Məhkəmə qərarları › İş №3(125)-1112/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1112/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1112/2025 16.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, X1, Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DƏMX X2 nümayəndəsi X6 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X2 xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X2 xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində şərti tətbiq edilmiş 1500 (min beş yüz) manat inzibati cərimənin silinməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, DƏMX-nin X2 rəisi X8 xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ilə vəzifəli şəxs kimi İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilib barəsində 1500 (min beş yüz) manat inzibati cərimənin şərti olaraq tədbiq edilməsi haqqında qərar qəbul etmişdir. Ona görə ki, o, Goranboy rayonu Turab Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra edən şəxs kimi xx.xx.2024-cü il tarixli 053 nömrəli əmrlə məktəbin təsərrüfat müdiri X11 Əmək müqaviləsinə Azərbaycan Respublikiası ƏM-nin 73-cü maddəsinin 1-ci bəndinin tələblərini pozmaqla xitam vermişdir. Həmin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərardan görünür ki, barəsində 1500 manat inzibati cərimə şərti olaraq tərtib edilmiş və ona 30 gün vaxt verilərək bildirilmişdir ki, verilən 30 gün müddətində hüquq pozma aradan qaldırılarsa 1500 manat İnzibati cərimə ödənilmir. Bu qərarın və izah məktubunun surəti ona xx.xx.2025-ci il tarixdə şəxsən verilmiş və o, bu qərar və məktubu aldıqdan 15 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə 09 saylı əmrlə hüquq pozmanı aradan qaldırmaqla X11 əmək müqaviləsinə xitam verilməsi barədə özünün xx.xx.2024-cü il tarixli 053 saylı əmrimi ləğv etməklə onun əvvəlki vəzifəsinə işə bərpa olunmasına dair Əmr vermişdir. Hətta bu əmri Neman Eminovun əmək kitabçasına işləməklə, həm əmrin, həm də, əmək kitabçasının surətini DƏMX-nin X3 təqdim etməklə ona şərti tədbiq olunmuş 1500 manat inzibati cərimənin ləğv edilməsini xahiş etmişdir. X5 isə ona xx.xx.2025-ci il tarixli 3-17-5/2- 16462/2025 saylı məktubu ilə cavab vermişdir ki, müraciətdə göstərilən məsələ ilə bağlı, Neman Eminovun işə bərpa olunması ilə bağlı ərizəsinin rəsmi qaydada təsdiq olunmuş surəti təqdim edilməklə müraciət edildiyi təqdirdə icrasına baxılacaqdır, yəni şərti tədbiq edilmiş cərimə silinəcəkdir. O, isə Neman Eminovun hazırda etdiyi cinayət əməlinə görə həbsdə olub cəza çəkdiyini və ondan ərizə almağı qeyri-mümkün olmasını bildirsə də, ona “məsələ ərizədə deyil, hüquq pozmanı vaxtında aradan qaldırsanızda, bu cərimə elektron sistemə işlənmişdir və bu cərimə yalnız məhkəmənin qərarı ilə silinə bilər və Məhkəməyə müraciət edin” deyə bildirmişlər. Bildirir ki, hüquq pozmanı ona verilmiş vaxt ərzində aradan qaldırıb və əmri ləğv edərək Neman Eminovu əvvəlki işinə bərpa etsə də, bu barədə olan sənədləri X3 təqdim etsə də, həmin Şöbə tərəfindən onun barəsində şərti tədbiq edilmiş 1500 manat inzibati cəriməni əsassız olaraq ləğv etməkdən, silməkdən boyun qaçırmaqla və cərimənin ödənməsini ondan tələb etməklə hüquqlarını pozmuşdur. Məhkəmə iclasında X7 çıxışında bildirmişdir ki, hazırda direktor vəzifəsini müvəqqəti icra edir, əmək haqqısı 340 manatdır, tək ailə başçısıdır, öhdəliyində 2 azyaşlı uşağı var, cəriməni ödəməyə imkanı yoxdur. Daha sonra bildirdi ki, qanuna əməl edərək pozuntunu aradan qaldırmış və həmin şəxsi sistem vasitəsi ilə işə bərpa etmiş, lakin o, işə gəlməmişdir. Daha sonradan o, bilmişdir ki, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda onun barəsində cinayət işi vardır. Sonda isə maddi imkanının nəzərə alınmasını və xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında DƏMX X2 nümayəndəsi X12 ifadəsində şikayəti əsassız hesab edərək bildirmişdir ki, direktor və Neman Eminov arasında xx.xx.2024-cü il tarixdə 3 ay 14 gün müddətinə yəni xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi bağlanmış və həmin tarixdə müqaviləyə xitam verilməmiş, avtomatik olaraq müddət xx.xx.2024-cü il tarixə kimi uzadılmışdır. Lakin işə götürən həmin tarixi gözləmədən xx.xx.2024-cü il tarixdə Neman Eminovun işdən azad olunması ilə bağlı əmr vermiş və beləliklə o, ƏM-nin 73-cü maddəsinin 1-ci bəndinin tələbini pozmuşdur. Daha sonra o, bildirmişdir ki, Neman Eminov xx.xx.2024-cü il tarixdə Goranboy rayon Məhkəməsinin qərarı ilə həbs edilmiş və qarşı tərəf onun həbs olunduğuna görə işə gəlmədiyindən əmək müqaviləsinə xitam verdiyini əsas gətirmişdir. Əslində ƏM-nin 74-1-ci maddəsinə əsasən şəxs əgər azadlıqdan məhrum edilmişdirsə işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Lakin şəxs həbsdə olsa da, onun işə bərpa olunması üçün razılıq ərizəsi olmalıdır. Odur ki, X7 şəxsin ərizəsi olmadan işə bərpa olunmasının mümkün olmadığını bildirərək xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, 53 saylı əmrdən görünür ki, Goranboy rayonu Turab Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbin direktor vəzifəsini icra edən X7 tərəfindən həmin məktəbin “təsərrüfat müdiri” vəzifəsində işləyən X11 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. - 26 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Goranboy rayonunda xx.xx.2024-cü il tarixdə X7 tərəfindən X11 əmək müqaviləsinə Azərbaycan Respublikiası ƏM-nin 73.1-ci maddəsinin tələbini pozmaqla xitam verilmişdir. - X14 Xidməti X2 06 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, Goranboy rayonunda xx.xx.2024-cü il tarixdə X7 tərəfindən X11 əmək müqaviləsinə Azərbaycan Respublikiası ƏM-nin 73.1-ci maddəsinin tələbini pozmaqla xitam verilmiş və bununla da, X7 İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. - xx.xx.2025-ci il tarixli 3-17-5/2-C-75/2025-ci il tarixli Goranboy rayon Turab Məmmədov adına Hazırəhmədlii kənd tam orta məktəbin direktor vəzifəsini icra edən Təranə Cəbrayılovaya inzibati qərarın göndərilməsi və göstəriş xarakterli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq iş üzrə icraata başlanılmış və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunaraq xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin məktubda qeyd olunanları nəzərə alaraq X11 əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və nəticəsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X3 rəsmi məlumat verilməsi xahiş olunmuşdur. - Goranboy rayon Məhkəməsinin 4(045)-37/2024 saylı xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X17 CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, xx.xx.2024-cü il tarixli, 53 saylı əmrin ləğv edilməsi və işçi X11 əvvəlki vəzifəsinə işə bərpa edilməsi barədə Təranə Cəbrayılova əmr vermişdir. Beləliklə, məhkəmə tərəflərin izahatına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, şikayətçi barəsində qəbul edilmiş qərarın qanunsuz və əsassız olduğunu şikayətində qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunmalıdır ki, xx.xx.2025-ci il tarixli 3-17-5/2-C-75/2025-ci il tarixli Goranboy rayon Turab Məmmədov adına Hazırəhmədlii kənd tam orta məktəbin direktor vəzifəsini icra edən T. Cəbrayılovaya inzibati qərarın göndərilməsi və göstəriş xarakterli məktubunun icrası ilə bağlı şikayətçi Təranə Cəbrayılova xx.xx.2024-cü il tarixli 53 nömrəli əmri ləğv edərək xx.xx.2025-ci il tarixdə işçini əvvəlki vəzifəsinə işə bərpa olunması haqqında yeni əmr imzalamışdır. Yəni şikayətçi törətdiyi pozuntunu qəbul edərək barəsində qəbul edilmiş inzibati qərarla razılaşmış və pozuntunu aradan qaldırmışdır. Bundan başqa məhkəmə hesab edir ki, şikayətçinin ərizəsində göstərdiyi şərti inzibati cərimənin silinməsi Gəncə Şəhər Məhkəməsinin səlahiyyətinə aid olmadığından bununla bağlı şikayətçi müvafiq dövlət orqanına (X14 Xidmətinin Gəncə X10ə) müraciət etməli, müraciət baxılmamış saxlanılarsa, şikayətçi bununla bağlı inzibati məhkəmədə cərimənin silinməsinin orqanın üzərinə öhdəlik qoyulması ilə bağlı iddia qaldırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X7 tərəfindən X11 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozaraq xitam verməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X5 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələbinin pozulması kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X2 xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1500 (min beş yüz) manat miqdarında cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X2 xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar