Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1070/2023 02.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Xanlar rayonu, Qarayeri qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY Y Ə N E T D İ: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və digər sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:10-da Gəncə şəhəri, H.Əliyev prospektində ictimai yerdə səs-küy salaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X2 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, protokolda qeyd edilənlərdən səs-küy salması, ictimai asayişi pozması ilə bağlı yazılanlar doğrudur. Belə ki, uşağı xəstə olduğu üçün Şəmkir Rayonundan yaşadığı evə gedən zaman Gəncə şəhəri, Heydər Əliyev prospektində Yol Patrul Xidmətinin əməkdaşı ona saxla əmri vermiş və o da avtomobili saxlamışdır. Həmin əməkdaş ona yaxınlaşaraq avtomobildə konstruksiya dəyişikliyi edildiyi üçün onu cərimə meydançasına aparacaqlarını bildirdikdə o, uşağı xəstə olduğu üçün yaşadığı evə getdiyini və həmçinin şəhid ailəsi olduğuna görə ona köməklik etmələrini xahiş etmişdir. Lakin sonradan yenə də YPX-nin əməkdaşları onun avtomobilinin cərimə meydançasına aparılmasını bildirdikdə o, əsəbləşərək səs-küy salmışdır. Amma polisin qanuni tələbinə tabe olmaması halı isə mövcud deyil. Çünki həmin vaxt onun avtomobilinin cərimə meydançasına aparılması üçün o, könüllü şəkildə avtomobilin açarını YPX-nin əməkdaşlarına təqdim etmişdir. Belə ki, o, heç bir polis əməkdaşına qarşı tabesizlik göstərməmiş, yəni polisin qanuni tələbinə tabe olmuşdur. Hazırda səs-küy saldığına görə əməlindən peşmandır, bir daha belə əmələ yol verməyəcəyini, himayəsində dörd azyaşlı uşağının olmasının nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X3 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə səhər saat 09:10 radələrində xidmətdə olan zaman “VAZ 2107” markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobili konstruksiya dəyişikliyi etdiyi üçün tərəflərindən saxlanılmış, sürücüyə yaxınlaşıb özünü məruzə edərək qayda pozuntusunu izah edib, nəqliyyat vasitəsininin istismarını dayandırıb duracağa gedəcəklərini bildirən zaman sürücü şəhid ailəsi olduğunu bildirdi, o da öz rəhbərliyinə bu barədə məruzə etdiyini və avtomobilin duracağa aparılmasını bildirəndə sürücü səs-küy salmağa başlamışdır. O, həmin vaxt avtomobili duracağa aparmış, sürücü Şəxs isə orada digər YPX-nin əməkdaşı ilə birlikdə qalmış və həmin əməkdaş onu 2-ci Polis Şöbəsinə gətirmişdir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə edilmiş elektron sorğudan görünür ki, Şəxs xx.xx.2015-ci il təvəllüdlü Zəhra, xx.xx.2018-ci il təvəllüdlü Zakir, xx.xx.2020-ci il təvəllüdlü Əli və xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı dörd uşağı var. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs olunur. Məhkəmə iclasında Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində ucadan səs-küy salması tam sübuta yetirilir. Qeyd olunanlarla yanaşı məhkəmə iclasında Şəxs polis əməkdaşlarına tabesizlik göstərməsi iş materialları ilə sübut olunmur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməli və onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində həmin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını və himayəsində dörd azyaşlı uşağının olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli və obyektiv qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs əməlində İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz ifadəsi, şahidin ifadəsi və iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, himayəsində dörd azyaşlı övladının olmasını və yuxarıda qeyd edilən digər xüsusatları nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri ilə inzibati tənbehin məqsədinə nail oluna bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1070/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1070/2023
02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver