Məhkəmə qərarları › İş №3(125)-110/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-110/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-110/2025 08.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər 1-ci X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 333-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Gəncə şəhər 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər 1-ci X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında X6 protokolu raport əsasında tərtib etdiyini qeyd edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri Əttarlar küçəsində “Lada Granda” markalı **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kəmər taxmadığı üçün saxlanılmışdır. Daha sonra polis əməkdaşları X1 təqdim etməsini bildirmiş, lakin şəxs sənədləri təqdim etməkdən imtina etmişdir. Bu vaxt polis əməkdaşları şəxsin narkotik vasitələtin təsiri altında olduğuna görə şübhələndiklərini bildirərək onu Narkoloji Dispanserdə yoxlanışa dəvət etmişlər. Keçirilmiş müayinə nəticəsində isə Şəxs sidiyində narkotik vasitə (THC) marixuana aşkar edilmişdir. Daha sonra Ə.Elmar Gəncə şəhər 1-ci Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxışında törətdiyi inzibati xətanı etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. O, həmçinin İİ qrup əlil olmasını, himayəsində üç azyaşlı uşağın olmasını və ailəyə yeganə qazanc gətirən şəxs olmasını bildirərək ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş - 08 yanvar 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan məlum olur ki, Şəxs əməlində CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi əlamətləri olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İXM-in 206-cı və 333-1.1-ci maddələrinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün Gəncə şəhəri 1-ci PŞ-nin İTB-nə göndərilmişdir. -07 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə Gəncə şəhəri Əttarlar küçəsində “Lada Granta” markalı, **- YD-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 08 yanvar 2025-ci il tarixli 23 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. - 07 yanvar 2025-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi” protokolundan görünür ki, müayinə nəticəsində Şəxs sidiyində narkotik vasitə (THC) aşkar edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs narkotik vasitə istifadə edərək və nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə edərək Azərbaycan Respublikası İXM-in 206 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və digər sənədlərlə tam şəkildə sübuta yetirilir və onun törətdiyi əməl həmin maddəyə düzgün tövsif olunmuşdur. Buna görə də X2 İXM-in 206 və 333-1.1-ci maddələri ilə təqsirli bilinib tənbeh olunmalıdır. Məhkəmə araşdırması zamanı , Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 333-1.1-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in müxtəlif maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, himayəsində 3 uşağın olmasını və 2-ci qrup əlil olması onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində daha ciddi xətaya, yəni İXM-in 206-cı maddəsində nəzərədə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə İXM-nin 206-cı maddəsi çərçivəsində 400 (dörd yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar