Məhkəmə qərarları › İş №3(125)-1113/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1113/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1113/2025 23.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Gəncə şəhər prokurorluğunun nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, Şəxs (VÖEN: **********, ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 64) (bundan sonra Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Rauf Gözəlov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 13 mart 2025-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC xeyrinə və maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi – direktoru X4 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) barədə bildiriş əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən baş direktor vəzifəsini icra etdiyi Gəncə şəhəri, Heydər Əliyev prospekti 64 ünvanında yerləşən Şəxs MMC-də X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həkim mama-ginekoloq vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Məhkəmə iclasında Gəncə şəhər prokurorunun köməkçisi, X8 Şəxs MMC tərəfindən əmək müqaviləsi olmadan X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həkim mama-ginekoloq vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilərək MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini və buna görə də Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X1 şəhər prokurorluğunun “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 13 mart 2025-ci il tarixli qərarı ilə razı olmadıqlarını, MMC-nin ginekoloq həkimlərinin olduğunu, MMC-nin X7 əmək müqaviləsindən kənar işlərə cəlb etmədiyini bildirmişdir. X11 əvvəllərdə əmək müqaviləsi ilə klinikada işləmişdir. Hazırda klinika onunla yenidən xx.xx.2025-ci il tarixdən əmək müqaviləsi bağlamış və o, hazırda MMC-də işləyir. X11 MMC-yə yeni gətirilmiş ginekoloji aparat barədə klinikada çalışan ginekoloqlara təlim keçmək üçün bir-iki dəfə MMC-yə gəlmişdir. Amma heç bir xəstəni həkim kimi müayinə və müalicə etməmişdir. Belə olan halda X11 ilə Şəxs MMC arasında əmək müqaviləsindən kənar əmək münasibətlərinin mövcud olması faktı öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək, bildirdi ki, 2020-ci il tarixdən Gəncə şəhərində yerləşən Şəxs MMC-nin icraçı direktoru vəzifəsində çalışır. X7 həkim-ginekoloq kimi tanıyır, əvvəllər də X11 əmək müqaviləsi ilə klinikada işləmişdir. Hazırda onunla klinika arasında xx.xx.2025-ci il tarixdən etibarən əmək müqaviləsi bağlanmış və o, klinikada həmin tarixdən etibarən həkim-mama-ginekoloq vəzifəsində çalışır. X11 region üzrə “Feminift” ginekoloji aparat barədə məlumatı olan həkim olduğuna görə dəqiq xatırlamadığı tarixdə klinikada çalışan ginekoloqlara həmin aparat haqqında təlim keçmək üçün bir ya da iki dəfə klinikaya gəlmişdir. Qeyd edilən tarixlərdə X11 heç bir xəstəni həkim kimi müayinə və müalicə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək, bildirdi ki, Ağstafa Rayon Mərkəzi X10 Şəxsdə və müxtəlif özəl klinikalarda əmək müqaviləsi ilə fəaliyyət göstərmişdir. Təxminən 2022-ci ilin sonundan 2023-cü ilin martına qədər Şəxs MMC-də əmək müqaviləsi ilə işlədiyini, sonralar isə işlərinin çoxluğu ilə bağlı klinika ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdən yenidən klinika ilə onun arasında əmək müqaviləsi bağlanmış və o, klinikada həkim-mama-ginekoloq kimi fəaliyyətə başlamışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Şəxs MMC-də fəaliyyət göstərməmişdir. O, dəqiq xatırlamadığı tarixdə bir-iki dəfə “Feminift” ginekoloji aparatı barədə klinikada çalışan ginekoloqlara məlumat vermək üçün Şəxs MMC-yə gəlmişdir. O, həmin vaxtlarda klinikada xəstə qəbul etməmiş və əmək müqaviləsindən kənar klinikada fəaliyyət göstərməmişdir. Məhkəmə proses iştirakçılarının çıxışını və şahidlərin ifadəsini dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri və DVD diskdə olan görüntüləri obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən (№ 27DVDU0000902, əvvəlki 27DVDU0000901) görünür ki, X11 Şəxs MMC-də xx.xx.2023-cü il (əvvəlki: xx.xx.2022) tarixdən müddətsiz əmək müqaviləsi ilə (həkim-ginekoloq) əlavə iş yeri kimi işə qəbul edilmişdir. İnzibati xəta haqqında iş materiallarına məhkəmədə baxılarkən X6 Şəxs MMC-də əmək müqaviləsi olmadan əmək münasibətlərinə cəlb edilməsi ilə bağlı mötəbər sübutlara rast gəlinmədi. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Gəncə şəhər prokurorluğu inzibati icraat zamanı araşdırma apararkən işin hallarına düzgün hüquqi qiymət vermədən, X12 ilə Şəxs MMC arasında əmək münasibətlərinin mövcud olması, həmin şəxsin MMC tərəfindən işə cəlb edilməsi və bununla da İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qənaətinə gəlmişdir. Halbuki, məhkəmə iclasında araşdırılan sübutlardan görünür ki, həmin şəxs rəsmi olaraq Ağstafa Rayon Mərkəzi X10 Şəxsdə və xx.xx.2025-ci il tarixdən isə həm də Şəxs MMC-də işləyir və qeyd edilən MMC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həkim kimi işə cəlb edilməsi halları sübuta yetirilməmişdir. Yəni həmin vaxt onunla MMC-nin arasında əmək münasibətlərinin olmasını təsdiq edən mötəbər sübut olmadığından qeyd edilən fakt öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən əmək qanunvericiliyinin pozulmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən hüquqi şəxsin əməlində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması öz təsdiqini tapmır. Belə olan halda məhkəmə qeyd edir ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığı halda inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinə də istinad etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarında göstərilir ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olubolmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə Şəxs MMC ilə X11 arasında qeyd edilən tarixdə əmək münasibətlərinin olması faktı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Gəncə şəhər prokurorluğu Şəxs MMC tərəfindən fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsi və həmin MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmiş və Şəxs MMC barəsində əsassız inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, X11 ilə Şəxs MMC arasında qeyd edilən tarixdə əmək münasibətlərinin mövcud olması sübuta yetmədiyindən MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar əsasında qeyd edilən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs MMC ilə X11 arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək əmək münasibətlərinin mövcudluğunu təsdiq edən mötəbər sübutlar olmadığından, Şəxs MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXMin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar