Məhkəmə qərarları › İş №3(125)-1077/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1077/2022

29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1077/2022 29.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 491.3 və 492.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2022-ci il tarixli 00100-2466/22 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında material aidiyyəti üzrə düzgün göndərilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli 00100-2466/22 nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postundan daxil olmuş 34/024/027627 savlı xx.xx.2022-ci il tarixli raportda Çin Xalq Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC 73AA209/73AA210 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsində, xx.xx.2022 tarixli 0913T0423 nömrəli invoysla idxal edilmiş, BBGİ-də xx.xx.2022-ci il tarixli. **********2417 sorğu nömrəli GB-ilə bəyan edilmiş yükə gömrük baxışı keçirilən zaman, “İpək Yolu” G/P-nun nəzarət buraxılış məntəqəsində 056 saylı plomb ilə gömrük təminatına alındığı və avtonəqliyyat vasitəsinin boşalma yerinə, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə göndərildiyi, lakin, yük nəqliyyat vasitəsinin plombunun Masazır qəsəbəsində məlumat verilmədən qırıldığı və yükün boşaldıldığı, bununla bağlı müvafiq tədbirlər görülərək, boşaldılmış malların avtonəqlivvat vasitəsinə yükləndiyi, avtonəqliyyat vasitəsinin AA951068 saylı plombla gömrük təminatına alındığı və “İpək Yolu” gömrük postunun ərazisində gömrük nəzarəti altında yerləşdirildiyi qeyd olunmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-in 491.3-cü maddəsində müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə, həmin Məcəllənin 492.1-ci maddəsində isə gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Şəxs MMC İXM-in 491.3 və 492.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir ona görə ki, həmin hüquqi şəxsin əməkdaşları gömrük təminatını, yəni mallara tətbiq edilən möhürü müvafiq icazə olmadan qırmış, eyni zamanda müvafiq icazə olmadan gömrük nəzarəti altında olan malları boşaltmışdır. Bu hərəkətlər, yəni möhürün qırılması və malların boşaldılması isə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrinin dispozisiyalarından məlum olur ki, həmin maddələrdə nəzərdə tutulan inzibati xəta əməlləri “hərəkətlə” törədilir və həmin hərəkətlər harada edilmişdirsə, inzibati xəta əməlləri də həmin yerdə törədilmiş sayılır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs MMC-nin hüquqi ünvanı Gəncə şəhəri ərazisində olsa da, ona isnad edilən əməllər Abşeron rayonu Masazır qəsəbəsində törədildiyindən, hazırki inzibati xəta haqqında materiala da inzibati xətaların törədildiyi yer üzrə birinci instansiya məhkəməsində, yəni Abşeron rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 491.3 və 492.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar