Məhkəmə qərarları › İş №3(125)-1085/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1085/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1085/2023 05.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510, 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin sahə rəisi polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs Gəncə şəhərində xx.xx.2023-cü il tarixində Gəncə şəhər BPİ DYPŞ-nin YPX-nin inspektorları ona saxla əmri verdikdən sonra polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin sahə rəisi polis kapitanı X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə 6033 saylı DYP-nin əməkdaşı efirə çıxaraq Abbas Səhhət ərazisinə kömək istəmişdir. YPX əməkdaşları adı onlara sonradan məlum olan Şəxs yaxınlaşdıqda sonuncu polisə tabesizlik göstərərək uzaqlaşmağa çalışmış, daha sonra avtomobildən düşüb qaçmışdır. Köməyə gəlmiş PPX əməkdaşları binanın dəhlizində Rövşəni saxlamış, sonuncu səs-küy salaraq müqavimət göstərməyə çalışmışdır. Rövşən polis əməkdaşlarından qaçdığı və müqavimət göstərdiyi üçün sonuncuya fiziki güc tətbiq edərək PPX avtomobilini əyləşdirmiş və polis idarəsinə gətirmişlər. Bundan sonra Rövşənin sərxoşluq vəziyyəti yoxlanılarkən narkotik istifadə etdiyi müəyyən olunmuşdur. Bununla da Şəxs İXM-in 510, 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini qismən etiraf edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Ş.İ.Xətai prospektində özünə aid olmayan dostunun qardaşına aid ** VZ *** dövlət qediyyat nişanlı Mersedes E 200 markalı avtomobili idarə edərkən YPX-nin polis əməkdaşları ona saxla işarəsi vermişlər. Həmin vaxt o, qorxduğu üçün ehtiyat edərək avtomobili saxlamamış, yaşadığı evin qarşısında saxlayıb polis əməkdaşlarından qaçmışdır. Bu zaman o, polis əməkdaşlarının onun üzərinə gəldiyini görüb, ürəyi xəstə olduğu üçün nəsə edəcəklərindən qorxub ucadan qışqırmış və tabesizlik etmişdir. O, qışqırarkən polis əməkdaşlarına ürəyinin xəstə olduğunu, onu çox sıxmamaqlarını bildirmişdir. Dha sonra onu polis əməkdaşları şöbəyə gətirmiş, orada sərxoşluğu müayinə edilərkən narkotik istifadə etdiyi məlum olmuşdur. O, narkotik istifadə etməmiş, sadəcə səhhətində olan problemlərə görə narkotik tərkibli dərmn içmişdir. Sonda o, himayəsində İ qrup anası olduğunu, ürəyi xəstə olduğunu, əməlindən peşman olduğunu nəzərə alıb barəsində yüngül inizbati tənbeh verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində AMP aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinn 03 iyun 2023-cü il tarixli № 955 rəyindən görünür ki, Şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş İnzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldna görünür ki, Şəxs həmin tarixdə 16:45-də tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(125)-437/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətaıar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 300 manat məbləğində inzibati cərimə edilmişdir. Elektron Məhkəmə Sistemindən məlum olur ki, Şəxs barəsində bir il ərzində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nin ƏYPXBnın YPX inspektoru polis baş serjantı Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-ci il tarixdə saat 16:15 dəqiqədə 6281 çağırışı patrul avtomobili ilə Gəncə şəhəri Ş.İ.Xətai prospektində xidmətdə olan zaman Mersedes Benz E 200 markalı ** VZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkətdə olan zaman həmin avtomobilin dövlət qeydiyyat nömrə nişanına müdaxilə olunmasını görüb həmin avtmobilə saxla işarəsi vermişlər. Həmin avtomobilin sürücüsü sonradan adı polisə məlum olan Şəxs tabesizlik göstərərək avtomobili saxlamamış, onlar köməyə PPX əməkdaşlarını çağırmışlar. Şəxs binanın arşısında avtomobili saxlayaraq, düşüb qaçmaq istəmiş, lakin PPX əməkdaşı sonuncunu saxlamışdır. Həmin vaxt Rövşən ucadan səs-küy salaraq müqavimət göstərmiş, fiziki güc tətbiq edərək Rövşəni polis şöbəsinə aparmışlar. Orada Rövşənin narkotik vasitə və spirtli içki təsiri altında olması şübhəsi yarandığı üçün narkoloji müayinədən keçirmişlər və müayinə zamanı onun sidiyində narkotik vasitə AMP aşkar edilmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 xx.xx.2023-ci il tarixdə saat 16:15 dəqiqədə 6281 çağırışı patrul avtomobili ilə Gəncə şəhəri Ş.İ.Xətai prospektində xidmətdə olan zaman Mersedes Benz E 200 markalı ** VZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkətdə olan zaman həmin avtomobilin dövlət qeydiyyat nömrə nişanına müdaxilə olunmasını görüb polis əməkdaşları ona saxla əmri vermiş, lakin o, polisin saxla əmrinə tabe olmayaraq qaçıb, binanın qarşısında avtomobili saxlayıb binaya girmişdir. Daha sonra polis əməkdaşları onu binada tutmaq istədikdə o, səs-küy salaraq polisə müqavimət göstərmiş, onu fiziki güc tətbiq edərək tutub polis idarəsinə gətirmişlər. Məhkəmə iclasında şahid kimi dindirilmiş PPXT-nin polis nəfəri polis baş serjantı Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən 6033 saylı DYP-nin əməkdaşı efirə çıxaraq Abbas Səhət ərazisinə kömək istəmiş, dərhal həmin əraziyə yaxınlaşmışlar. Adı sonradan onlara məlum olan Şəxs DYP əməkdaşlarına tabesizlik göstərərək onların qanuni tələbinə tabe olmamış, müqavimət göstərib qaçmaq istədikdə, onlar ona fiziki güc tətbiq edərək onu Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə təhvil vermişlər. Rövşən binanın blokuna qaçmış, onlar sonuncunu saxlamış, həmin vaxt Rövşən səs-küy salaraq onlara tabesizlik etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri, şahidləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-nin 510, 206 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 510-ci maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin narkotik vasitə istifadə etməsi, beləliklə İXM-in 510, 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün qismən etirafedici izahatı, şahidlərin izahatları, barəsində tərtib edilmiş protokol ilə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in üç müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə, İXM-nin 206-cı maddəsi ilə inzibati tənbeh almış Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması da məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati həbs müddəti başa çatdıqdan sonra o, müalicənin həyata keçirilməsi üçün ixtisaslaşmış müalicə müəssisəsinə təhvil verilməli və narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar