Məhkəmə qərarları › İş №3(125)-1099/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1099/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1099/2024 15.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlu, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisinin xx.xx.2024-cü il tarixli İXP6082041 saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayəti məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisinin xx.xx.2024-cü il tarixli İXP6082041 saylı inzibati xəta haqqında haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 06 mart 2024-cü il tarixdə Bakı şəhərindən yaşadığı Gəncə şəhərinə qayıdarkan, Bakı-Qazax yolunun 280-ci km.də Yevlax rayonu ərazisində Dövlət yol polisi əməkdaşları onun idarə etdiyi **-ST-*** qeydiyyat nömrəli Mersedes markalı avtomobilə saxlama işarəsi vermişdir. Avtomobili saxlamış, saxlamanın səbəbini soruşduqda adını bilmədiyi DYP əməkdaşı sual vermişdir ki, sənədləriniz qaydasındadırmı? O da, sənədlərinin qaydasında olduğunu, lakin saxlamanın səbəbini soruşmuşdur. Polis əməkdaşı sənədin əslini tələb etmiş, o da demişdir ki, elektron bazada vardır. Polis əməkdaşı planşetdən baxaraq onun barəsində sürücülük vəsiqəsi və s. məlumatları dəqiqləşdirmişdir. Ona bildirmişdir ki, sənin sürücülük koteqoriyana görə sən daha peşəkar sürücüsən. Amma piyadaya yol vermirsən. O da bildirmişdir ki, hanı piyada keçidi və piyada? Polis əməkdaşı da ona demişdir ki, piyada mən. O da demişdirki, Siz bütün günü burda dayanırsınız və bu magistiral yolda keçən hamı Sizin yanınızda saxlamalıdır? Siz axı yol keçmirsiniz, sadəcə asfaltda xəttin üzərində dayanmısınız. Bundan sonra ona bildirmişdir ki, barəsində protokol tərtib edəcək. Həqiqətən də həmin gün barəsindədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1 ci maddəsi ilə nəzərdə tutuimuş qaydaları pozmaqla bağlı İXP6082041 saylı protokol tərtib olunmuşdur. Protokol tərtib olunmasına baxmayaraq heç bir çəkiliş, fotoşəkil əlavə edilməmişdir. Ancaq elektron sistemə vurulduğu andan qərarlı statusu almış, elektron protokol qaydasında elektron sistemə yerləşdirilmişdir. Hesab edirəm ki, barəsində tərtib edilmiş protokol tam olaraq əsassız və qanunsuzdur. Ona görə də ləğv edilməsini tələb edir. Şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi inzibati xəta haqqında protokol inzibati tənbeh verilməsini nəzərdə tutmur, yalnız ehtimal olunan inzibati xəta faktının sənədləşdirilməsindən ibarət olmaqla gələcəkdə inzibati xəta haqqında işə baxılarkən sübut növü kimi istifadə olunur. İnzibati Xətalar Məcəlləsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir (İXM-nin 124.2-124.4-cü maddələri). X2 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu protokol əsasında qəbul ediləcək qərarla razılaşmadığı halda ərizəçinin həmin qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə müraciət etmək hüququ yaranacaqdır. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 19689255 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının tələblərinə əməl etməmə barədə olan inzibati xətanın törədilməsinə görə 36 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X2 şikayətində onun barəsində qərar qəbul edildiyini bildirsə də, xx.xx.2024-cü il tarixli qərarda inzibati xətanın X4 tərəfindən törədilyi və sonuncunun cərimə olunması qərara alınmışdır. Buna görə də xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan barəsində qərar çıxarılmış X3 şikayət vermək hüququ vardır. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə hesab edirəm ki, X2 şikayətində barəsində tərib edilən protokolun nömrəsini qeyd edərək şikayətinə X4 barəsində olan xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarı əlavə etmişdir. Göründüyü kimi X2 qanunda nəzərdə tutulduğu kimi inzibati tənbeh vermə haqqında qərarın yox, heç bir inzibati tənbeh tətbiq etməyən protokolun ləğv edilməsi barədə ərizə vermişdir. İnzibati Xətalar Məcəlləsində protokoldan şikayətin verilməsi və ya protokolun ləğv edilməsi nəzərdə tutulmadığından bu şikayətə baxıla bilməz. O, şikayətinə əlavə etdiyi xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar isə X4 barəsində çıxarıldığından X2 tərəfindən həmin qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Ərizəçi qanunda nəzərdə tutulduğu kimi inzibati tənbeh vermə haqqında qərarın yox, heç bir inzibati tənbeh tətbiq etməyən protokolun ləğv edilməsi barədə ərizə vermişdir. İnzibati Xətalar Məcəlləsində protokoldan şikayətin verilməsi və ya protokolun ləğv edilməsi nəzərdə tutulmadığından bu şikayətə baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisinin xx.xx.2024-cü il tarixli İXP6082041 saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayəti geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar