Məhkəmə qərarları › İş №3(125)-1082/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1082/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1082/2023 21.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər DYPŞ-nin polis mayoru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 20:30 radələrində ayıq vəziyyətdə və sürücülük vəsiqəsi olmaqla idarə etdiyi “Mersedes Benz ML 350” markalı ** CX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhər H.Əliyev prospekti ilə hərəkətdə olan zaman “X5” Azərbaycan Respublikası Qanunun müvafiq maddələrinin tələblərini pozaraq, yəni avtomobillər arasında düzgün məsafə saxlamaqla hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək hərəkətini davam etdirmiş, həmin vaxt onunla eyni istiqamətdə hərəkət edib işıqforun qırmızı işığında dayanmış sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Astra” markalı ** ES *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə, həmin avtomobil öz nöbəsində qarşısında dayanmış sürücü X1 idarə etdiyi “Volsvagen Passat” markalı ** SD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, X3 da idarə etdiyi “Chevrolet Cruze” markalı ** VD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə avtomobillər arasında araməsafəsini düzgün saxlamadığı üçün onun idarə etdiyi avtomobilin arxasından vuraraq toqquşmuş, nəticədə “Opel Astra” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol ayaq pəncəsinin yumşaq toxumalarının əzilməsi, şişkinliyi və qançırı xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, qeyd olunan yol-nəqliyyat hadisəsi faktı üzrə sürücü Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Lakin sürücü Şəxs, X5 Qanunun tələblərini pozduğundan onun barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə ŞBPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almış, buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs əməlini etiraf edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə o, idarə etdiyi “Mercedes Benz ML 350” minik markalı ** CX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri H.Əliyev prospektindən üzü şəhər mərkəzi istiqamətinə doğru 50 km/saat sürətdə hərəkətdə olan zaman onun qarşı tərəfində hərəkətdə olan “Opel astra” markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil anidan dayanmış, həmin vaxt o, avtomobilin tormoz sistemini sıxsa da,l akin məsafə həmin avtomobilə yaxın olduğu üçün onun avtomobilinin qabaq tərəfi həmin avtomobilin arxa tərəfi ilə toqquşmuşdur.Zərbənin nəticəsindən həmin avtomobil qarşı tərəfdə hərəkətdə olan “Volksvagen Passat” markalı ** SD *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfi ilə toqquşmuşdur. Daha sonra onun avtomobilin arxa tərəfində hərəkətdə olan “Chevrolet Cruze” markalı ** VD *** dövlət qeydiyyat nömrəli avtomobil qabaq hissəsi ilə onun avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Bu o, dayanıb avtomobilindən yerə duşmuş və “Opel astra” markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sol ayağından xəsarət aldığını görmüşdür. O, zərərçəkmişin avtomobilinin təmiri üçün təxminən 1750 manat ödəniş etmişdir. Sonda o diqqətdizlik etdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə maddi köməklik göstərdiyini nəzərə alıb barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə icalsında zərərçəkmiş şəxs ona dəymiş ziyanın tam şəkildə ödənilməsini tələb etdiyini bildirmiş və Şəxs barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti yoxdur (ayıqdır). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 643 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət sol ayaq pəncəsinin yumşaq toxumalarının əzilməsi, şişkinliyi və qançırı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmaısna səəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanə törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar: yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “X5” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması; svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə; dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi; birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə; avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsi, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsi, geriyə dönmə, geriyə hərəkət etmə və sürmə təlimi keçmə; yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması – nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. “X5 Azərbaycan Respublikasının Qanunu”nun 36-cı maddəsinin 3-cü bəndinin 1-ci hissəsində qeyd olunur ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ziyanın bir hissəsini ödəməsini onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar