Məhkəmə qərarları › İş №3(125)-108/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-108/2023

10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-108/2023 10.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hüseynov (Hacıyev) İlkin Asif oğlunun iştirakları ilə, xx.xx.1998-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Gər-Gər kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 31-ci küçədə yerləşən fərdi yaşayış evində yaşayan Hüseynov (Hacıyev) İlkin Asif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Hüseynov (Hacıyev) İlkin Asif oğlu xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində X1 təhqir edərək, ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Bununla da o, İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən xx.xx.2022ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X5 bildirdi ki, Hüseynov (Hacıyev) İlkin Asif oğlu xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində X1 təhqir edərək, ucadan səsküy salaraq ictimai qaydanı pozmuşdur. Buna görə də Hüseynov (Hacıyev) İlkin Asif oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən Hüseynov (Hacıyev) İlkin Asif oğlunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Hüseynov (Hacıyev) İlkin Asif oğlu məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, qeyd edilən inzibati xətanı törətmiş, lakin həmin şəxslə barışmaq istəmədiyini bildirərək barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində qonşuda yaşayan İlkin adlı şəxs heç bir səbəb olmadan onu küçədə təhqir edərək, ucadan səs-küy salmışdır. Bundan sonra o, bu barədə ərinə məlumat vermiş, əri isə polis idarəsinə ərizə ilə müraciət etmişdir. Hüseynov (Hacıyev) İlkin Asif oğlu ilə qonşu olduqları üçün barışmaq istədiyini, lakin həmin şəxs onunla barışmadığını bildirmişdir. Buna görə də onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hüseynov (Hacıyev) İlkin Asif oğlunun və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Hüseynov (Hacıyev) İlkin Asif oğlu ümumi qəbul edilmiş birgə yaşayış qaydalarına zidd olaraq başqa şəxslərin dincliyini pozaraq ucadan səs-küy salmaqla ictimai qaydanı pozması, yəni İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı və iş materiallarında olan digər sənədlər ilə tam şəkildə sübuta yetirilir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Hüseynov (Hacıyev) İlkin Asif oğlunun əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüseynov (Hacıyev) İlkin Asif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 04 (dörd) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli Hüseynov (Hacıyev) İlkin Asif oğlunun tutulduğu 10 yanvar 2023-cü il saat 17:50-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar