Məhkəmə qərarları › İş №3(125)-1102/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1102/2023

06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1102/2023 06.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Laçın rayonunun, Ərikli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Laçın rayonu, Ərikli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs uca səslə nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X5 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə uca səslə nalayiq ifadələr işlətmiş, ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və həmin vaxt ictimai qaydanı pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, protokolda qeyd edilənlərin heç biri həqəqətə uyğun deyil. Belə ki, o, oğlu ilə birlikdə taksi ilə Goranboy rayonundan Gəncə şəhərinə maşın zapçastı almaq üçün gəlmişdir. Taksi sürücüsü Gəncə şəhərində yol patrul maşının yaxınlığında maşını saxlayaraq düşmüş, daha sonra onun polis əməkdaşı ilə mübahisə elədiyini görüb o və oğlu da maşından düşmüşdür. Bu zaman o telefonu cibindən çıxaran zaman polis əməkdaşı ona yaxınlşaraq onu videoya çəkdiyini soruşmuşdur. O isə onu vidoeya çəkmədiyini bildirmişdir. Polis əməkdaşı telefonu alaraq baxış keçirmiş və həqiqətən də onu videoya çəkmədiyini görmüşdür. Daha sonra polis əməkdaşı ona polis bölməsinə aparmışdır O, heç bir müqavimət göstərmədən polis idarəsinə getmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirdi ki, xx.xx.2023cü il tarixdə iki nəfər qonşusu onun maşınına əyləşərək Gəncəyə getmək istədiklərini bildirmişdir. O da onları Gəncə şəhərinə aparan zaman əvvəl tanıdığı yol patrul xidmətinin əməkdaşını görərək maşını saxlamışdır. Daha sonra maşından düşərək yol patrul xidməti əməkdaşı ilə ona qarşı düz hərəkət etməməsi ilə bağlı söhbət etmişdir. Bu zaman Şəxs da maşından düşmüşdür. Daha sonra polis əməkdaşları onları şöbəyə gətirmişdir. Şəxs heç kimlə mübahisə etməmiş söyüş söyməmişdir. Polis əməkdaşarının tələbinə tabe olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nin ƏYPXB-nin YPX baş inspektoru polis kapitanı X6 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olan zaman əvvəllər tanımadığı **-CD-*** nömrəli onun yanında saxlamış və sürücüsü ona yaxınlaşaraq bir neçə gün əvvəl guya ondan rüşvət aldığını deyib ona şər və böhtan ataraq nalayiq ifadələr işlətməyə başlamışdır. O ona xidməti faliyyətini pozduğunu deyib ondan uzaqlaşmağı tələb etsə də o öz fikirlərini təkrar səsləndirərək ümumilikdə DYPnin şəxsi heyətinin ünvanına nalyiq ifadələr səsləndirdi. O, ona bu hərəkətlərini yığışdırmağı əks halda barəsində tədbir görəcəyini bildirdikdə onun nəqliyyat vasitəsindən enən X1 Şahid qoşularaq xidməti fəaliyyətini pozamağa davam edib uca səslə nalayiq ifadələr işlətməyə başladı. O onların tabesizlik göstərdiyini görüb hadisə yerinə PPX çağırmış və onların köməyi ilə aidiyyəti üzrə 2-ci polis şöbəsinə təhvil vermişlər. O, ümumiyyətlə Şəxs barəsində raportla müraciət etməmişdir. Şəxs ona müqavimət göstərməmiş, onun faliyyətinə maneə olmamış və nalayiq ifadə işlətməmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, N.Gəncəvi prospektində ictimai qaydanı pozaraq, polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş (videogörüntü, və s.), şahid izahatlarında da bu fakt təsdiq edilməmiş və məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, həm barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatından, həm də məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin izahatlarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, N.Gəncəvi prospektində Şəxs ictimai qaydanı pozmamış, hər hansı səs-küyə səbəb olmamışdır. Belə olan vəziyyətdə onun tərəfindən İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilmədiyi müəyyən olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, həm barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatından, həm də məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin izahatlarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, N.Gəncəvi prospektində Şəxs polisin qanuni tələbinə tabe olmuş, heç bir tabesizlik göstərməmişdir. Belə olan vəziyyətdə onun tərəfindən İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilmədiyi müəyyən olunur. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar