Məhkəmə qərarları › İş №3(125)-1083/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1083/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1083/2023 23.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 08 mart 2023-cü il tarixində ona məxsus Nissan Xtrail markalı, **-EX-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Nərimanov metro stansiyasının yaxınlığında işıqforun qırmızı işığında gözləyən zaman Bakı şəhəri Nərimanov Rayon X10 X7 xidməti avtomobilin sayrışan işıqlarını yandıraraq sürətlə onun avtomobilinə yaxınlaşdı. Həmin vaxt Bakı şəhəri Nərimanov Rayon X10 X7 xidmətinin əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmədən xəbərdarlıq edərək – “vətəndaş manevr qaydalarını pozmuşsunuz, buna görə sizə cərimə protokolu yazacağam” dedi. O, da yolun tələblərinə uyğun olaraq sağ tərəfə yola çıxdığını, həmin vaxt Bakı şəhəri Nərimanov Rayon X10 X7 xidmətinin avtomobilinin sayrışan işıqlarının sönülü vəziyyətdə onun avtomobilindən 70-80 metr aralıda olduğunu qeyd edib yola çıxdığını bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon X10 X7 xidmətinin əməkdaşı təkrar ona irad tutaraq – “siz bilmirsiniz ki, nə olursa olsun X10 İdarəsinin yol patrul xidmətinin avtomobilinin qarşısına çıxmaq olmaz, buna görə də cərimələnəcəksən” demişdir. Protokol tərtib edəcəyini deyən əməkdaşa istədiyi tədbiri görməkdə sərbəst olduğunu, lakin qanunsuz addım atdığından məhkəməyə şikayət edəcəyini bildirmişdir. ASAN ödəniş elektron sistemdən aldığı SMSdən məlum oldu ki, 08 mart 2023-cü il tarixdə Bakı şəhəri DYPİ əməkdaşı tərəfindən barəsində inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilib və ardınca 08 mart 2023-cü il tarixli protokol üzrə qərar qüvvəyə minmişdir. Hər zaman olduğu kimi, sözügedən tarixdə də qanunun tələblərinə ciddiyyətlə əməl etmiş, hər hansı pozuntuya yol verməmiş, qeyd olunan protokol və qərar qanunvericiliyin tələblərinə zidd olaraq qəbul olunmuşdur. Eyni zamanda bir neçə dəfə elektron qaydada müraciət etməsinə baxmayaraq qeyd edilən qayda pozuntusu barədə foto və video görüntülər, inzibati tənbeh verilmə haqqında qərar hələ də ASAN ödəniş sisteminin rəsmi saytındakı şəxsi kabinetinə yerləşdirilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 38.6-cı maddəsində zəruri şərt kimi inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməsi qeyd edilir. Bundan sonra yazılı müraciət edərək 02 iyun 2023-cü il tarixdə barəsində tərtib olunmuş 08 mart 2023-cü il tarixli İXP ******* nömrəli protokol və onun əsasında verilmiş TP ******* nömrəli qərarın surətlərini almışdır və hesab edir ki, barəsində tərtib olunmuş 08 mart 2023-cü il tarixli İXP ******* nömrəli protokol və onun əsasında verilmiş TP ******* nömrəli qərar qanunsuz olduğundan ləğv olunmalıdır. Odur ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında 08 mart 2023-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərardan şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə qərardan şikayət vermiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-50/2-V-15193/11 nömrəli məktubundan görünür ki, TP ******* saylı qərarın surəti X2 göndərilmişdir. Məhkəmə, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə “Nissan X-Trail” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilli idarə edərkən manevr etmə qaydalarını pozduğuna görə, yəni Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə YPX əməkdaşı tərəfindən saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və hazırkı qərar ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X3 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, ona 40 (qırx) manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolun və qərarın qanuniliyi və əsaslığı ilə bağlı sübutları təqdim etmək Bakı şəhəri Nərimanov rayon X9 Şöbəsinin üzərinə düşdüyü üçün inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmədə baxılan müddətdə səlahiyyətli orqanın nümayəndəsinin məhkəmədə iştirakını təmin etmək məqsədi ilə məhkəmə iclası təxirə salınmışdır. Lakin 14 iyun 2023-cü il tarixə və 23 iyun 2023-cü il tarixə təyin olunmuş məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq səlahiyyətli orqan öz nümayəndəsinin iştirakını təmin etməməklə yanaşı, həmçinin mübahisələndirilən qərarı və onun əsasını təşkil edən protokolun qanuniliyinə və əsaslığına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, X1 həmin tarixdə inzibati xəta törətməsini təsdiq edən mötəbər sübutlar iş materiallarında öz əksini tapmamış, o cümlədən səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X1 barəsində Bakı şəhəri Nərimanov rayon X9 Şöbəsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X1 barəsində Bakı şəhəri Nərimanov rayon X9 X7 Xidməti İnspektoru polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar