Birləşmiş Xəstəxanası» X3 barəsində İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1065/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1065/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver