Məhkəmə qərarları › İş №3(125)-1105/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1105/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1105/2023 21.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli EQ 14762936 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ 14762936 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixli EQ 14762936 nömrəli qərar çıxarılmışdır. O, bu qərarla razı deyil və qərar ləğv edilməlidir. Belə ki, o, heç bir qayda pozuntusu etməmişdir. Qərarda qeyd edilir ki, guya o, M2.E60.AH5 Bakı-Ələt-Qazax- Gürcüstan yolunun 158-ci kilometrliyində xx.xx.2023-cü il tarixdə saat 12:21-də istifadəsində olan “Daimler Chrysler E200” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolda müəyyən edilmiş hərəkət sürətini 28 km/saat həddində aşmışdır. O, həmin ərazidə məhkəməyə sübut təqdim etmək üçün video-çəkiliş etmiş və qərarda qeyd edilən yolun 158-ci kilometrliyində o, sürət həddini aşmamışdır. Qərara əlavə edilən fotoçəkilişlər yolun 159,5-ci kilometrliyində aparılmışdır, hansı ki, həmin ərazidə heç bir qadağan işarəsi olmamışdır. Əgər çəkiliş yolun 158-ci kilometrliyində olmuş olsa idi, oradaki yanacaq doldurma məntəqəsi də çəkilişə düşməli idi. Ona məlum olmayan səbəbdən hadisə üzrə düzgün araşdırma aparmadan onu inzibati xəta haqqında iş üzrə təqsirli şəxs kimi tanımaqla qeyri-qanuni qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında 29 may 2023-cü il tarixli EQ 14762936 nömrəli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş X2 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli, EQ 14762936 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi və həmin ərazidə olan yol nişanları ilə bağlı görüntüləri özündə əks etdirən DVD diski məhkəməyə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyərək, DVD-diskə baxış keçirərək, şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli EQ 14762936 nömrəli elektron qərardan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə “Daimler Chrysler E200” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 158-ci kilometrliyində hərəkətdə olarkən sürət həddini aşdığına, yəni Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində elektron qaydada inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və hazırkı qərar ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, onun barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə inzibati xəta haqqında işə əlavə edilmiş sənədləri araşdırdıqdan və təqdim edilmiş DVD diskə baxış keçirdikdən sonra belə qənaətə gəlir ki, inzibati xətanın törədildiyi yer inzibati tənbeh vermə haqqında elektron qərarda düzgün qeyd edilməmişdir. Belə ki, sözügüdən qərarda inzibati xətanın Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 158-ci km-də törədildiyi qeyd edilsə də, lakin iş materialları araşdırılan zaman inzibati xətanın Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 159.5-ci km-də qeydə alındığı müəyyən edilmişdir. Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 158-ci km-də sürət limiti 90 km/saat, 159.5-ci km-də isə sürət limiti 110 km/saatdır. Bundan da aydın şəkildə görünür ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 159.5-ci km üçün nəzərdə tutulan yol nişanında qeyd olunan 110 km/saat sürət limitinə əməl edərək saatda 118 km/saat sürətlə hərəkət etmişdir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi mübahisələndirilən qərarın qanuniliyinə və əsaslığına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, X1 həmin tarixdə inzibati xəta törətməsini təsdiq edən mötəbər sübutlar iş materiallarında öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublkası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublkası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X1 barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli, EQ 14762936 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X1 barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli, EQ 14762936 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin. X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar